Məhkəmə qərarları › İş №2-1(114)-1694/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1694/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1694/2020 30.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qazax rayon filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qazax rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-nin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, əmək kitabçasında nəzərdə tutulmuş stajın, Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş stajın, eləcə də xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək ABZ-də fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək X8 zavodunun Poylu Beton sexində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazax rayonlararası Təssərüfat hesablı ixtisaslaşdırılmış şöbənin Qazax sahəsində fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək heyvandarlıq fermalarına texniki qulluq üzrə çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək ABZ-də fəhlə,xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək X8 zavodunun Poylu Beton sexində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazax rayonlararası Təssərüfat hesablı ixtisaslaşdırılmış şöbənin Qazax sahəsində fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək heyvandarlıq fermalarına texniki qulluq üzrə çilingər, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Ağstafa rayon X1, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 Sazlama İdarəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Qaya” kombinatında işləmişdir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, şöbə iddiaçının hərbi xidmət illərini və əmək kitabçası ilə qeyd edilmiş, yəni 13 il 9 ay müddəti qəbul edir. Arxiv arayışı və məhkəmə qərarı ilə müəyyən edilmiş müddətləri qəbul etmir. Arxiv arayışları və qətnamə ilə müəyyən edilmiş müddəti məhkəmə qəbul etsə şöbə həmin müddətləri sosial sığorta stajı kimi nəzərə alacaq. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2006-cı il tarixədək iddiaçının yaşına görə tələb olunan iş stajı və yaxud xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün pensiya yığım kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -Qazax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 86 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Qazax rayon Kənd Texnika birliyinin xx.xx.1985-ci il tarixli 85 saylı əmri ilə Qazax rayonlararası Təssərüfat hesablı ixtisaslandırılmış şöbənin Qazax sahəsinə fəhlə təyin edilmiş, xx.xx.1989-cu il tarixli 13 saylı əmr ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli 1 saylı əmr ilə xx.xx.1989-cu ildən heyvandarlıq fermalarına texniki qulluq üzrə çilingər təyin edilmiş,xx.xx.1990-cı il tarixli 46 saylı əmr ilə Ağstafa rayon MTT və MİB-yə köçürülmüşdür. -Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-779/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Ağstafa rayon X1 işləməsi faktı və həmin illər üçün sosial sığorta stajı müəyyən edilmişdir. -Ağstafa rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 32 nömrəli məktubundan görünür ki, İddiaçı X8 zavodunun xx.xx.1979-cu il tarixli 12 saylı əmri ilə zavodun Poylu Beton sexinə fəhlə təyin edilmiş, xx.xx.1985-ci il tarixli 33 saylı əmri ilə işdən azad edilmişdir. -İddiaçı məxsus ИT-İ ******* nömrəli xx.xx.1994-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 Sazlama İdarəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Qaya” kombinatında işləmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı yaşına görə tələb olunan iş stajı və yaxud xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün pensiya yığım kapitalının olmaması əsası ilə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın qeyd olunan əsaslara görə iddiaçıya pensiya təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu normadan göründüyü kimi, əmək kitabçası əmək stajını təsdiq etmək üçün yetərli deyildir. Əmək kitabçasında olan məlumatlar yalnız arxiv arayışları ilə təsdiq olunarsa staj kimi qəbul oluna bilər. Deməli, arxiv arayışları stajı təsdiq etmək üçün mötəbər sübutdur. Yalnız əmək kitabçasında göstərilmədiyinə görə bu illərin staj kimi qəbul olunmaması, iddiaçının sosial təminat hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılmasıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə qeyd ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışlarında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə iddiaçının iş stajını təsdiq edən arxiv arayışlarına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək,xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək ümumilikdə 10 il 10 ay sığorta sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arxiv arayışlarını mötəbər sübut kimi qəbul edir. Bundan başqa cavabdeh orqanın nümayəndəsinin apelyasiya instansiyasında verdiyi izahatından da görünür ki, şöbə iddiaçının Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(023)-779/2019 nömrəli qətnaməsi ilə xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək müəyyən edilmiş sığorta stajını qəbul etmir. Qeyd olunmalıdır ki, sözügedən qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir və hazırki iş üzrə preyusidial əhəmiyyət daşıyır. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur və həmin müddət də iddiaçının sosial sığorta stajına hesablanmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək onun 11 il 1 ay 19 gün sığorta stajı və hərbi biletdə isə xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 1 il 11 ay 27 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda arxiv arayışlarında, əmək kitabçasında və hərbi biletində qeyd olunan, eləcə də məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sığorta stajı nəzərə alındıqda onun ümumilikdə 25 il 6 ay 7 gün (10 il 10 ay + 11 il 1 ay 19 gün + 1 il 11 ay 27 gün+1 il 6 ay 21 gün) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989cu il tarixdən xx.xx.1990-cı il tarixədək xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2004cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Qazax rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar