Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1695/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz rayonu Bozalqanlı bələdiyyəsi) qarşı Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə ona Tovuz raypnu, Abulbəyli kəndi ərazisindən satılmış 0,03 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı əsasında Abulbəyli bələdiyyəsinin ərazisindəki torpaq sahəsindən İddiaçı 0.03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
3. Torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.2004-cü il tarixli şəhadətnamə aktına əsasən ayrılmış torpaq sahəsinin sərhədi, ölçüsü yerində müəyyən edilərək İddiaçı təhvil verilmişdir.
4. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 131.000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2004-cü il tarixdə 04 nömrə ilə qeydiyyata alınmışdır.
5. Məhkəmənin sorğusuna Tovuz rayonu Bozalqanlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 0.03 ha torpaq sahəsi haqqında 31 iyul 2004-cü il tarixli Tovuz rayon DYMB idarəsi tərəfindən tərtib olunmuş akta əsasən bələdiyyənin arxiv sənədləri yanmışdır. Ona görə də 17 aprel 2024-cü il tarixli 04 saylı qərarı və əlavə edilmiş sənədlər aşkar edilmədi.
6. İddiaçı həmin torpaq sahəsinin onun adına qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-İ-01xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və ilkin bələdiyyə sənədi 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud deyil.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülmüşdür və sahəsi 303 kv.m təşkil edir. Koordinatları sxemdə göstərilmişdir, islahata dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumatlarına əsasən mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı üzrə tikinti altında olan torpaqlardır. Üzərində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. 2) İddiaçı faktiki istifadəsi kimi göstərilən 303 kv.m torpaq sahəsinin konfiqurasiyası Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən İddiaçı satılmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.03 ha torpaq sahəsinin konfiqurasiyası ilə qismən uyğun gəlir. Lakin Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində koordinatları olmadığından faktiki istifadə edilən torpaq sahəsinin koordinatları ilə uyğun olub-olmadığını təyin etmək mümkün olmamışdır. 3) Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin hərhansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Qeyd: Rəyin tərtib edilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına və kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 4863/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən 2469B və 2468B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud deyil. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə ona Tovuz raypnu, Abulbəyli kəndi ərazisindən satılmış 0,03 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Abulbəyli Bələdiyyəsinin 17 aprel 2004-cü il tarixli 04 saylı qərarına əsasən ona 0,03 ha torpaq sahəsi satılmış, həmin torpaq sahəsinə dair sənədlər tərtib edilmiş, torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin iştirakı ilə ölçülərək ona təhvil verilmişdir. Həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin təşkilat əsassız səbəblər və bəhanələr gətirərək, ona məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın yerləşdiyi Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tovuz rayonu Abulbəyli bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və xx.xx.2025-ci il tarixli qərardadla Tovuz rayonu Abulbəyli bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilməklə, eyni tarixli qərardadı ilə Tovuz rayonu Bozalqanlı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
18. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını iştiraklarını təmin etməmişdir. Məhkəmə iclasda iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayonu Abulbəyli kəndində yərləşən 0.03 ha həyətyanı torpaq sahəsinə yerquruluşu planından çıxarışın verilməsi ilə bağlı xx.xx.2024cü il tarixli ********** nömrəli müraciəti 15 saylı Tovuz Ərazi İdarəsində baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi göstərildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Eyni zamanda, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 İddiaçı məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və ilkin bələdiyyə sənədinin mövcud olub–olmaması barədə (xx.xx.2024-cü il tarixli ********** nömrəli) müraciəti Tovuz Ərazi İdarəsinə daxil olmuş və cavab olaraq bildirilmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü və ilkin bələdiyyə sənədi 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud deyil. İddiaçı tərəfindən Tovuz rayonu, Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən, Tovuz rayonu, Abulbəyli kəndi ərazisində satılmış 0.03 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti Ərazi İdarəsinə daxil olmamışdır. Nəzərə çatdırılır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər arasında Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində koordinatları olmadığından faktiki istifadə edilən torpaq sahəsinin koordinatları ilə uyğun olub-olmadığını və həmin torpaq sahəsinin hüquqi statusu barədə, kateqoriyası, təyinatı, mülkiyyət növü, sərhədləri, yerləşməsi və digər məlumatları əldə etmək mümkün olmamışdır. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə, Abulbəyli bələdiyyəsinin sənədlərinin Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyi, bu əsasdan da Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə İddiaçı torpaq sahəsinin satılması barədə arayış vermək mümkün olmadığı bildirilmişdir. İddiaçı tərəfindən dövlət reyestrində qeydiyyata alınması istənilən 0.03 ha torpaq sahəsinə münasibətdə sərhədlərini (koordinatlarını) və yerinin müəyyən edilməsini təsdiq edən yerququluşu planı (planı və ölçüsü), qeydiyyatın aparılması üçün qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əsilləri və dövlət rüsumunun ödənilməsi barədə sənədlə 15 saylı Tovuz Ərazi İdarəsinə yenidən müraciət ediləcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxıla bilər.
20. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
21. İddiaçının nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı əsasında Abulbəyli bələdiyyəsinin ərazisindəki torpaq sahəsindən İddiaçı 0.03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Torpaq sahəsinin təhvil verilməsinə dair xx.xx.2004-cü il tarixli şəhadətnamə aktına əsasən ayrılmış torpaq sahəsinin sərhədi, ölçüsü yerində müəyyən edilərək İddiaçı təhvil verilmişdir. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqısatqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 131.000 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2004-cü il tarixdə 04 nömrə ilə qeydiyyata alınmışdır.
24. İddiaçı həmin torpaq sahəsinin onun adına qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-İ-01xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məxsus həyətyanı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və ilkin bələdiyyə sənədi 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud deyil.
25. Məhkəmə cavabdehin orqanın Tovuz rayonu, Abulbəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü və ilkin bələdiyyə sənədinin 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud olmaması ilə bağlı dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayaraq qeyd edir ki, həmin hallar təkbaşına özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz.
26. Belə ki, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi həmin torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olan və həmin dövrdə bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq qurumun məsuliyyət sferasına aiddir.
27. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan səlahiyyətli icra hakimiyyəti orqanının (hazırkı mübahisədə bələdiyyənin) şəxsə torpaq sahəsinin ayrılması barədə qərarını imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən təftiş etməkdə, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında iddiaçının hüququnu qeydiyyata almaqdan imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
28. Məhkəmənin qənaətinə görə, həmin orqanlar üzərində hər hansı nəzarət səlahiyyəti və funksiyası ilə təchiz olunmayan cavabdeh tərəfindən belə təftişin aparılması həmin orqanların funksional fəaliyyət sferasına və səlahiyyət dairəsinə müdaxilə kimi qiymətləndirilməlidir.
29. Eyni zamanda, məhkəmənin sorğusuna Tovuz rayonu Bozalqanlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 0.03 ha torpaq sahəsi haqqında 31 iyul 2004-cü il tarixli Tovuz rayon DYMB idarəsi tərəfindən tərtib olunmuş akta əsasən bələdiyyənin arxiv sənədləri yanmışdır. Ona görə də 17 aprel 2024cü il tarixli 04 saylı qərarı və əlavə edilmiş sənədlər aşkar edilmədi.
30. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
33. Digər tərəfdən, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.03 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, İddiaçı hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsi GPS ölçü aləti vasitəsi ilə ölçülmüşdür və sahəsi 303 kv.m təşkil edir. Koordinatları sxemdə göstərilmişdir, islahata dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumatlarına əsasən mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələri torpaqları, təyinatı üzrə tikinti altında olan torpaqlardır. Üzərində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur.
34. İddiaçı faktiki istifadəsi kimi göstərilən 303 kv.m torpaq sahəsinin konfiqurasiyası Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarına əsasən İddiaçı satılmış Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.03 ha torpaq sahəsinin konfiqurasiyası ilə qismən uyğun gəlir. Lakin Abulbəyli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində koordinatları olmadığından faktiki istifadə edilən torpaq sahəsinin koordinatları ilə uyğun olub-olmadığını təyin etmək mümkün olmamışdır. Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin hər-hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Qeyd: Rəyin tərtib edilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına və kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.
35. Belə olan halda, iddiaçı tərəfindən torpaq sahəsinin naturada yerini müəyyən edən texniki sənədin cavabdeh inzibati orqana təqdim edilməməsi yuxarıda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
36. Həmçinin nəzərə almaq lazımdır ki, sözügedən 0.03 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. Üzərində ev inşa etmişdir. Hazırda da həmin torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.
37. Göründüyü kimi, iddiaçının adına qeydə alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir.
38. Yəni, iddiaçı təxminən 22 ildır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
39. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
40. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
41. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
43. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
44. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva