Məhkəmə qərarları › İş №2-1(114)-169/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-169/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-169/2020 29.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçının nümayəndəsi (sədri) İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə İddiaçı “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyi cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi) qarşı artıq hesablanmış debitor borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi) qarşı cavabdeh tərəfindən “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinin borcu kimi göstərilən, qanunsuz hesablanmış 1203,95 manat əsas borc, 466,03 maliyyə sanksiyası olmaqla, ümumilikdə 1669,98 manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı kimi “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyini qeyd etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrihökümət təşkilatıdır və Azərbaycan Respublikasının ərazisini əhatə edir. “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” X1 Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və Birliyin fəaliyyətini tənzimləyir. “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinin məqsədi Ali təhsil məzunları arasında əlaqələr yaratmaq və əməkdaşlığın inkişaf edilməsinə nail olmaqdan ibarətdir. 2019-cu ilin 1-ci rübünün hesabatı verildikdə İctimai Birliyin Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə xx xxxxxxx 2018-ci il tarixə sosial sığorta haqlarından 1203,95 manat, peniya və maliyyə sanksiyasından 466,03 manat borcunun olduğu bildirilmişdir. İctimai birliyinin yarandığı xx.xx.2010-cu il tarixdən hazıradək sadələşdirilmiş vergi bəyannamələrində hər hansı dövriyyə məbləğinin olmaması barədə 12 saylı Vergilər Departamenti tərəfindən göndərilmiş məktubda öz əksini tapmışdır. Belə olan halda birliyinin Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə hər hansı bir borcunun olmaması ortaya çıxır. Hazırda İctimai Birliyinin 1203,95 manat, peniya və maliyyə sanksiyasından 466,03 manat borcunun olduğu, ümumilikdə 1669,98 manat məbləğində borc olaraq göstərilir. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, tərəflərindən xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə sorğu verilmiş, xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sığortaedən “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyi tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara əsasən 2018-ci il 1 oktyabr tarixinə sığortaedənin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna 1203 manat 95 qəpik məcburi dövlət sosial sığorta haqqı, 466 manat 03 qəpik maliyyə sanksiyası (o cümlədən penya) olmaqla, ümumilikdə 1669 manat 98 qəpik borcu yaranmışdır. Hazırda iddiaçının şəxsi hesabında borcunun olduğu görsənir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2019-cu il tarixli məlumatıüzrə yaranmış borc məbləğinin yaranma mənbəyini, həmçinin iddiaçı tərəfindən ödəmələr olunsa da, borcdan heç bir silinmə aparılmaması səbəbi barədə məlumat verə bilməmiş, iddianın rədd edilməsi əsası kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məlumata istinad etmişdir. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onlarla Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında üzləşmə aktı olmuş və borcu tələb etmə, şəxsi hesaba daxil olma kimi səlahiyyətləri Azərbaycan Respublikası Vergilər Nazirliyinə verilmişdir. Odur ki, hazırda iddiaçının şəxsi hesabına müdaxilə səlahiyyəti yoxdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçının borcunun neçənci illər üçün nəzərdə tutulduğu barədə məlumatı yoxdur. İş materiallarına 12 saylı X2 dövriyyə barədə xx.xx.2019-cu il tarixli və müraciətə baxılması barədə xx.xx.2019-cu il tarixli məktubları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarilxi və xx.xx.2019-cu il tarixli məktubları, xx.xx.2019-cu il tarixli hesabdan çıxarışlar, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təsdiqlənmiş surətləri, “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinin şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surəti, əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış və məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2019-cu ilin 1-ci rübünün hesabatı verildikdə İctimai Birliyin Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə xx xxxxxxx 2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 1203,95 manat əsas borcunun və 466,03 manat maliyyə sanksiyası (o cümlədən penya) borcunun olduğu, lakin proqram təminatlarından istifadəyə məhdudiyyət qoyulduğundan həmin borcların hansı dövrdən və hansı təsnifat üzrə yarandığı haqda əlavə məlumat verilməsininmümkünolmadığıbildirilmişdir. Halbuki, iş materiallarında olan 12 saylı X2 xx xxxxxx 2019-cu il tarixli, **********542500 nömrəli məktubundan görünür ki, elektron uçot-məlumat bazasına və şəxsi-hesab vərəqəsi (ŞHV) məlumatlarına əsasən “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinin vergi ödəyicisi kimi uçota alındığı tarixdən (xx.xx.2010-cu il) vergi orqanına təqdim olunmuş Sadələşdirilmiş vergi (SV) bəyannamələrində hər hansı dövriyyə məbləği aşkar olunmamışdır. İş materiallarında olan “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinin şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə hər hansı bir borcu yoxdur. Beləliklə, ictimai birliyin yarandığı xx.xx.2010-cu il tarixdən hazıradək sadələşdirilmiş vergi bəyannamələrində və birliyin şəxsi hesab vərəqəsində hər hansı dövriyyə məbləğinin olmaması öz əksini tapmışdır. Belə olan halda birliyin Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə hər hansı bir borcunun olmaması məlum olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli məlumatda iddiaçının 2013-cü il üzrə 294 manat MDSS haqqı, 5,98 manat maliyyə sanksiyası olmaqla cəmi 299,98 manat, 2014-cü il üzrə 294 manat MDSS haqqı, 20,58 manat maliyyə sanksiyası, 907 manat MDSS haqqı üzrə ödəniş olunması, 319 manat MDSS haqqı, cəmi 26,56 manat, 2015-ci il üzrə 1523 manat MDSS haqqı, 266,4 manat maliyyə sanksiyası olmaqla, cəmi 1496,96 manat, 2016-cı il üzrə 173,07 manat maliyyə sanksiyası olmaqla cəmi 1670,03 manat, 2017-ci il üzrə cəmi 1670,03 manat, xx.xx.2018xx.xx.2018-ci il üzrə cəmi 1669,98 manat borcun olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 2014-cü il üzrə ümumi borc kimi 299,98 manat olması və iddiaçı tərəfindən 907 manat ödəniş edilməsi göstərilsə də 2015-ci il üzrə cəmi 1496, 96 manat pulun hesablanması qeyri-müəyyəndir və məhkəmə iclasında da istər üçüncü şəxs istərsə də cavabdeh hazırkı borcun necə hesablanması barədə məlumat verə bilməmiş, yaranmış qeyri-müəyyənliyi aradan qaldırıran hər hansı sübutu təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 12.1. maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.3. maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli, 1360-VQD nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4. maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına vəödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqlarıüzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqıüzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2-ci maddəsinə əsasən artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən hərəkətsizlik edilməklə 1669,98 manat məbləğində borc üzrə iddiaçı tərəfindən edilmiş ödəmələr nəzərə alınmamış, iddiaçının şəxsi hesabında məbləğ borc kimi qeyd edilmişdir. Hazırkı məhkəmə araşdırmasında da istər cavabdeh inzibati orqan, istərsə də üçüncü şəxs borcun yaranma mənbəyini sübuta yetirə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun; 11.1. maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Odur ki, məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 1669,98 manat borc məbləği iddiaçınınşəxsi hesab vərəqəsindən silinməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Rusiya (Sovet) X7 Azərbaycan Assosiasiyası” İctimai Birliyinə məxsus şəxsi hesab vərəqəsindən 1669,98 (bir min altı yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyi cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar