Məhkəmə qərarları › İş №2-1(114)-1687/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1687/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1687/2025 04.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı təhsilalma formasının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı onun Azərbaycan Texnologiya Universitetində “Nəqliyyat mühəındisliyi” ixtisası üzrə təhsil aldığı təhsilalma formasının əyanidən qiyabiyə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Texnologiya Universitetinin xx.xx.2024-cü il tarixli 316 nömrəli əmri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydanın 3.1.1. bəndinə əsasən İddiaçı öz ərizəsi ilə universitetin tələbələri sırasından xaric edilmişdir.

2. İddiaçı təhsilalma formasının əyanidən qiyabiyə keçirilməsi ilə bağlı Azərbaycan Texnologiya Universitetinə etdiyi müraciətə həmin Universitetin xx.xx.2024-cü il tarixli 48- 09-449/07 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 2.15-ci bəndinə əsasən təhsialma formasının dəyişdirilməsi tələbənin ali təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas (ixtisaslaşma) üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyaa keçirilir. Qeyd olunanları nəzərə alaraq onun universitetə qəbul olduğu 2020-2021-ci tədris ilində “Nəqliyyat mühəndisliyi” ixtisasında qiyabi təhsilalma forması üzrə qəbul aparılmadığı üçün təhsilalma formasının dəyişdirilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, universitetin hesabına təhsil haqqı kimi ödədiyi əlavə maliyyə vəsaitinin geri qaytarılması üçün ödənilən məbləğin qəbzi və hesab nömrəsilə bir yerdə ərizə ilə universitetə müraciət etməyi xahiş olunur. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Texnologiya Universitetində “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə təhsil aldığı təhsilalma formasının əyanidən qiyabiyə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə təhsil aldığı Azərbaycan Texnologiya Universitetinə təhsilalma formasının əyanidən qiyabiyə keçirilməsi üçün müraciət etmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixli 48-09-449/07 nömrəli məktubu ilə onun universitetə qəbul olduğu 2020-2021-ci tədris ilində "Nəqliyyat mühəndisliyi" ixtisasında qiyabi təhsilalma forması üzrə qəbul aparılmadığı üçün təhsilalma formasının dəyişdirməsinin mümkün olmadığı bildirilmişdir. İlk öncə bildirir ki, o, hərbi qulluqçudur, N №-li hərbi hissədə baş gizir vəzifəsində çalışır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanununa uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qosunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında" Qanununun 22 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənə qədər olan 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil almaq hüququna malikdirlər. Bildirir ki, o, 2020-ci il tarixdə Azərbaycan Texnologiya Universitetinə əyani əsaslarla qəbul edilmişdir. Yəni, onun universitetə qəbul olduğu vaxt qüvvədə olan qanunvericilik onun qiyabi əsaslarla təhsil almağına icazə vermişdir. Universitetə qəbul olduqdan sonra pandemiya ilə əlaqədar olaraq karantin müddəti olduğu üçün dərslər onlayn qaydada keçirilmişdir. Karantin müddəti bitdikdən sonra o, dərslərə gedə bilməmişdir. Çünki hərbi qulluqçu olduğu üçün işiylə əlaqədar əyani təhsil ala bilmir. Həm də universitetə qəbul olduğu il qüvvədə olan Qanun hərbi qulluqçulara qiyabi təhsil almaq hüququ vermişdir. Həmin ildə Universitetdə qiyabi təhsilalma forması olmasa da, hal-hazırda qiyabi təhsil alma forması mövcuddur.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıqı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

7. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

8. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. O, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, o, hazırda həqiqi hərbi xidmətdə olduğundan və bu əsasla əyani formada təhsil ala bilmədiyindən, cavabdeh də onun təhsilalma formasını əyanidən qiyabiyə dəyişmədiyindən təhsil alması mümkün olmamış, bu əsasla özü Universitetdən xaric olması üçün ərizə yazmışdır. Hazırda Universitetdə təhsil almır. Yay semestrində xaric olduğu üçün yayda yenidən bərpa ilə bağlı ərizə vermək hüququ vardır. Belə bir ərizə ilə yayda cavabdeh Universitetə müraciət edəcəkdir.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

11. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

14. İddiaçı hazırkı tələbində onun Azərbaycan Texnologiya Universitetində “Nəqliyyat mühəndisliyi” ixtisası üzrə təhsil aldığı təhsilalma formasının əyanidən qiyabiyə keçirilməsini xahiş edir.

15. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Texnologiya Universitetinin xx.xx.2024-cü il tarixli 316 nömrəli əmri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydanın 3.1.1. bəndinə əsasən İddiaçı öz ərizəsi ilə universitetin tələbələri sırasından xaric edilmişdir.

16. Göründüyü kimi, İddiaçı öz ərizəsi ilə universitetdən xaric edilmişdir və hazırda tələbə olmamaqla, təhsil almır.

17. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı cavabdeh Universitetin tələbələr sırasından xaric edilmişdir və hazırda təhsil almır, bu halda onun yenidən tələbələr sırasına bərpa edilmədən (təhsil almağa başlamadan) təhsilalma formasının dəyişdirilməsi mümkün deyil.

18. Ona görə də, iddia mümkün sayılmamalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

20. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar