Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1689/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Kamil qızının, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Kamil qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, çoxuşaqlı ana kimi yaşa görə təyin edilmiş müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın yoxlaması zamanı xx.xx.2004-cü il ildən xx.xx.2020-ci il tarixə kimi aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün pensiyası dayandırılmışdır. Halbuki, ona sosial pensiya təyin edilərkən, yəni xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyatının ləğv olunması barədə ərizə ilə 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Lakin vergi xidməti səhlənkarlıq edərək vergi uçotunu xx.xx.2020-ci il tarixdə ləğv etmişdir. Bu səbəbdən sosial müavinəti 2020-ci il tarixdən cavabdeh inzibati orqan tərəfindən dayandırılmışdır. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona müavinət düşürdü. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. İddiaçı Kamil qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, DSMF-nin Goranboy rayon şöbəsi tərəfindən iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Kamil qızına xx.xx.2019-cu il tarixdən müddətsiz yaşa görə sosial müavinət təyin edilərək ödənilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2004-cü il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. İddiaçı Kamil qızının adına xx.xx.2004cü il tarixdən xx.xx.2021-ci il tarixədək “Aktiv” statuslu VÖEN olduğu üçün xx.xx.2019-cu il tarixə münasibətdə iddiaçının yaşa görə müavinət hüququ yaranmamışdır. Beləliklə, İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İş materiallarına Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********560300 nömrəli məktubu, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, “Doğum haqqında” xx.xx.1995-ci il tarixli, XİX-JQ 363331 nömrəli, xx.xx.1987-ci il tarixli, Xİ-JQ 476947 nömrəli və xx.xx.1989-cu il tarixli, Xİİİ-JQ 323686 nömrəli şəhadətnamələrin surətləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********025500 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinin tələblərinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda müavinətlərin ödənişi dayandırılır. Həmin qanunun 12-ci maddəsinə əsasən, bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İddiaçı Kamil qızı yaşa görə sosial müavinət bərpa olması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2004-cü il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edildiyini, bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişinin xx.xx.2020-ci il tarixdən dayandırıldığını qeyd edərək müraciətdən imtina etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sosial müavinətini onun adına aktiv VÖEN olduğu üçün dayandırmışdır. Məhkəmə cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********560300 nömrəli məktubundan görünür ki, İddiaçı Kamil qızının xx.xx.2019-cu il tarixli müraciətinə əsasən onun vergi uçotu xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********025500 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron uçot-məlumat bazasına əsasən vergi ödəyicisi İddiaçı Kamil qızı xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN-lə uçota alınmışdır. Vergi ödəyicisi İddiaçı Kamil qızının (VÖEN **********) xx.xx.2019-cu il tarixli, **********366500 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizəsinə əsasən vergi uçotu ləğv edilmiş və xx.xx.2021-ci il tarixli, **********771600 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında” arayışa əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixdən bərpa olunmuşdur. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli, **********008500 nömrəli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” ərizəsinə əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026cı il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Göründüyü kimi İddiaçı Kamil qızı xx.xx.2019-cu il tarixli, **********366500 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə vergi orqanına müraciət etsə də, vergi uçotu xx.xx.2020-ci il tarixdə ləğv olunmuş və həmin aralıqlarda onun VÖEN-ni mövcud olsa da, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının vergi uçotunun vergi orqanına müraciət etdiyi vaxtda ləğv edilməməsi onun təqsiri ilə bağlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin l hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə iddia tələbinin sosial müavinətin dayandırıldığı tarixdən hazıradək ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixli, **********366500 nömrəli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə vergi orqanına müraciət etməsinə baxmayaraq, vergi uçotu xx.xx.2020-ci il tarixdə ləğv olunduğundan və xx.xx.2021-ci il tarixdə yenidən bərpa olunduğundan, həmçinin “Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmadığından, iddia qismən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Kamil qızına xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Kamil qızına xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1689/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1689/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver