Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1709/2024 22.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab etməklə Könüllü bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin koordinatları üzərinə işlənmiş dövlət qeydiyyatının (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarıılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayon Könüllü kəndində daim qeydiyyatdadır və həmin ünvanda yaşayır. İddiaçı Könüllü kəndində kənd təsərrüfatı yönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Eyni zamanda Azərbaycan Respublikası cənab İlham Əliyevin sahibkarlara və kənd təsərrüfatına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir. Bu baxımdan kənd sakini olaraq o, 0.15 ha və 0.69 ha əkinə yararlı torpaq sahəsini Könüllü bələdiyyəsindən almışdır. Lakin sonradan iddiaçı müəyyən etmişdir ki, Könüllü Bələdiyyəsi tərəfindən ona verilmiş torpaq sahəsinin kordinat nöqtələri üzrə digər şəxslərin torpaq sahələrinə aid kordinatlar onun torpaq sahəsinin kordinatlarına işlənmişdir. Başqa şəxslərə verilmiş torpaq sahələri üzrə qeydiyyatın səhv aparılması iddiaçının torpaq sahəsinin kordinatları ilə toqquşmuşdur. Bu, cavabdehin mütəxəssisinin verdiyi mütəxəssisin rəyi ilə müəyən edilir. İddiaçının ərizəyə əlavə etdiyi layihə sənədlərindəndə görünür ki, onun torpaq sahəsinin döngə koordinatları tam sərbəst olmaqla qonşu torpaq sahələrindən sərhədlə tamlanır. Digər şəxslərin koordinat döngə nöqtələrinin iddiaçının torpaq sahəsinin üzərinə işlənməsi əsassızdır. Lakin cavabdehin səhvi ucbatından isə həmin döngə nöqtələri digər torpaq sahələrinə sürüşdürülərək, onun torpaq sahəsiylə üst-üstə düşməsi qanunsuzdur. Belə ki, iddiaçının cavabdehə qarşı qaldırdığı digər iddia tələbi üzrə məhkəmə tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki, onun torpaq sahəsi ilkin layihə sənədlərinə uyğun işlənmişdir. Həmin torpaq sahələri 2014-cü il tarixdə mütəxəssislər tərəfindən ölçülmüş və kadastr layihəsi işlənmişdir. İddiaçı qeyd edir ki, əgər həmin vaxtı layihə sənədlərinin koordinat nöqtələri başqa torpaq sahəsinin döngə nöqtələri ilə toqquşmuş olsaydı, onda layihənin, kadastrın işlənməsi mümkün ola bilməzdir. İddiaçı diqqətə çatdırmaq istəyir ki, onun torpaq sahəsi üzərində digər şəxslərin torpaq sahələrinin koordinat nöqtələrinin üst-üstə düşməsi ilə bağlı aparılmış dövlət qeydiyyatının ləğv edilməsindən imtina edilməsi əsassızdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, iddia tələbində Könüllü Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları üzərinə işlənmiş dövlət qeydiyyatının (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdiyini, lakin tələbdə hansı tarixdə hansı subyektin adına qeydə alınmış qeydiyyatın ləğvi göstərilmədiyindən bu tələbin qeyri-müəyyən olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ləğv etdirmək istədiyi çıxarışın hansı tarixdə hansı subyektin adına qeydə alındığını qeyd etməmişdir.
8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, iddia tələbində Könüllü bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları üzərinə işlənmiş dövlət qeydiyyatının (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, tələbdə hansı tarixdə hansı subyektin adına qeydə alınmış qeydiyyatın ləğvi göstərilmədiyindən bu tələb qeyri-müəyyən olduğu, tələbin dəqiq ifadə edilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
9. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
10. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
11. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva