Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1696/2023 31.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Dövlət Aqrar Universiteti) dövlət nümunəli diplom blankının universitetə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Tibb İnstitunun "tarix-hüquq" ixtisasının bakalavriat səviyyəsindən ali ixtisas təhsili almışdır. Həmin institutunun 2009-cu il məzunu olaraq, ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qediyyat nömrəli şəhadətnamə ilə notifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx- 1326/15 nömrəli məktubla Universitetə müraciət edərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X2 Tibb İnstitunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun notifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır. Həmçinin İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetində 2016-2017-ci tədris ilində təkrar ali ixtisas təhsili almaq üçün xx.xx.2022-ci il tarixli ərizə ilə universitetə müraciət etmiş, 2016-2017-ci tədris ilindən universitetin 9 sentyabr 2016-cı il tarixli 506 nömrəli əmri ilə qiyabi təhsil formasının "iqtisadiyyat" ixtisası üzrə ödənişli olaraq ikinci kursuna qəbul olunmuşdur. Universitetinin 20 iyul 2020-ci il tarixli 275 nömrəli əmri ilə ADAU-nun "iqtisadiyyat" ixtisasının tədris planının bütün şərtlərini yerinə yetirdiyinə görə, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyadan) müvəffəqiyyətlə keçdiyinə görə, X6 Göstəricisinə uyğun olaraq, X7 Attestasiya Komissiyasının müvafiq qərarına ( 04 iyul 2020-ci il tarixli 88 nömrəli protokol) əsasən, ona "bakalavr" ali-peşə ixtisas dərəcəsi və adi diplom verilməsi haqqında əmr verilmişdir. Daha sonra Universitet xx.xx.2020-ci il tarixli 10-554 nömrəli məktubla Azərbaycan Respublikasının Təhsil Nazirliyinə diplom blanklarının verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla müraciətə imtina olunmuş və ona diplom blankı ayrılmamışdır. İddiaçının ilkin ali təhsil barədə aldığı şəhadətnamə heç bir qurumla mübahisələndirilmir və qanuniliyi aşkardır. Sözügedən şəhadətnamənin qanunsuzluğu ilə bağlı heç bir qanuni qüvvəyə minmiş qətnamə yoxdur. Ərizəçinin aldığı ilkin ali təhsil mübahisələndirilmiş, xarici təhsilinin tanınması və ixtisasının akrreditasiya olunaraq ekvivalentliyinin müəyyən edilməsi mərhələsi başa çatmış, müvafiq şəhadətnamə verilmişdir. Bununla belə, ikinci ali təhsilinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində tələbə qəbulu sessiyasının həyata keçirilməsi zamanı baş tutması faktı ona müvafiq quruma müraciət edərək, diplom blankının təqdim olunmasını xahiş etmək hüququ verir. Çünki ikinci təhsili tamamilə qanunvericiliyin tələblərinə tamamilə uyğun həyata keçirilmişdir və təhsil haqqı onun tərəfindən tədris müddəti ərzində davamlı və gecikdirmə olmadan ödənilmişdir. Təhsil haqqı ödədiyi müddət ərzində ona heç bir irad tutulmamış və ya təhlilinə heç bir məhdudiyyət qoyulmamışdır. Lakin hal-hazırda İddiaçı konstution hüquqları pozulur və təhsili ilə bağlı müvafiq qurumlara müraciət etmək hüquqları məhdudlaşdırılır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək, dövlət nümunəli diplom blankının şəxsən verilməsini xahiş etmişdir. Lakin müraciətə aidiyyəti qurum tərəfindən yox, Azərbaycan Respublikasının Təhdildə X3 tərəfindən cavab verilmişdir. Cavab məktubunda isə müraciətlə bağlı olmayan bir məsələyə müraciət bildirilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Universitet müvafiq qaydalara uyğun xx.xx.2020-ci il tarixli 10-554 nömrəli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2020-ci ildə universiteti bitirmiş məzunlara diplom blanklarının verilməsi üçün müraciət etmişdir. Müraciətə cavab olaraq Nazirlik xxxx-1276/15 nömrəli xx.xx.2020-ci il tarixli məktubla İddiaçı adına xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasında 050362-tarix müəllimi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli Şəhadətnamənin veriməsinə baxmayaraq onun baza diplomunun ölkə ərazisində tanınması haqqında məlumatları Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin müvafiq bazasında çıxmadığını və xx-xx-1326/15 nömrəli xx.xx.2020-ci il tarixli məktubla iddiaçının təqdim etdiyi baza təhsili diplomun dövlət nümünəli olmadığını bildirmiş, bu səbəblərdən də Nazirlik tərəfindən diplom blankının ayrılmasına etiraz edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Universitetin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə təhsil müəssisəsinin funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. ADAU-ti fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəlməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 2010-cu il tarixli, 002705 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır və sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. -surəti işə əlavə edilmiş 2010-cu il tarixli, 003058 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə X1 Tibb İnstitutu tərəfindən verilmiş PHMİ № 000044 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında « tarix müəllimi » ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir. -surəti işə əlavə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2016-cı il tarixli, 506 nömrəli « Təkrar ali ixtisas təhsilinə qəbul haqqında » əmrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı X1 Tibb İnstitutunun bakalavriat səviyyəsini "tarix müəllimliyi" ixtisasının 2009-cu il məzunu, təkrar ali ixtisas təhsili almaq üçün 2016/2017-ci tədris ilindən qiyabi təhsil formasının "iqtisadiyyat" ixtisası üzrə (ödənişli) ikinci kursuna qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Vətəndaş haqqında « Tələbə-məzun » dövlət elektron məlumat sistemindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində əlavə təhsil almışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, P-16884/31-24 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq diplom blankının verilməsi mümkün hesab olunmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı X2 Tibb İnstitunun "tarix-hüquq" ixtisasının bakalavriat səviyyəsi üzrə ali ixtisas təhsili almış və ona 000003 qeydiyyat nömrəli, PHİM ******* nömrəli diplom verilmişdir. Diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qediyyat nömrəli şəhadətnamə ilə notifikasiya olunmuş və onun xarici ali təhsil ixtisası tanınmışdır. Daha sonra iddiaçı qeyd olunan şəhadətnaməyə əsasən 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində əlavə təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx-xx-1326/15 nömrəli məktubla Universitetə müraciət edilərək onun təkrar ali ixtisas təhsili üçün bakalavriat səviyyəsində "tarix-hüquq" ixtisasının 2009-cu il məzunu olmağına dair təqdim etdiyi X2 Tibb İnstitunun 000003 qeydiyyat nömrəli, PHİM 000004 nömrəli diplomun notifikasiyasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 qeydiyyat nömrəli şəhadətnamənin dövlət nümunəli olmadığını bildirmiş, elə bu səbəbdən də Nazirlik tərəfindən iddiaçıya Diplom blankı ayrılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Qeyd edilməlidir ki, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.7-ci maddəsinə əsasən bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşəixtisas dərəcəsidir. -1.0.17-ci maddəsinə əsasən əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. -27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının: 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. -3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş, lakin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2016-cı il tarixli, 506 nömrəli « Təkrar ali ixtisas təhsilinə qəbul haqqında » əmrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, həmin əmrin verilməsinə əsas olmuş sənədlərdən biri də Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 nömrəli Şəhadətnamədir. Deməli iddiaçının xarici ölkədə aldığı təhsillə bağlı diplom cavabdeh tərəfindən tanınmaqla müvafiq şəhadətnamə verilməsinə baxmayaraq, hazırda Azərbaycan Respublikasında almış olduğu təhsillə bağlı imtinada qeyd olunan əsasla diplom blankı verməkdən imtinası əsaslı sayıla bilməz. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Təhsil Nazirliyi tərəfindən verilmiş 003058 nömrəli Şəhadətnamənin mötəbərliliyi ilə bağlı cavabdehə sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Belə olan halda, sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh tərəfindən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2016-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alması ilə bağlı dövlət nümunəli diplom blankının Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1696/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1696/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver