Məhkəmə qərarları › İş №2-1(114)-1693/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1693/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1693/2021 31.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”na qarşı iddia ərizəsi ilə 02.07.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı 2-1(112)-1187/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin 01.03.1992-ci il tarixli 3 nömrəli əmrinə əsasən 03.02.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla təmin edilməklə atıcı vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin 02.08.1992-ci il tarixli 129 nömrəli əmri ilə 2-ci bölüyün 3cü tağımının tərkibindən çıxarılaraq minaatan batareyasında, daha sonra isə N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Buna görə də o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 31.08.2021-ci il tarixli 2-1(114)-1693/2021 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası” əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 28.08.2020-ci il tarixli, 11/4235 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 01.07.2019-cu il tarixli 9/2-8990 nömrəli arayışına əsasən İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Həmçinin cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş 17.08.2021-ci il tarixli, 11/3930 nömrəli vəsatətdə qeyd edilmişdir ki, iddiaçı 2020-ci ildə Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya hərbi bilet əvəzi ilə müraciət etmiş, iddiaçının xidməti barəsində araşdırma aparılması mümkün olmadığından Komissiya tərəfindən iddiaçının xidmət dövrünü dəqiq göstərməklə ərizə ilə Mərkəzi Arxivə müraciət etməsi və müvafiq arayışla yenidən komissiyaya müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə də, Komissiya tərəfindən iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmiş, müvafiq sənədlərlə yenidən Komissiyaya müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 27.04.2021-cu il tarixli 9/2-3460 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 01.03.1992-ci il tarixli 3 nömrəli əmrilə İddiaçı 01.03.1992-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq atıcı vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin 02.08.1992-ci il tarixli 129 nömrəli əmrilə 2-ci bölüyün 3cü tağımın tərkibindən çıxarılaraq minaatan batareyasına hesab nömrəsi vəzifəsinə təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin 05.02.1993-cü il tarixli 15 nömrəli əmri ilə yanvar 1993-cü il tarixdə 3 qat əmək haqqı almış minaatan batareyasının şəxsi heyətinin siyahısında onun adı qeyd edilmiş, adının qarşısında “yoxdur” yazılmış, müqaviləni pozduğuna görə N nömrəli hərbi hissə komandirinin 22.02.1993-cü il tarixli 24 nömrəli əmrilə İİ taburun şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan, minaatan batareyasının İ tağımında hesab nömrəsi vəzifəsindən çıxarılmış və 01.11.1992-ci il tarixdən əmək haqqı verilməsi dayandırılmış, N nömrəli hərbi hissə komandirinin 01.03.1993-cü il tarixli 27 a nömrəli əmrilə fevral 1993-cü il tarixdə üç qat əmək haqqı almış minaatan batareyasının şəxsi heyətinin siyahısında onun adı qeyd edilmiş, adının qarşısında “yoxdur” yazılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın mümkünsüz sayılması ilə bağlı cavabdehin vəsatətinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı məhkəmədən əvvəl cavabdehə müraciət etməsə də, Bakı İnzibati Məhkəməsində işə baxılarkən iddiaya qarşı öz münasibətini, etiraz dəlillərini bildirmişdir və bununla da iddianın mümkünlük şərti ödənilmiş hesab olunur. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 01.03.1992-ci il tarixli 3 nömrəli əmrilə 01.03.1992-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq atıcı vəzifəsinə təyin edilmiş, daha sonra hərbi xidmətlə bağlı bağlamış olduğu müqaviləni pozduğuna görə N nömrəli hərbi hissə komandirinin 22.02.1993-cü il tarixli 24 nömrəli əmrilə İİ taburun şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan və vəzifəsindən çıxarılmış, eləcə də sonraki hərbi xidməti barədə məlumat mövcud deyildir. Göründüyü kimi iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamış, müqavilə şərtlərini pozduğuna görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar