Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-170/2020 16.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) maddi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraqməhkəməaşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən Bakı-Qazax avtomobil yolunun sağ tərəfində 0,12 ha torpaq sahəsində yerləşən mebel satışı mağazasının müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş 405.000,0 manat dəyərinin onun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən Bakı-Qazax avtomobil yolunun sağ tərəfində 0,12 ha torpaq sahəsində yerləşən mebel satışı mağazası onun mülkiyyətindədir, həmin ticarət obyekti Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx xxx 2006-cı il tarixli, 158 saylı sərəncamı əsasında tikinti və şəhərsalma qaydalarına riayət edilməklə tikilmiş, hazırda fəaliyyət göstərir. 2016-2017-ci illərdə cavabdeh A-3/09-5596 və A-3/16-3475 saylı məktublar göndərərək həmin əmlakın “xxxx” ASC tərəfindən həyata keçirilən “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yol tikintisinin altına düşdüyünü, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış planı tərtib olunduqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək ümumilikdə 26272,0 manat kompensassiya hesablandığını və həmin kompensassiyanın xx xxxxx 2016-cı il tarixdə “xxxx” ASC-nin Şəmkir rayon Filialına köçürüldüyünü bildirmişdir. İddiaçı cavabdehə müraciət edərək “müstəqil qiymətləndirici” barədə məlumat verilməsini, qiymətləndirmədə iştirakının təmin edilmədiyini, ona dəyəcək ziyanın 3.000.000 manat civarında olacağını, müəyyən olunmuş kompensassiya məbləği ilə razılaşmadığını, köçürülmüş kompensassiyanı almadığını, iştirakı təmin edilməklə qiymətləndirmənin yenidən aparılmasını xahiş etmiş, lakin cavabdeh xahişinə əməl etməmiş, eyni məzmunlu cavab məktubları göndərməklə kifayətlənmişdir. İddiaçı öz vəsaiti hesabına obyektinin yenidən qiymətləndirilməsini aparmış, “Kristal MM” şirkəti tərəfindən aparılmış qiymətləndirmə zamanı obyektin xx xxxx 2019-cu il üçün dəyərinin 405.000,0 manat olduğu müəyyən edilmişdir. Qiymətləndirmə sənədlərini cavabdehə göndərmiş və qiymətləndirmənin birlikdə aparılmasını, obyektin dəyəri olan 405.000,0 manat məbləğin hesabına köçürülməsini xahiş etmiş, cavabdeh xx xxxxxx 2019-cu il tarixdə qiymətləndirmə barədə mübahisəyə yenidən baxmaqdan və müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş 405.000,0 manat məbləğ ödəməkdən imtina etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadları ilə iş üzrə cavabdeh “xxxx” ASC əsl cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əvəz edilmiş, eləcə də Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, obyektin yola düşən hissəsi alınarsa obyekt ümumilikdə tam yararsız vəziyyətdə olacaq, ona görə də hesab edir ki, obyekt bütövlükdə qiymətləndirilməklə ona kompensasiya ödənilməlidir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yol tikintisinin altına düşmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən kadastr planı və ondan çıxarış planı tərtib olunduqdan sonra dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 48 m2 mağaza-17280 manat, 13.32 m2 talvar-1598.40 manat, 20.4 m2 səki-1224,0 manat, 2.1 m2 pilləkən-252,0 manat, 28.64 m2 daş hasar-1718,4 manat, 10.125 m3 beton döşəmə-1215,0 manat, 407.37 m2 torpaq sahəsinə-2444,22 manat, 30 ədəd dekorativ ağac-540 manat, ümumilikdə 26272,0 manat kompensasiya hesablanmış və həmin kompensasiya xx xxxxx 2016-cı il tarixdə “xxxx” ASC-nin Şəmkir rayon Filialına köçürülmüş, bu barədə iddiaçıya rəsmi məlumat verilmişdir. İddiaçı tərəfindən tələb olunan 405.000,0 manatla razılaşmırlar, çünki iddiaçı alınmaya məruz qalmayan mebel mağazasına görə də kompensasiya tələb edir, lakin həmin mağaza çəkiləcək yolun tikintisi altına düşmür. Həmçinin torpaq sahəsinin yalnız 407.37 m2 hissəsi alınmaya məruz qalır. Üçüncü şəxsin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmlakının alınmasına görə kompensasiya cavabdeh tərəfindən ödənilməlidir, Maliyyə Nazirliyi bu məsələdə cavabdehlik daşımır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-412B KOD 50415038 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Şəmkir rayon X5 xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2006-cı il tarixli 158 nömrəli sərəncamından çıxarışdan görünür ki, Şəmkir rayonu Əliyaqublu kənd sakini İddiaçı məxsus olan və Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində sahibkarlıq xidməti məqsədilə mağaza tikintisinə yolun mərkəzi oxundan 35 metr aralıda olmaq şərti ilə icazə verilmişdir. -“Kristal MM” şirkəti tərəfindən aparılmış xx xxxx 2019-cu il tarixli 009/19 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində Bakı- Qazax avtomobil yolunun sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 405.000,0 manat müəyyən edilmişdir. -“xxxx” MMC tərəfindən aparılmış aprel 2016-cı il tarixli 39 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı məxsus daşınmaz əmlakın yolun təhkim və mühafizə zolağına düşən hissəsinə görə ümumilikdə 26272,0 manat kompensasiya hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, mübahisəli sahəyə iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2, yolun çəkilişi üzrə məsləhətçi təşkilat “İRD ENİNERİNG” şirkətinin nümayəndəsi Ramil Əzizovun və podaratçı “Özgün Yapı” Sənaye və Ticarət şirkətinin əməkdaşlarının iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndinində, Bakı- Qazax avtomobil yolunun sağ tərəfində iddiaçıya məxsus mebel mağazası və mağazanın yol tərəf qarşısında avtomobil ehtiyyat hissələri mağazası mövcuddur. Cavabdeh tərəfindən sökülməsi nəzərdə tutulan ehtiyyat hissələri mağazası hazırda fəaliyyətdə olan yolun orta oxundan 28 metr məsafədə (RİH-nin xx.xx.2006-cı il tarixli sərəncamı ilə 35 metr məsafədə tikilməsinə icazə verilmişdir) inşa edilməklə, təqribən 1 metr hündürlükdə kürsüdən və divarları şüşə pəncərələrdən ibarətdir. Mağazaların qarşısında müxtəlif növdən olan cəmi 22 ədəd ağac var. Baxış zamanı məsləhətçi və podratçı təşkilatın nümayəndələri müvafiq xəritəni, həmçinin çəkilməsi nəzərdə tutulan yolun peyk vasitəsi ilə görüntüsünü təqdim edərək göstərdilər ki, həmin ərazidə əsas və köməkçi yollar inşa olunacaq. Xəritəyə və peyk vasitəsilə görüntüyə baxılan zaman müəyyən edildi ki, avtomobil ehtiyyat hissələri mağazası tamamilə köməkçi yolun altına düşür, mebel mağazası isə köməkçi yolun kənarında qalmaqla, həmin yolun təhkim zolağı mağazanın qərb tərəf küncündən 3 metr, şərq tərəf küncündən isə 13 metr aralıdan keçəcək. İddiaçı çəkilməsi nəzərdə tutulan köməkçi yolun hündürdən çəkiləcəyini və yolun yamacından mebel mağazasının həyətinə yük avtomobillərinin enib-qalxmasında çətinlikər olacağını və nəticədə mağazanın fəaliyyətinin dayanacağını, bu əsasla da cavabdeh tərəfindən mebel mağazasının da dəyərinin ödənilməli olduğunu bildirdi. Müvafiq cihazlarla ölçü işləri aparılaraq müəyyən edildi ki, köməkçi yolun təhkim zolağından yamacın hündürlüyü 80 sm olmaqla, 60 dərəcə bucaq altında olması nəzərdə tutulmuşdur. Yəni yamacın mailliliyi 80 sm hündürküldən 3 metr məsafə boyu olacaq. İddiaçı qeyd olunan mağazaların layihəsini təqdim etsə də, daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə sənədlərin olmadığını bildirmişdir. Beləliklə işin araşdırılması, tərəflərin izahatları və yerli baxış nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus söküləcək 48 m2 mağaza, alınmaya məruz qalmış 407.37 m2 torpaq sahəsi və ağaclar qiymətləndirilmiş və kompensasiya məbləği müvafiq hesaba köçürülmüşdür. İddiaçı müstəqil qiymətləndirici tərəfindən hesablanmış 405.000,0 manat pulun ödənilməsini tələb etməklə tələbinin əsası kimi göstərmişdir ki, 48 m2 mağazadan əlavə 580,30 m2-dən ibarət mebel mağazası da alınmanın təsiri altına düşür. Lakin yerli baxış zamanı həmin hal öz təsdiqini tapmamış, əksinə mağazanın qərb tərəf küncünün köməkçi yolun təhkim zolağından 3 metr, şərq tərəf küncünün isə 13 metr məsafədə qaldığı müəyyən edilmişdir. Məhkəmə həmçinin müstəqil qiymətləndirici “Kristal MM” şirkətinin xx.xx.2019-cu il tarixli rəyinə tənqidi yanaşaraq qeyd edir ki, həmin rəylə hesablanmış 405.000,0 manat məbləğin 208.908,0 hissəsi alınmaya məruz qalmayan mebel mağazasının dəyəridir. Bununla yanaşı cəmi 30 ədəd ağacın dəyərini (9.930,0 manat) hesablayarkən bazar qiymətləri nəzərə alınmadan çox yuxarı qiymətləri əsas götürmüşdür. Məhkəmə yuxarıda qeyd olunanlara, həmçinin iddiaçıya məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə (sahə həyətyanı təyinatlıdır), habelə alınmaya məruz qalmış mağazanın onun mülkiyyətində olmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təklif edilən kompensasiya məbləği ağlabatan və ədalətlidir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun:- 1.1.1-ci maddəsinə əsasən alınma dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarına aiddir. 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 56.1.1-ci maddəsinə əsasən ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. 65.1.5-ci maddəsinə əsasən kompensasiyanın ödənilmə formasından biri kimi “torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi” müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Həmin Məcəllənin 247.4.2 maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi formasında ödənilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-170/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-170/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver