Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1691/2024 03.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 (bundan sonra mətndə - iddiaçı) xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Kəlbəcər rayonu, Kaha kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Üçtəpə kəndində yaşayır. Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 faktiki nikah münasibətlərindən iddiaçı xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində, İddiaçı2 isə xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Qanuni nümayəndə1 AA seriyalı 496971 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 100 nömrəli arayışına əsasən Kəlbəcər şəhərində qeydiyyatda olan Qanuni nümayəndə1, onun ailə üzvləri İddiaçı1 və İddiaçı2 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət ödənilir. İddiaçının atası Qanuni nümayəndə1 ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, övladına – iddiaçıya məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-36/2-Ə-111xx-xx/2023/8186 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası Qanuni nümayəndə2 qeydiyyatı ünvan 1 ünvanında olduğundan, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı tərəf cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı, onun atası və bacısı bu günə qədər çörək pulu almaqda davam edirlər. İddiaçı məcburi Köçkün statusu və onun təsdiq edən vəsiqəni almaq üçün cavabdehə müraciət edərkən faktiki real vəziyəti səlahiyyətli şəxslərə izah etsə də, bildirilmişdir ki, bu vəsiqəni əldə etmək üçün və bu problemi həll etmək üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2043/2024 nömrəli məktubla etirazını təqdim etmiş və etirazda imtina əsaslarını təkrarlamış, əlavə olaraq Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 1-ci, 10-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 1.1-ci, 3.1-ci və 3.3-cü bəndlərinə istinad etməklə qeyd etmişdir ki, X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası Qanuni nümayəndə1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, Kəlbəcər rayonu, Kaha kəndində yaşayış yeri üzrə qeydiyyatdır, iddiaçının anası Qanuni nümayəndə2 qeydiyyatı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq, Qanuni nümayəndə2 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçının anası Qanuni nümayəndə2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və "Gəncə şəhəri" olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının anası Qanuni nümayəndə2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1. Valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun: 3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan hər üç şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AA seriyalı 496971 Qanuni nümayəndə1 Kəlbəcər rayonundan məcburi köçkündür. Cavabdehin hazırkı imtinasının əsası iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası işğal olunmuş rayonda qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı). Beləliklə, hazırkı mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1691/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1691/2024
03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver