Məhkəmə qərarları › İş №2-1(114)-1704/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1704/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1704/2024 23.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsəinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli NZ ******* nömrəli hərbi biletdə onun N saylı hərbi hissənin tərkibində Gəbədəy bölgəsində gedən döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir.

2. İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, Sağ pəncənin İİİ-İV dərəcəli donvurmadan sonrakı vəziyyəti. Barmağın (barmaqların), baş barmaq da daxil olmaqla, birtərəfli qazanılma olmaması. Sağ pəncənin İ-İİ-İİİ-İV barmaqların amputasion güdülü. Yeriş funksiyasının pozulması” diaqnozu ilə xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə naziri Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3055 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 24 №-li əmrində (əsas sıra 80, səhifə 32, əmrdə məlumatın qarşısında “sbor” yazılıb) İV taburun İİİ bölüyünün hərbi qulluqçusu, sürücü, sıravi İddiaçı yanvar 1994-cü il üçün 31 gün üçün əmək haqqı verilməsi barədə məlumat vardır. Bildirilir ki, N nömrəli hərbi hissənin 1994-cü ilə aid şəxs heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin N mart-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və müalicəyə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd olunur ki, N nömrəli hərbi hissənin yaralananların və xəstələrin qeydiyyatı kitabları və N nömrəli hərbi hissənin sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

4. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 2/2-12439 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-3055 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1994-cü il tarixdən sonrakı xidməti, müalicə müəssəsinə getməyi, qayıtmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

5. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 700 nömrəli cavab məktubundan görünür ki, 4-cü MAT-ın əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 48 №-li əmrilə xx.xx.1994-cü il tarixdən getmiş (hərbi hospitala) hesab edilərək ərzaq təminatından çıxarılmışdır. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin 1992-1993-cü il yanvar, mart-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

6. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-7811/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının 0346003AAM3S nörməli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1988-ci ilin fevral ayında könüllü olaraq Vətənin müdafiəsi üçün 1-ci Qarabağ müharibəsinə qatılmışdır. O, döyüşlərə qatılan müddətdən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yarandıqdan sonra N nömrəli hərbi hissədə qulluq etməyə başlamışdır. Rotanın əsgəri kimi iddiaçı ən ağır döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdə olduğu müddətdə iddiaçının barmaqları belə amputasiya edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər onu göstərir ki, cavabdehin hərəkəti ilə etdiyi imtinası tam əsassızdır. İddiaçının hərbi biletində olan qeydləri və əlavə etdiyi arayışlar onun həqiqətən müharibə iştirakçısı olaraq ona müharibə veteranı adının verilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən ona veteran vəsiqəsinin və adının verilməsindən imtina etməsini iddiaçı əsassız və qanunsuz hesab edirəm. O, dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına müharibə veteranı adının və vəsiqənin verilməsinə dair müraciətlər etmiş, lakin ona bildirmişlər ki, onun Müdafiə Nazirliyinin arxivində qulluq etməsi barədə heç bir sənədləri aşkar olunmadığı üçün imtina olunur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə məhkəməyə iddiaya yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsə müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi vacibdir: 1) Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin tərnin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin 13 may 2022-ci il tarixli 4/2-3055 nömrəli arayışna əsasən N nömrəli hərbi hissənin 1994-cü ilə aid şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, hərbi hissə komandirinin N mart-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və müalicəyə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 10 iyun 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli № ******* hərbi bilet; - TSEK-də sonuncu müayinəyə dair xx.xx.2016-cı il tarixli məlumat; - Azərbaycan Respublikası Müdafiə naziri Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3055 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-12439 nömrəli imtina məktubu; - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 700 nömrəli cavab məktubu; - Məhkəmə sorğusuna Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-7811/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

22. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə eteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

23. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 4-cü MAT-ın əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 48 №-li əmrilə xx.xx.1994-cü il tarixdən getmiş (hərbi hospitala) hesab edilərək ərzaq təminatından çıxarılmışdır. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin 1992-1993-cü il yanvar, mart-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun 1992-ci il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır.

25. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

26. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

27. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

30. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.

31. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə Veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

32. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun 1992-ci il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

33. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.

34. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

35. Belə ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının nə hərbi bileti, nə də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.

36. Bundan başqa, İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, Sağ pəncənin İİİ-İV dərəcəli donvurmadan sonrakı vəziyyəti. Barmağın (barmaqların), baş barmaq da daxil olmaqla, birtərəfli qazanılma olmaması. Sağ pəncənin İ-İİ-İİİ-İV barmaqların amputasion güdülü. Yeriş funksiyasının pozulması” diaqnozu ilə xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilsə də, əlillik müddəti bitdikdən sonra ona yenidən əlillik təyin edilməmiş, barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.

37. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar