Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-169/2021 12.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödəniməmiş məbləğinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödəniməmiş məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1992-ci ildə Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə hərbi toplanışa çağrılmış, hərbi xidmət zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1-ci Ordu korpusunun Əlahəddə batalyonunda Şınıx zonasında gedən döyüşlərdə, eləcə də Baş kəndin alınmasında fəal iştirak etmişdir. xx.xx.1992-ci ildə Şınıx zonasında gedən döyüşlərdə ağır yaralandığından xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N saylı hərbi hissədə müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 394 nömrəli qərarı ilə xx.xx.1992-ci ildə aldığı yaralar «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qiymətləndirilmişdir. Bundan sonra əlilliyinin təyin olunması üçün Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyinin poliklinikasında elektron sistem olmadığı üçün ona əlillik təyin olunması məqsədilə sənədləri Daxili İşlər Nazirliyinin poliklinikasından elektron sistemlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə əlilliyi müəyyən edilərək ona ikinci dərəcə əlillik verilmiş və həmin tarixdən etibarən ona əlilliyə görə pensiya təyin edilərək ödənilmişdir. Lakin 2020-ci ilin fevral ayından etibarən əlilliklə bağlı ona ödənilən pensiyanın ödənişi dayandırılmışdır. Qeyd edilən ödənişin dayandırılması barədə ona heç bir rəsmi xəbərdarlıq edilməmiş, eləcə də dayandırılmanın səbəbi ona bildirilməmişdir. DSMF X3 İdarəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ona məxsus olan əlilliyi ilə bağlı müayinə sənədlərinin «Əlillik» Alt Sistemində etibarsız hesab olunması ilə əlaqədar ona ödənilən əmək pensiyasının dayandırılması və artıq ödənilmiş vəsaitlərin büdcəyə bərpa edilməsi barədə İdarəyə tapşırıq vermişdir. Bununla əlaqədar ona pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Lakin ona pensiyasının dayandırılması və ya əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hər-hansı bir qərar təqdim edilməmişdir. Pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatət verərək bildirdi ki, xx.xx.2017-ci il tarixli 88 saylı forma arayış ilə qiymətləndirmə əsasında ümumi xəstəlik səbəbi ilə iddiaçıya ikinci dərəcə üzrə əlillik təyin edilmişdir. Həmin təyinatın etibarlılığına əsasən vətəndaşa əlilliyə görə müavinət təyin olunmuş və əlillik etibarlı olduğu müddət ərzində ödənilmişdir. İddiaçının əlilliyi sonradan aparılan yoxlamalar nəticəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirilməsi əsası ilə etibarsız hesab edilmiş və həmin tərixdən cavabdeh tərəfindən ödənilən müavinətin ödənişi dayandırılmışdır. İddiaçının dəqiqləşdirmə ərizəsini nəzərə alaraq «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarının 5.1-ci bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən hazırki işin ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı cavabdehin üzərinə əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödəniməmiş məbləğinin ödənilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi ünvanı ünvan 1 ünvanında olduğundan və Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 19 saylı regional ərazi filialı) qarşı əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz sayılmaqla onun əlilliyinin bərpa olunması və pensiyasının dayandırıldığı vaxtdan ödəniməmiş məbləğinin ödənilməsi tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-169/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-169/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver