Məhkəmə qərarları › İş №2-1(114)-1709/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1709/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1709/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy Bələdiyyəsinin ona vurduğu 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə Goranboy Bələdiyyəsinin ehtiyat fondunun alğı-satqı predmeti olan, şəhərin 54-cü kvartalından, kənd təsərrüfatına yarasız torpaq sahəsindən-yolun təsir zonasından kənarda 1000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alğı-satqı qaydasında iddiaçıya satılmış, bununla bağlı 600 (altı yüz) manat torpağın nəzərdə tutulmuş dəyəri X2 hesabına ödənilmişdir. Torpaq sahəsinin Dövlət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən 16 sentyabr 2009-cu il tarixdə 306 nömrə ilə uçota alınaraq ona A 225478 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması məqsədilə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinı müraciət etmiş, lakin satılmış torpaq sahəsinin X3 Kəmərləri Sisteminin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy qolu qaz kəmərinin üzərində və mühafizə zolağında yerləşdiyindən imtina cavabı almışdır. Bununla bağlı müxtəlif iddialarla məhkəməyə müraciət etmiş, lakin iddiaları təmin olunmamışdır. İddiaçı hazırda hesab edir ki, Goranboy Bələdiyyəsinin özünə məxsus olmayan torpaq sahəsini ona satması nəticəsində pulun inflyasiyası ilə bağlı məruz qaldığı 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pul alınaraq ona ödənilməlidir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2007-ci il tarixdən çıxarışın olmaması səbəbindən həmin sahədən istifadə etməmiş, çıxarış verilməsi üçün müfaviq quruma müraciət etmiş, lakin imtina cavabı almış, həmçinin bununla bağlı Gəncə İnzibati- İqtisadi Məhkəməsində iddiası rədd edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş «Torpaqların alğı-satqısına dair» xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İddiaçı Goranboy Bələdiyyəsi ərazisində 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 11 saylı qərar qəbul edilmişdir. Satılmış sahənin dəyəri olaraq 600 manat bələdiyyənin hesabına ödənilmişdir. -işə əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(83)-24/2018 nömrəli qərarından görünür ki, İddiaçı sözügedən torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. -işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 421/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Goranboy Bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzləşdirilmə yolu ilə ayrılıb verilməsi barədə iddiası təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya Goranboy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə Goranboy Bələdiyyəsinin ehtiyat fondundan 1000 kv.m torpaq sahəsi satılmış, iddiaçı həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmaq istədikdə torpaq sahəsindən qaz borusu keçməsi məlum olmuş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-24/2018 nömrəli qərarı ilə müvafiq iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı əvəzləşdirmə qaydasında torpaq sahəsinin ayrılıb verilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-421/2022 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. X1 özünə məxsus olmayan torpaq sahəsini ona satması nəticəsində məruz qaldığı 15000 (on beş min) manat real zərərin və 15000 (on beş min) manat əldən çıxmış faydanın, ümumilikdə 30000 (otuz min) manat pul alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialarından görünür ki, Goranboy Bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 11 saylı qərar qəbul edilmiş və bunun müqabilində İddiaçı tərəfindən Goranboy rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 600 (altı yüz) manat haqq ödənilmişdir. Belə ki, alğı-satqı müqaviləsi üzrə alıcı qismində çıxış edən tərəf (iddiaçı) öz üzərinə düşən öhdəliyi icra edərək pul məbləğini ödəmiş, lakin satıcı (cavabdeh) həmin torpaq sahəsini onun mülkiyyətinə qanunla müəyyən edilmiş qaydada verməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-24/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin 26 fevral 2018-ci il tarixli 29957 nömrəli ekspert rəyi ilə Ağdaş MQKS-nin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Goranboy qolu qaz kəmərinin üzərində və mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində hansı bələdiyyə torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmədiyi qeyd edilmişdir. Həmin torpaqlara neft-qaz sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqları da daxildir. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh inzibati orqandan maddi ziyan tələb etməsi əsaslarını, yəni tələbini əsaslandıran hallara dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsi ona verildikdən sonra torpaq sahəsini qeydə aldırmaq hüququ və imkanı olduğu halda bunu etməmiş, eyni zamanda 2018-ci il tarixdə işə məhkəmədə baxılarkən də məsələ ilə bağlı məlumatlı olmuş, lakin uzun müddət keçdikdən sonra infilyasiya nəzərə alınmaqla kompensasiya tələb edir. Bu hal onu deməyə əsas verir ki, pulun dəyərinin infilyasiya oluna biləcəyini bildiyi halda ödədiyi 600 (altı yüz) manat məbləği bilərəkdən tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği ona Goranboy Bələdiyyəsinə torpaq sahəsi müqabilində ödədiyi 600 (altı yüz) manat həcmində ödənilməlidir. Tələbin əldən çıxmış fayda hissəsi ilə bağlı qeyd olunur ki, iddiaçı məhkəmə iclasında özü etiraf etmişdir ki, həmin sahədən ümumiyyətlə istifadə etməmişdir. Bunu etmədiyi halda, yəni həmin sahədən əvvəllər qazanc götürmədiyi halda onun qazac götürmə ilə bağlı dəlilləri yalnız ehtimallara əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Goranboy Bələdiyyəsindən 600 (altı yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar