Məhkəmə qərarları › İş №2-1(114)-1700/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1700/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1700/2021 15.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və X6) yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 2ikrorayon bina 19, 1 saylı mənzilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İşzibati Məhkəməsinin 01.09.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və 27.10.2021-ci il tarixli qərardadı ilə isə X6 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Tələb onunla əsaslandırılmışdır ki, o, X10 ilə 1993-cü ildə ailə qurmuş və ünvan 2ikrorayon bina 19, mənzil 1-ə gəlin köçmüşdür. Həmin tarixdən bu günə kimi qızı ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd edilən mənzil 29.09.1978-ci il tarixli orderlə qayınanası X2 verilmişdir. Qayınanası 2007-ci ildə, əri isə 2016-cı ildə vəfat etmişlər. Hazırda yaşadığı evə qeydiyyata düşmək istəyir, lakin cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Məhkəmənin şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmənin əvvəlki iclasında iştirak edərək iddianınn təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs qismində cəlb edilmiş X6 isə məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin inştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 29.09.1978-ci il tarixli 799 nömrəli orderin surətindən müəyyən olunur ki, ünvan 2ikrorayon bina 19, mənzil 1 X2 verilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 nömrəli Xidmət Sahəsinin rəisi K.M.Musayev tərəfindən təsdiq edilmiş 16.06.2021-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı 27 ildən artıq müddətdir ki, ünvan 2ikrorayon bina 19, mənzil 1-ə gəlin köçmüş və hal-hardada orada yaşayır. - Cavabdeh 08.07.2021-ci il tarixli, 120-19406B-3221 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən İddiaçı ünvan 2ikrorayon bina 19, mənzil 1-ə qeydiyyata alınmasından imtina edilmişdir. - AZ-İ № 229877 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 15.04.2007-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 30 sentyabr 2021-ci il tarixli 10-387 nömrəli Gəncə şəhəri Baş Polis İdarəsinə ünvanladığı məktubundan müəyyən olunur ki, ünvan 2ikrorayon bina 19, mənzil 1-ə İddiaçı pasport qeydiyyata düşməsinə Birliyin rəhbərliyi etiraz etmir. - ünvan 2ikrorayon bina 19, mənzil 1-də qeydiyyat olmaqla orada yaşayan məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X6 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, onun ünvan 2ikrorayon bina 19, mənzil 1-ə İddiaçı pasport qeydiyyata düşməsinə etiraz etmir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı, X10 ilə 1993-cü ildə ailə qurmuş və ünvan 2ikrorayon bina 19, mənzil 1-ə gəlin köçmüşdür. Həmin tarixdən bu günə kimi qızı ilə birlikdə həmin ünvanda yaşayır. Qeyd edilən mənzil 29.09.1978-ci il tarixli orderlə qayınanası X2 verilmişdir. Qayınanası 2007-ci ildə, əri isə 2016-cı ildə vəfat etmişlər. Hazırda yaşadığı evə qeydiyyata düşmək istəyir, lakin cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Həmçinin müəyyən etmişdir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və qeyd edilən ünvanda qeydiyyatda olmaqla orada hazırda yaşayan X6, İddiaçı ünvan 2ikrorayon bina 19, mənzil 1-ə qeydiyyatda düşməsinə etiraz etmirlər. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi cavabdeh orqan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən yenidən cavabdeh orqana qeydiyyata düşmək ilə bağlı müraciət olunması üçün şərait yaradılmış, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddiaçının ünvan 2ikrorayon bina 19, mənzil 1-ə qeydiyyata düşməsinə etiraz etməməsinə dair cavabdeh orqana məktub ünvanlamış, lakin cavabdeh eyni əsasla iddiaçının müraciətinin icrasında yenidən imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və İddiaçı ünvan 2ikrorayon bina 19, mənzil 1-ə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 29.09.1978-ci il tarixli 799 nömrəli order ilə X2 verilmiş ünvan 2ikrorayon bina 19, mənzil 1-ə qeydiyyata alınması öhdəliyi Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar