Məhkəmə qərarları › İş №2-1(114)-1707/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1707/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1707/2022 12.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Tələbin icraya yönəldilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının direktoru Ayazi Paşayevin xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarının ləğv edilməsi, eyni zamanda ona ünvanlı sosial yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti ilə bağlı xx.xx.2020-ci il tarixdən ona ünvanlı dövlət sosial yardım təyin edilmişdir və xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq təyin olunmuş ünvanlı sosial yardım dayandırılmışdır. Bundan başqa DSMF publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının müdiri tərəfindən qərar çıxarılaraq guya ona ödənilmiş 3559.40 manat pulun hesaba ödənilmədiyi əsas gətirilərək qərar icra olunması üçün İcra və Probasiya şöbəsinə göndərilmişdir. Halbuki, ailə vəziyyəti və maddi vəziyyəti nəzərə alınmaqla ona 2020-ci ildə qanuni və əsaslı olaraq ünvanlı sosial yardım təyim edilmişdir və o, xx.xx.2021-ci il tarixədək həmin yardımı alaraq ailəsinə xərcləmişdir. Buna baxmayaraq, DSMF publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı qeyd olunan pulu ondan geri tələb edir, əsas kimi isə ailə tərkibində baş vermiş dəyişiklikləri göstərmişdir. Halbuki, ona ünvanlı sosial yardım təyin edilən vaxtdan sonra ailəsində heç bir dəyişiklik olmamış, maddi vəziyyətində də dəyişiklik olmamışdır. Cavabdehin qeyd olunan qərarı qəbul etməsindən məlumatı olmayıb, yalnız Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ona məcburi gətirilməyi haqqında qərar olması barədə məlumat veriləndən sonra bilmişdir ki, barəsində qərar çıxarılıb və icraya yönəldilib. Ona təyin olunmuş sosial müavinətin bərpa olunması üçün dəfələrlə müraciət etsə də hər dəfə söz veriblər ki, bərpa olunacaq, amma nəticəsi olmayıb, əksinə olaraq 3559.40 manat ödəmə yazılıb. O, Kəlbəcər rayonundan məcburi köçkün düşərək ailəsi ilə Göygöl rayon Üçtəpə kəndində yaşayır, himayəsində 2 azyaşlı uşağı var, həyat yoldaşı işləmir. Ona ilkin sosial yardım təyin edilən vaxtı da maddi və ailə vəziyyəti eyni olub və sonradan da heç bir dəyişiklik olmayıb. Buna baxmayaraq qanunsuz və əsassız olaraq ona təyin olunmuş sosial yardım dayandırılmış, eyni zamanda artıq ödəmə yazılaraq ödətdirilməsi üçün Göygöl rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən regional filialı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 273.80 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin gəlirlərində uyğunsuzluq aşkar edildiyi (ailənin əlavə gəlirimüəyyən edilmişdir) üçün İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2021-ci il tarixdən sosial yardım ödənişi dayandırıldığından aylar üzrə 273.80 manat heç bir əsas olmadan ödənilmiş 3559.40 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “Ünvanlı Yardım” Alt Sisteminin təqdim etdiyi məlumatlara əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 3559.40 manat vəsait təyin edilərək onun “Kapital” bankda olan kart hesabına köçürülmüşdür. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2012-ci il tarixli, AA 255553 nömrəli vəsiqənin surəti; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 355 nömrəli arayışı; - “Nikah haqqında” xx.xx.2016-cı il tarixli, AZ-İİ 022933 nömrəli, “Doğum haqqında” xx.xx.2017-ci il tarixli, AZ-İİİ 801212 nömrəli və AZ-İİİ 801213 nömrəli şəhadətnamələrin surətləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 xx.xx.2022-ci il tarixli, **********3 nömrəli arayışı; - “Məşğulluq haqqında” xx.xx.2022-ci il tarixli, ********** nömrəli arayışın surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarının təsdiqlənmiş surəti; - Göygöl rayon İcra və Probasiya şöbəsinin “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı; Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 273.80 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin gəlirlərində uyğunsuzluq aşkar edildiyi (ailənin əlavə gəlirimüəyyən edilmişdir) üçün İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.6-cı maddəsinin tələbinə görə, sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş ünvanlı dövlət sosial yardımı məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş ünvanlı dövlət sosial yardımı məbləğinin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş ünvanlı dövlət sosial yardımı məbləğinin geri qaytarılması barədə yardım alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar