Məhkəmə qərarları › İş №2-1(114)-1697/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1697/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1697/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, «Məmmədli»soyadının dəyişdirilərək «Məmmədova» kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o 2017-ci il tarixdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, universitetə daxil olduqdan sonra xx.xx.2017-ci il tarixdə qısa müddətli Rusiya Federasiyasına getdikləri üçün atası İlqar Məmmədov onun və bacısının soyadını dəyişərək Məmmədli etmişdir. Həmin vaxt yetkinlik yaşına çatmamış, hal-hazırda yetkinlik yaşına çatdığı üçün soyadının Məmmədli əvəzinə Məmmədova olmasını istəyir. Məzun olduqdan sonra magistraturaya sənəd vermək istəyir. Magistraturaya sənəd qəbulu elektron qayda da olduğundan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının informasiya sistemində arayış İddiaçı əvəzinə X1 göstəriləcəyindən sənəd qəbulundan imtina üçün əsas olacaq. Ona görədə Cavabdehnə müraciət edərək «Məmmədli»soyadının «Məmmədova»ya dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə etmiş və məhkəməyə ərizə verərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli 598 nömrəli məktubla məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 957868 nömrəli Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə və cavabdehin xx.xx.2020-ci il tarixli, 509 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə «Məmmədova» soyadını hazırki «Məmmədli» soyadına dəyişdirmiş və yenidən «Məmmədova» soyadına keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar