Məhkəmə qərarları › İş №2-1(114)-170/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-170/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-170/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçıcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsi) iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinin Baççısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamına əsasən ona bağçılıq sahəsi kimi ayrılan 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının 1963 saylı xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Gəncə şəhəri keçmiş həftəbazarı ərazisində ona bağçılıq üçün 400 kv.m torpaq sahəsi ayrılaraq verilmişdir. Göstərilən torpaq sahəsi 31 ildirki onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsi ayrılandan sonra o, orada müvəqqəti yaşamaq üçün İcra Hakimiyyətinin köməkliyi ilə iki otaqlı vaqon ev qoymuş, bundan sonra həmin torpaqdan normal istifadə üçün İcra Hakimiyyətinin köməkliyi ilə işıq və su xətti çəkilmişdir. Sonrakı illərdə o, həmin torpaq sahəsi dərədə yerləşdiyi üçün 40 maşından artıq torpaq gətizdirərək oranı səhmana salıb abadlaşdırmış və ağaclar əkmişdir. Sonradan həmin əraziyə gələn əsas yolu düzəldirmiş, ayrılmış torpaq sahəsi çökəklik olduğuna görə əsas yoldan həyətə giriş üçün dalan yolu çəkdirmişdir. Bundan sonra uzun müddət həmin vaqon evdə yaşamışdır. 2000-ci ilin əvvəllərində bağ sahəsinin ətrafındakı torpaqlar həyətyanı torpaq sahələri kimi paylanmağa başlanmışdır. Bundan sonra ona həmin torpaq sahəsinə bitişik 800 kv.m torpaq sahəsini Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 nömrəli qərarı əsasında fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. O, həmin torpaq sahəsinə plan və ölçü sənədi aldıqdan sonra həmin sahədə ev tikdirib 2000-ci ilin əvvəllərindən orada yaşayır. Qanuna əsasən bağçılıq üçün ayrılmış torpaq sahələri vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin qanuna əsasən həmin torpaq sahəsinin mülkiyyətçisi sayılır, ona görə də mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınmalıdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyatı üzrə cavabdehə müraciət edilsə də, müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Birincisi, həmin torpaq sahəsi ona bələdiyyələr yaranmamışdan əvvəl verilmişdir. Bu o deməkdir ki, həmin torpaq bələdiyyənin mülkiyyətinə aid edilə bilməz. Guya onun torpağı ümumi istifadədə olan əraziyə düşmüşdür. Torpağı yaşayış məntəqəsi torpağı əhatəsində yerləşməklə, yalnız həmin ərazidə yerləşən yollar və digər gediş-gəliş yerləri bələdiyyə aid ümumi istifadədə olan torpaq sahələrinə aid edilə bilər. İkincisi, Gəncə şəhər Nizami Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, onun torpaq sahəsi bələdiyyə xəritəsində texniki səhv olaraq ümumi istifadədə olan yol kimi göstərilmişdir. Faktiki olaraq onun sonradan alıb ev tikib hazırda yaşadığı həmin evlə, 1992-ci ildən bağçılıq sahəsi kimi istifadə etdiyi 400 kv.m torpaq sahəsinin arasında özü tərəfindən salınmış dalan yolu vardır. Həmin dalan yolu ümumi istifadədə deyildir, çünki həmin dalandan yalnız o öz evinə və bağçılıq sahəsinə gediş-gəliş üçün istifadə edir. Həmin dalan yolunun yerləşdiyi torpaq sahəsi onun 400 kv.m bağçılıq sahəsinin hüdudları daxilində deyildir. Göstərilənlərə əsasən hesab edir ki, 1992ci ildə ona bağçılıq kimi ayrılmış, 31 il faktiki sahibliyində və istifadəsində olan və mülkiyyətinə aid edilən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə şəhər Nizami bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməmiş və xx.xx.2023-cü il tarixli etiraza uyğun izahat verərək bildirmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizəyə əlavə edilməmiş və faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən yaşayış məntəqəsi torpağında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan (infrastruktur) əraziyə düşdüyü aşkar edilmişdir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxs Gəncə şəhər Nizami bələdiyyəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, iş materiallarında və idarənin elektron arxiv baza məlumatlarında, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamı ilə bağçılıq sahəsi kimi ayrılan 400.0 kv.m torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Bu səbəbdən də aparılan araşdırma zamanı İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsinə istinad edilmişdir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Nizami Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsidir və üzərində tikili və qurğu mövcud deyildir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 700.0 kv.m torpaq sahəsi üzərində, digər hər hansı üçüncü şəxsə verilmiş daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış hüquqmüəyyənedici (çıxarış) sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş və iddiaçı tərəfindən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd kimi təqdim edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 1963 saylı sərəncamından müəyyən olunur ki, İddiaçı bağ yeri üçün həftə bazarı ərazisindən sahəsi 400.0 kv.m olan 24 nömrəli torpaq sahəsi ayrılmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçını iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Həmçinin iddiaçının özünə də məhəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsinin ayrılması və uzun müddət istifadə etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar