Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1687/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olan gündən, xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1971-ci il tarixdə Şəmkir rayonu Zəyəm kənd təsərrüfat maşınqayırma zavodunda frezləyici şagird kimi başlamış, xx.xx.1975-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1975-ci ildə həmin zavodun mexaniki sexində frezləyici, xx.xx.1975-ci ildə 1-ci dərəcəli frezləyici, xx.xx.1975-ci ildə mexaniki sexdə tornaçı(tokar) şagirdi, xx.xx.1976 -cı ildə 1-ci dərəcəli tornaçı, xx.xx.1976-cı ildə təmir bölməsində 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, xx.xx.1977-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə X2 Karxanasında 3-cü dərəcəli tornaçı, xx.xx.1979-cu ildə 4-cü dərəcəli növbətçi çilingər, xx.xx.1979-cu ildə əvvəlki dərəcədə pilopravşik, xx.xx.1980-ci ildə 4-cü dərəcəli palasovşik, 02.07. 1989-cu ildə daş kəsən kombaynda maşınist vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçının xx.xx.1980-ci ildən 4-cü dərəcəli palasovşik, 02.07. 1989-cu ildən daş kəsən kombaynda maşınist vəzifəsində işlədiyi müddət 13 il 6 ay 25 gün edir. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə zərərli və ağır işlər hesab edilmişdir. Həmin işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Odur ki, iddiaçı ona güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onunla "xxxx" ASC-də polosovşik və maşinist işləmiş şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilmişdir, həmin şəxslər xx.xx.1949-cu il təvəllüdlü X4 və xx.xx.1949-cu il təvəllüdlü X1r, bu səbəbdən də ona güzəştli şərtlə əmək pensiyasının təyin edilməməsi əsaslı deyil. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən ümumi iş stajı 25 ildən az (21 il 5 ay 2 gün (xx.xx.1971-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda iddiaçı güzəştli iş stajını müəyyən etmək üçün təqdim etməli olduğu güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair arayışı Mərkəzi Filiala təqdim etmədiyinə görə İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14827,38 manat təşkil edir. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İX ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1993-cü il tarixədək ayrı-ayrı vaxtlarda müxtəlif müəssisələrdə işləmişdir. -işə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, 19 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə X9 maşınqayırma zavoduna frezləyici şagirdi kimi işə qəbul olunmuş, xx.xx.1975-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 19 nömrəli arayışında bildirilir ki, İddiaçı İddiaçı X9 Maşınqayırma Zavoduna ("xxxx") 06 oktyabr 1971-ci il tarixində frezrovşik şagirdi peşəsinə işə qəbul olunmuş, kargüzarlığın qeydiyyat kitabında işçinin işdən çıxma tarixi 04 iyun 1975-ci il göstərilməsinə baxmayaraq həmin tarixdə Əmrlər kitabında işçinin işdən çıxması ilə bağlı Əmr tapılmamışdır, İddiaçı 28 sentyabr 1976-ci il tarixində yenidən "xxxx" zavoduna tokar peşəsinə işə qəbul olunmuş, işçi 22 aprel 1977-ci il tarixdə işdən azad olunmuş, X9 Maşınqayırma Zavodu (indiki adı: "xxxx" ASC) zərərli iş sahəsi təyinatlı olmadığı üçün, İddiaçı işlədiyi müddətdə güzəştli şərtlərlə zərərli iş sahəsində işləməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az (21 il 5 ay 2 gün) olduğuna, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (14827,38 manat) əmək pensiyasının minimum məbləğindən aşağı olmayan (34560,00 manat) pensiya təminatına imkan vermədiyinə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1№-li siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq (1 və 2 №-li) siyahıda göstərilməsi. İlk öncə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi güzəştli peşələri (doğrayıcı qurğu maşinisti və.s) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında əks olunmuşdur. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə (əmək kitabçası, arxiv arayışı və.s) əsasən onun ümumi iş stajının 25 ildən az (21 il 5 ay 2 gün (xx.xx.1971-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) olması müəyyən edilir. Beləliklə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il stajla güzəştli pensiya təyinatı o halda aparıla bilərdi ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1№-li siyahısında qeyd edilmiş olsun. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında qeyd edilmiş müvafiq peşələrdə işləmişdir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələbini ödəmədiyinə görə onun əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1687/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1687/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver