Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1707/2025 19.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkil olan nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ordu sıralarından ehtiyata buraxılması ilə bağlı əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.2014-cü il tarixli MN ******* nömrəli şəxsi vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0472 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş və N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli Q-85R nömrəli əmri ilə tibb xidməti baş leytenantı hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 01Q nömrəli əmri ilə tibb xidməti kapitanı hərbi rütbəsi verilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli M/V 124465 nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən tibb xidməti polkovnik-leytenantı Ravil Qurbanov xx.xx.2024-cü il tarixdə tibb xidməti kapitanı İddiaçı raportuna əsasən vəsatət qaldırmışdır.
4. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 965 nömrəli cavab məktubunda bildirilmişdir ki, tibb xidməti kapitanı İddiaçı, "Hərbixidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə birinci söhbət aparılmış və söhbət zamanı tibbi müayinəyə ehtiyacı olduğunu bildirmiş, hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən olunması üçün Hərbi Həkim Komissiyasına göndərilməsini istəmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2024-cü il tarixli 5356 nömrəli arayışına əsasən "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Tibb xidməti kapitanı İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq müvafiq qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmişdir, 26 iyul 2024-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinin (öz arzusu ilə) qeyd hissəsini əsas tutaraq təqdimatlar icra edilmədən geri qaytarılmışdır.
5. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 184 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin kursantı, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rezidenti, xx.xx.2022-ci il tarixdən Travmatologiya bölməsinin rəisi vəzifəsində xidmət edir. N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Coşqun Abdullayevin təqdimatından görünür ki, tibb xidməti kapitanı İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş və bu barədə vəsatət qaldırılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışında göstərilmişdir ki, tibb xidməti kapitanı İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 5356 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 484 nömrəli göndərişi ilə xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinn Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Sağlam” olması müəyyən edilmiş və “Hərbi xidmətə yararlıdır” qərarı qəbul edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılması ilə bağlı əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həkim travmatoloq vəzifəsində xidmət edir. Xidmət etdiyi dövrdə nizam-intizamlı hərbi qulluqçu olmuş, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Həmçinin torpaqlarımızın azad olunmasında iştirakına görə müxtəlif medallar ilə təltif edilmişdir. O, 10 illik xidmətini başa vurduqdan sonra xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissəsinin rəisinə raport yazaraq onun Azərbaycan Ordusunda xx.xx.2024-cü il tarixdə kadr zabit olaraq 10 (on) il xidmət müddətinin tamam olması və öz xahişini nəzərə alaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Eyni tarixdə onun raportuna əsasən vəsatət qaldırılmışdır. Lakin, Azərbaycan Repsublikası Müdafiə Nazirliyi tərəfindən hərbi hissənin məxfi hissəsinə məktub göndərilərək bildirilmişdir ki, təqdimat "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə zidd olduğu üçün icra edilmədən geri qaytarılır. Qeyd olunan məktub məxfi hissəyə göndərildiyindən ona rəsmi qaydada təqdim edilməmişdir. Hesab edir ki, qeyd olunan imtina məktubu əsassızdır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
11. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. İddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan isə cavablandırmamışdır.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı və vəkil olan nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2014-cü il tarixli MN ******* nömrəli şəxsi vəsiqə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M/V 124465 nömrəli Müharibə veteranı vəsiqəsi; - xx.xx.2024-cü il tarixli raport; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 965 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 184 nömrəli arayışı; - N nömrəli hərbi hissə koamndiri vəzifəsini icra edən tibb xidməti polkovnikleytenantı Coşqun Abdullayevin təqdimatı; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli 5356 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli 3-25-4/2-6303/24 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tibb xidməti kapitanı İddiaçı, "Hərbixidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə birinci söhbət aparılmış və söhbət zamanı tibbi müayinəyə ehtiyacı olduğunu bildirmiş, hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən olunması üçün Hərbi Həkim Komissiyasına göndərilməsini istəmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının xx.xx.2024-cü il tarixli 5356 nömrəli arayışına əsasən "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. İddiaçı ilə ikinci söhbət xx.xx.2024-cü il tarixdə aparılmış və o, bir daha öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. Bundan sonra müvafiq qərar qəbul olunması üçün onun sənədləri xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmişdir. 26 iyul 2024-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinin (öz arzusu ilə) qeyd hissəsini əsas tutaraq təqdimatlar icra edilmədən geri qaytarılmışdır.
24. Lakin məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni hesab etmir.
25. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 10 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tibbi xidməti kapitanı kimi xidmət edir və öz arzusuna əsasən ehtiyata buraxılmağı ilə bağlı cavabdehə müraciət etmişdir.
26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
27. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. 22-ci maddəsinin ikinci bəndinə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
28. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
29. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanununa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilmişdir: - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə” üzrə: 2.4. 156-cı maddə üzrə: 2.4.1. birinci hissənin “j” bəndinə “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.”; - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: 4.2. 41-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.”;
30. Adıçəkilən Qanunun 6-cı maddəsinə əsasən Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
31. Göründüyü kimi, cavabdeh orqan tərəfindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinin (öz arzusu ilə) Qeyd hissəsi rəhbər tutularaq, tibb xidməti kapitanı İddiaçı öz arzusu ilə Ordu sıralarından - həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat icra edilmədən geri qaytarılmışdır.
32. Halbuki, istinad olunan norma – "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinə əlavə edilmiş Qeyd hissə 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minmişdir, hansı ki, iddiaçının həmin tarixə artıq 10 ildən çox xidmət etməsi öz təsdiqini iş materialları ilə tapmışdır. Belə ki, iddiaçının ehtiyata buraxılması barədə raportla müraciət etdiyi xx.xx.2024-cü il tarixdə (birinci söhbət zamanı həmin söhbət vərəqəsində) onun söhbət aparılan tarixə 11 il 10 ay 10 gün xidmət ilinin olması qeyd edilmişdir.
33. Göründüyü kimi, istinad edilən norma qüvvəyə minənədək iddiaçı 10 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş və ehtiyata buraxılmaq hüququnu qazanmışdır.
34. Məhkəmə qeyd edir ki, iddiaçının ehtiyata buraxılmaq hüququ "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinə edilmiş dəyişiklikdən əvvəl yaranmış, yəni həmin hüququn yaranmasına əsas olan 10 ili dəyişiklikdən əvvəl tamam olmuşdur və edilmiş dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirmişdir. Bu halda onun barəsində vəziyyətini pisləşdirən yeni qəbul olunmuş Qanun normasının iddiaçıya tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir.
35. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır.
36. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
37. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur.
38. Hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə hazırda baxılan məsələyə münasibətdə iki məqsədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək.
39. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının ehtiyata buraxılmaq hüququnun yeni qəbul edilmiş Qanun normasına uyğunlaşdırılması qazanılmış hüquq konsepsiyasına zidd olmuşdur.
40. Həmçinin, sözügedən Qanunun keçid müddəalarında da onun Qanunun qəbulundan əvvəlki münasibətlərə tətbiq edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
42. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını tələb etməkdə haqlıdır və cavabdehin bundan imtinası isə qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.
43. Beləliklə, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı "Hərbixidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə əmr qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva