Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-171/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Çilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı (üçüncü şəxs Tovuz rayon Alakol bələdiyyəsi) torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayonu Alakol kəndində yerləşən 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 646 nömrəli qərarı ilə iddiaçıya səhvən 0.07 ha torpaq sahəsi ayrılmış və sonradan iddiaçının şikayəti əsasında səhvə düzəliş edilərək 0.25 ha torpaq sahəsi və zəbt kimi qeyd olunmuş 0.12 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Torpaq sahəsi həmin dövrdən iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi əkinə yararsız daşlı torpaq sahəsi olmuşdur, onu öz əziyyət ilə təmizləyib yayarlı hala salmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı istifadəsində olan 0.30 ha pay torpaq sahəsinin onun adına qeydə alınmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda onun istifadəsində cəmi 0.37 ha pay torpaq sahəsi var, ondan 0.07 ha hissəsi Dövlət aktı ilə ona verilmiş, qalan hissəyə sənəd verilməmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 0.37 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, aparılan araşdırma zamanı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 646 nömrəli qərarı ilə iddiaçıya 0.07 ha torpaq sahəsi ayrıldığı və həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-646 nömrəli Dövlət Aktı verildiyi müəyyən edilmişdir. Həmçinin iddia edilən torpaq sahəsi bələdiyə mülkiyyətinə aiddir. Üçüncü şəxs Tovuz rayon Alakol bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 08.02. 2018-ci il tarixli, **********80 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 08.02. 2018-ci il tarixli, **********80 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı mülkiyyətində Tovuz rayonu Alakol kəndində JN-730A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.18 ha həyətyanı və JN-646 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 0.07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeyd edilmişdir. -Tovuz RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məktubundan görünür ki, sabiq 1 nömrəli Alakol Toxumçuluq sovxozunda torpaq islahatı aparılan zaman torpaq alacaq subyektlərə pay torpağı normasının verilməsini dürüstləşdirmək məqsədilə həyətyanı sahələrdə ölçü aparılarkən texniki səhv olaraq İddiaçı adına 0.12 ha zəbt topağı qeyd edilmiş və əvəzində onun ailəsinə düşəcək pay torpağı normasından 0.37 ha azaldılmış və ona JN-646 nömrəli Dövlət Aktı ilə cəmi 0.07 ha torpaq sahəsi ayrılmış, sonradan Alakol X1 şikayətindən sonra bu səhvi düzəldərək ona dövlət aktı ilə ayrılmış torpaq sahəsinə bitişik 0.37 ha torpaq sahəsi ölçülüb onun istifadəsinə verilmiş, lakin sənədləşdirilmə işləri aparılmamışdır. -Tovuz rayon Alakol bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 28 nömrəli arayışının məzmunundan görünür ki, bələdiyyə İddiaçı istifadəsində olan 0.12 ha zəbt torpağın və mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə etirazı yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1 nömrəli Alakol Toxumçuluq sovxozunda torpaq islahatı aparılan zaman texniki səhv olaraq İddiaçı adına 0.12 ha zəbt topağı qeyd edildiyindən onun ailəsinə düşəcək pay torpağı normadan az verilmiş və ona JN-646 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə cəmi 0.07 ha torpaq sahəsi ayrılmış, sonradan X3 İslahat Komisiyası bu səhvi düzəldərək ona dövlət aktı ilə ayrılmış torpaq sahəsinə bitişik 0.37 ha torpaq sahəsi ölçülüb onun istifadəsinə verilmişdir. Cavabdeh orqan isə sözügedən torpaq sahəsi ilə bağlı Ərazi idarəsinin arxiv məlumatlarında hər hansı məlumat olmamasını, eləcə də həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki həmin torpaq sahəsinin ölçülüb iddiaçının istifadəsinə verilməsi faktı Tovuz RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müvafiq məktubu ilə təsdiq olunur. Həmçinin Tovuz rayon Alakol bələdiyyəsi sözügedən torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Beləliklə işin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; -daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: -icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı verilmiş Tovuz rayonu Alakol kəndində yerləşən 0.30 ha pay torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-171/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-171/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver