Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-17/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Kamil oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Kamil oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərarın ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək iddia verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyətinin yoxlanılması yönündə cavabdeh inzibati orqan tərəfindən operativ vergi nəzarəti qaydasında yoxlama həyata keçirilmişdir. Yoxlamanın nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 007056 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7201 saylı qərar qəbul edilmişdir. Nəticədə 14409,90 manat cərimə edilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Belə ki, operativ vergi nəzarəti qaydasında yoxlama keçirilməsi üçün qəbul edilmiş qərar əsaslandırılmamışdır. Hansı ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarları vardır. Bundan başqa mübahisələndirilən qərarda göstərilən hallar həqiqəti əks etdirmir. Halbuki, inzibati orqan inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətlərininin qanuniliyini sübut etməlidir. Lakin cavabdeh orqan bunu etməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı verdiyi etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixli **********7201 nömrəli qərar Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş və sözügedən qərarla 1831.30 manat məbləğində maliyyə sanksiyası olmaqla İddiaçı Kamil oğlu vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində İddiaçı Kamil oğlunun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə aparılmış operativ vergi nəzarəti cavabdehin xx.xx.2022-ci il tarixli **********3910 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarı əsasında həyata keçirilmişdir. **********3910 nömrəli qərarla Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747931 nömrəli «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ndə qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı Kamil oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında (obyektin kodu:**********-23001) xx.xx.2022-ci ildə operativ vergi - nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 18313.04 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən VM-nin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmadığı aşkar edilmiş, VM-nin 58.8.2-ci maddəsinə əsasən belə hala təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün İddiaçı Kamil oğlu barəsində 1831.30 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bu faktla bağlı tərəflərindən xx.xx.2022-ci il tarixli DXV seriyalı 007056 nömrəli «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» akt tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin heç birinin mötəbərliyi təsdiqlənmədiyindən cavabdeh inzibati orqan hesab edir ki, qəbul etdiyi qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Bundan başqa iddiaçının dəlili olan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3910 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarın əsaslandırılmaması ilə bağlı mövqeyi ilə bağlı qeyd olunur ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasıdır. xx.xx.2022-ci il tarixli qərara əlavə edilmiş KY221747931 nömrəli çıxarışda yoxlamanın həyata keçirilməsinin əsası kimi VM-nin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. Cavabdeh inzibati orqan olaraq iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirlməsi ilə əlaqədar mənbəyi bəlli məlumatlar əsasında xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən vergi nəzarət tədbirinin həyata keçirilməsi üçün istinad edilən mənbəyi bəlli məlumatlardan biri iddiaçının uçot baza məlumatlarındakı uyğunsuzluqlar olmuşdur. İddiaçı «Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında» xx.xx.2022-ci il tarixli ərizə təqdim etmiş və vergi tutulan əməliyyatlarını bərpa etdiyini, artıq fəaliyyət göstərdiyini vergi orqanına bəyan etmişdir. Bu o deməkdir ki, iddiaçı vergi tutulan dövriyyəsi ilə bağlı məlumatları vergi orqanına təqdim etməli idi. Lakin 2022-ci ilin İ və İİ rübü üzrə dövriyyə məlumatları olmadan sadələşdirilmiş verginin bəyannamələri təqdim olunmuşdur. Eləcə də iddiaçıya məxsus olan uçot baza məlumatlarında 2022-ci il ərzində fəaliyyəti olmasına baxmayaraq elektron qaimə faktura əsasında mal almamışdır. Bu hal onu sübut edir ki, VM-nin 50.8-ci maddəsindəki göstərilmiş sənədlər əsasında malların alınması ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirməkdə vergi orqanı tam haqlı olmuşdur. İddiaçı tərəfindən 2022-ci il ərzində dövlət büdcəsinə və müvafiq fondlarına (DSMF, İcbari Tibbi Sığorta, İşsizlikdən Sığorta Fondlarına) heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd edilən hallar ona dəlalət edir ki, vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsində tam əsaslara malik olmuşdur. Beləliklə, İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamələr (hesabatlar), «Vergi ödəyiciləri tərəfindən təqdim və əldə edilmiş e-Qaimə fakturalar barədə məlumat» forması, şəxsi hesab vərəqəsindəki məlumatlar, eləcə də xx.xx.2022-ci il tarixli arayış iddiaçı barəsində operativ vergi nəzarətinin təyin edilməsi üçün VM-nin 50.2.2-ci maddəsində əks olunmuş mənbəyi bəlli məlumatlar kimi çıxış etmişdir.İşin yuxarıda qeyd edilən faktiki hallarından, eləcə də hüquqi əsaslarından bəlli olur ki, cavabdeh inzibati orqanın hərəkətləri əsaslı və qanuni olmuş, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə aparılan operativ vergi nəzarəti tədbiri vergi qanunvericiliyinin tələbləri daxilində olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Kamil oğlu iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etiraz ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ndən xx.xx.2022-ci il tarixli KY221747931 saylı çıxarış, «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərar, xx.xx.2022-ci il tarixli DVX seriyalı 007056 nömrəli «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» akt, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********7201 nömrəli qərar və şəxsi hesab vərəqəsi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır. Hazırki iş üzrə məhkəmə tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********3910 nömrəli «Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında» qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixli KY221747931 nömrəli «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarəti tədbiri vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı Kamil oğlunun (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən avtomobil ehtiyyat hissələri mağazasında həyata keçirilmişdir. Vergi orqanı tərəfindən 18313.04 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərin olmadığı aşkar edildiyi əsası ilə İddiaçı Kamil oğlu barəsində 1831.30 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsidir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (maddə 50.1.1-50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. Maddə 50.1.13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları: Maddə 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyət çərçivəsində vergi orqanı kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması keçirməyə haqlıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərarı qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir). Həmin qərarda VM-nin 50.2-ci maddəsində göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, eyni zamanda yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı inzibati iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3910 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Bu da «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinin tələblərinə zidd olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Bundan başqa Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəllənin 50.1.13-cü maddəsinə uyğun olaraq malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, cavabdehin orqanın həyata keçirdiyi operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Hazırkı iş üzrə isə, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 21 iyun 2022-ci ildən 20 iyul 2022-ci ilə olan müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı deyil, həmin nəzarət tədbirinə qədər olan dövr üzrə həyata keçirilmiş əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Belə yanaşma operativ vergi nəzarəti tədbirinin mahiyyətinin təhrif olunması kimi qiymətləndirilməlidir. Bu baxımdan həmin tədbir nəticəsində tədbir anına aid olmayan dövr üzrə vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etməkdə vergi orqanı haqlı sayıla bilməz. Göründüyü kimi vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, 50 manat ekspertiza xərci cavabdeh orqandan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********7201 saylı qərar ləğv edilsin. Ekspertiza xərci cavabdehə aid edilməklə, 50 (əlli) manat məbləğdə pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsindən tululub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-17/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-17/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver