Məhkəmə qərarları › İş №2-1(114)-171/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-171/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-171/2023 12.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş müddət üçün alınmamış əmək pensiyasının fərq məbləğinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2018-ci ilin aprel ayından 2020-ci ilin noyabr ayınadək hərbi qulluqçu kimi keçmiş dövr üzrə ödənilməmiş 3200 manat qalıq pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 16 aprel 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyi təsdiq edilmişdir. Onun müharibə əlilliyi 2018-ci il aprel ayından təsdiq edilməsinə baxmayaraq 2020-ci ilin noyabr ayına kimi pensiyası əvvəlki kimi ikinci qrup mülki əlilliklə ayda 170-230 manat almışdır. İddiaçının 2018-ci ilin aprel ayından 2020-ci ilin noyabr ayına kimi ödənilməmiş qalıq pulunun ona ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına çoxsaylı müraciətlərindən sonra yalnız 2020ci ilin noyabr ayından etibarən iddiaçı müharibə əlili kimi hər ay 472-473 manat pensiya almışdır. Həmin qalıq pulların 4000 (dörd min) manatı ona ödənilmiş, lakin 3200 (üç min iki yüz) manat məbləğində pulun ona ödənilməsindən imtina edilmiş, əsas kimi göstərilmişdir ki, o, müraciətini vaxtında etməmiş, əmək pensiyası təyin olunan şəxsə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İddiaçı bu göstərilənlə razı deyil. Belə ki, o, 2019-cu ildən müraciətlərini etmişdir. Həmçinin iddiaçı hesab edir ki, onun 19 illik əmək stajı tam hesablanmamışdır. Odur ki, onun əmək stajı tam nəzərə alınmaqla ona pensiya təyin edilməli, eləcə də onun 2018-ci ilin aprel ayından 2020-ci ilin noyabr ayına kimi almadığı qalıq pullar, yəni 3200 (üç min iki yüz) manat ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona 2018-ci ildən hərbçi kimi pensiya təyin olunmuşdur, həmin vaxtadək ümumi əsasla pensiya almışdır. Onun pensiya məbləği və ödənilməsinin əvvəli düz hesablanmamışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 30 iyul 2020-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 17 fevral 2020-ci il tarixli MN- 12906 nömrəli məlumat vərəqəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (591.00 manat) 80 faizi - 472.80 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala 8 dekabr 2021-ci il tarixində daxil olmuş müraciəti nəzərə alınaraq əmək pensiyası keçmiş 3 il müddət üçün hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1- 1 və 37.7-ci maddələrinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əmək pensiya üzrə keçmiş müddət üçün hesablanmış 4,440.00 manat fərq məbləğinin 444.00 manat hissəsi xx.xx.2022 xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş, qalan 3,996.00 manat hissəsi isə cavabdehə müraciətiniz nəzərə alınaraq 2022-ci ilin aprel ayında pensiyanın (472.80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla İddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 47.28 manat maddi yardım ödənilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi ilə bağlı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1188 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mütəxəssis rəyinə əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4440,00 manat fərq məbləğinin 444,00 manat hissəsi xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ödənilmiş, qalan 3996,00 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq cari ilin aprel ayında pensiyasının (472,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb, əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilməsi müəyyən edilir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 17 fevral 2020-ci il tarixli MN-12906 nömrəli məlumat vərəqəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (591.00 manat) 80 faizi - 472.80 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala 8 dekabr 2021-ci il tarixində daxil olmuş müraciəti nəzərə alınaraq əmək pensiyası keçmiş 3 il müddət üçün hesablanmış və keçmiş müddət üçün hesablanmış 4440,00 manat fərq məbləği ona ödənilmişdir. İddiaçı isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının fərq məbləğinin düzgün müəyyən edilmədiyini, bu səbəbdən də ona əlavə 3200 (üç min iki yüz) manat fərq məbləğinin ödənilməli olduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). -20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı 30 iyul 2020-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən DSMF-nin Kəlbəcər rayon filialının xx.xx.2020-ci il tarixli məktubundan iddiaçıya əlilliyə görə pensiyanın xx.xx.2020-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş müvafiq məlumat vərəqəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (591.00 manat) 80 faizi - 472.80 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçının Mərkəzi Filiala 8 dekabr 2021-ci il tarixində daxil olmuş müraciəti nəzərə alınaraq əmək pensiyası keçmiş 3 il müddət üçün hesablanmış və keçmiş müddət üçün hesablanmış 4440,00 manat fərq məbləği ona ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən keçmiş müddət üçün pensiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciəti 8 dekabr 2021-ci il tarixində olduğundan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən həmin dövrdən 3 il geriyə əmək pensiyasının fərq məbləği cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı 3200 manat fərq məbləğinin ödənilməli olduğunu iddia etsə də, həmin məbləğin hansı dövrlər üzrə ödənilməli olan fərq məbləği olması ilə bağlı hər hansı əsaslandırma və sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə iddiaçıya ödənilmiş pensiya məbləğinin düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə təqdim edilmiş ekspert rəyində də iddiaçıya keçmiş müddət üçün alınmamış əmək pensiyasının fərq məbləğinin qanunauyğun qaydada hesablandığı müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 100 (bir yüz) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş müddət üçün alınmamış əmək pensiyasının fərq məbləğinin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/1188 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar