Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-17/2023 19.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Nurəddin oğlunun və vəkili Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli, 255 nömrəli sərancamı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün iddiaçıya 0,2 ha torpaq sahəsi təhkim edilmişdir. xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin sərəncamı ilə Məmmədov Nurəddin oğluna şənlik evinin tikintisi üçün təhkim edilmiş torpaq sahəsinə icarə müqaviləsi bağlanması üçün ərizəsi, yerli iqtisadi inkişaf daimi komissiyasının təklifinə, Kəpəz Bələdiyyəsinin 18 fevral 2005-ci il tarixli qərarına (Ptotokol 2) əsasən Heydər Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli 255 nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəsinə verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli 255 nömrəli sərəncamının 5-ci bəndində qeyd edilmişdir ki, Kəpəz Bəldiyyəsi ilə torpağa icarə müqaviləsi bağladıqdan sonra tikinti işlərinə başlanıla bilər. 04 yanvar 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı ilə razılaşdırıldıqdan sonra Gəncə şəhəri Tağı Arani küçəsində şadlıq evinin işçi layihəsi "xxxx" MMC (lisenziya № 0154167- Bakı 2005) tərəfindən hazırlanmışdır. Bundan sonra obyektdə 5 il tikinti-inşaat işləri aparılmışdır. xx.xx.2017-ci il tarixdə sənədlər Dövlət Ekspertizası Baş İdarəsinə daxil olmuş və Gəncə şəhəri Tağı Arani küçəsindəki şadlıq evinin işçi layihəsi Memarlıq-İnşaat hissəsi Dövlət Baş Ekspertiza Baş İdarəsi ilə razılaşdırılmışdır. Daha sonra 05 noyabr 2018-ci il tarixdə obyektin istismara hazırlıq aktı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi Elmidar Abdullayev, sifarişçinin nümayəndəsi İddiaçı, podratçının nümayəndəsi Şahin Mənmədov və layihəçinin nümayəndəsi Anar Həsənov tərəfindən imzalanaraq darrəvi mohürləri ilə təsdiqlənmişdir. Nəhayət, 12 fevral 2019-cu il tarixdə tikinti obyektinin istismarına icazə verilmişdir. Qeyd edilən obyektə 2-3 milyon manat pul vəsaiti xərclənmişdir 2010-cu ildən obyekt fəaliyyət göstərir və obyektdə 70 işləyir. Hər il obyektin kommunal xərclərinə-işıq, su, zibil və vergi orqanlarına cəmi 100.000 manat pul ödənilir. İddiaçı sözügedən şadlıq evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ünvanda və həmin sırada onun arvadına mülkiyyət hüququna dair sənəd verilmişdirsə digər tikiliyə çıxarış verilməməsi qanun pozuntusudur. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, əmlak kompleksinə keçirilən müayinə baxışı zamanı tikilinin Gəncə çayının mühafizə zolağında inşa edildiyi (7 metr məsafə) və Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən həmin torpaq sahəsinin dövlət torpağı olduğu aşkar edilmişdir. Həmçinin, təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, tikilidə əsaslı rekonstruktiv dəyişiklik aparıldığı, köməkçi tikililərin layihədə göstərilmədiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqlar nəzərə alınaraq iddiaçının ərizəsinin icrasını təmin etmək mümkün olmamış və ərizənin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli 255 nömrəli sərəncamından görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində şənlik evinin tikintisi üçün 0,2 ha torpaq sahəsinin İddiaçı təhkim edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsi sədrinin xx.xx.2007ci il tarixli, 100 nömrəli sərəncamından görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli 255 nömrəli sərəncamına əsasən şənlik evinin tikintisi üçün təhkim edilmiş 0,2 ha torpaq sahəsinin İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Heydər Əliyev prospekti ilə Tağı Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində yerləşən 0,2 ha torpaq sahəsi İddiaçı 15 (on beş) il müddətinə icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş 12.02 2019-cu il tarixli 01 nömrəli “Tikinti obyektinin istismarına icazə”dən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan bayrağı (keçmiş T.Arani) küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən şadlıq evinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan istifadənin mümkünlüyü nəzərə alınaraq İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 63 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, tərtib olunmuş Gəncə şəhəri Kəpəz bələdiyyəsi ərazisinin xəritəsinə istinadən İddiaçı təqdim etdiyi 0.20 ha mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/33 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinin mövcud vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin texniki parametrləri "xxxx" MMC tərəfindən hazırlanmış və 04 yanvar 2007-ci il tarixdə Gəncə şəhərinin Baş memarı, Dövlət Ekspertizası Baş İdarəsinə razılaşdırılmış eskiz layihə sənədlərinə uyğun olduğu, eyni zamanda həmin əmlak kompleksi Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunaraq şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunmuşdur -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4323 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (İmperial şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. - Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyəti X1 və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, 01/34 nömrəli məktubunda (səhifə 73) Gəncə çayının uzunluğunun 99 km olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsində inşa edilmiş əmlak kompleksi (İmperial şadlıq sarayı) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə sözügedən əmlakın Gəncə çayının mühafizə zolağında inşa edilməsi, Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən həmin torpaq sahəsinin dövlət torpağı olması, həmçinin, təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olması, tikilidə əsaslı rekonstruktiv dəyişiklik aparılması, köməkçi tikililərin layihədə göstərilməməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, sözügedən əmlak kompleksi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Göründüyü kimi sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2006-cı il tarixli 255 nömrəli sərəncamı əsasında iddiaçıya təhkim olunsa da istifadə və ya icarə müddəti göstərilməmiş, müvafiq müqavilə bağlanmamış, eyni zaqmanda bələdiyyə tərəfindən qanunsuz olaraq öz mülkiyyəti kimi iddiaçının icarəsinə verilmişdir. Həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə T.Arani küçəsinin kəsişdiyi ərazidə, Gəncə çayının sağ sahilində İddiaçı Nurəddin oğluna təhkim edilmiş 0.2 ha torpaq sahəsi, habelə həmin sahədə inşa edilmiş əmlak kompleksi (İmperial şadlıq sarayı) Gəncə çayının 200 m-lik mühafizə zonasına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 8-ci bəndində çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrıayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir: uzunluğu 10 km-dək olduqda—50 m; uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m; uzunluğu 50 km-dən 100 km-dək olduqda—200 m; uzunluğu 100 km-dən 200 km-dək olduqda—300 m; uzunluğu 200 km-dən 500 km-dək olduqda—400 m; uzunluğu 500 km-dən artıq olduqda—500 m. Gəncə şayının uzunluğunun 99 km olması və vizual baxış zamanı da qeydə alınması tələb olunan obyektin çaydan təqribən 7-10 metr məsafədə yerləşməsi cavabdehin imtinasının əsaslı olmasını deməyə əsas verir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan əmlakın yerləşdiyi torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada istifadəyə verilmədiyindən, eyni zamanda əmlak Gəncə çayının mühafizə zonasına düşdüyündən cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı əmlak kompleksi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-17/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-17/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver