Məhkəmə qərarları › İş №2-1(114)-1711/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1711/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1711/2021 25.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 22.01.2021-ci il tarixli **********7541 nömrəli qərarla 49580.36 manat vergi borcunun hesablanması barədə qərar qəbul edilmişdir. Qərarla razılaşmayan İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı **********7541 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektini icarə müqaviləsi əsasında icarəyə götürərək sahibkarlıq fəaliyyəti göstərmiş və həmin obyektdə un və kəpəyin pərakəndə satışı ilə məşğul olmuş, cavabdeh tərəfindən fəaliyyəti tam məhdudlaşdırılana qədər daim kiçik sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdehin 25.11.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən ona məxsus obyektdə operativ nəzarət tədbirinin nəticəsi olaraq 22.01.2021-ci il tarixli **********7541 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı ilə barəsində tətbiq edilmiş 49580,36 manat maliyyə sanksiyası qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün müvafiq qərarın ləğv olunması barədə tərəfindən inzibati orqana şikayətlər olunmuş, lakin 22.01.2021-ci il tarixli **********7541 nömrəli Qərar qanunsuz olmasına baxmayaraq qanuni və əsaslı olduğu bildirilərək dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətin təmin olunmaması barədə qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apelyasiya şurasına şikayət məktubu göndərilmiş, İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurası isə öz növbəsində 45 nömrəli 25.06.2021-ci il tarixli qərarı ilə şikayəti təmin etməmişdir. 49580.36 manat maliyyə sanksiyasının hesablanması tamamilə qanunsuzdur. Vergi Məcəlləsinə əsasən xronometraj metodu ilə müşahidə keçirilərkən vergi orqanı müəyyən etdiyi dövriyyə yalnız vergi ödəyicisinin gələcək dövrdə vergiləri ödəyərkən nəzərə alınmalı olduğu halda, cavabdeh Xronometraj metodu ilə müəyyən olunmuş dövriyyə mənə münasibətdə tamamilə absurd yanaşılaraq əvvəlki dövrlərə də aid edilmişdir. Vergi orqanı müvafiq akt və qərarlarda onun fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti deyil, topdansatış fəaliyyəti olduğunu bildirmiş, lakin heç bir sənədlə bunu sübut etməmişdir. DVX seriyalı 000028 nömrəli aktda isə vergi orqanı yalnız mühasibat uçotu sənədlərinin Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən olunmuş beş illik dövr ərzində saxlanılmasının zəruriliyini qeyd etmişdir. Halbuki aktda qeyd olunanların heç biri vergi orqanının 49580.36 manat maliyyə sanksiyası tətbiq etməsinə əsas vermir. İddiaçı 04.10.2021-ci il tarixli dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 22.01.2021-ci il tarixli **********7541 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin 09.02.2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün «ümumi həkim praktikası sahəsində fəaliyyət» «ixtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadı məmulatlarının pərakəndə satışı» olduğu müəyyən edilmişdir. 25.11.2020-ci il tarixli **********2806 nömrəli qərarla malların vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 26.11.2020-ci il tarixdən 15.12.2020-ci il tarixədək operativ vergi nəzarəti keçirilmiş, Operativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuş, lakin kassa aparatının yaddaş məlumatlarına əsasən 01.01.2020-ci il tarixdən 27.08.2020ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuş, vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, 01.01.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 495803.60/1097=451.96 manat olduğu müəyyən edilmiş, bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığını deməyə əsas verir ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli, beləliklə də, istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə görə istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarətkassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı (Vergilər Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Lakin vergi ödəyicisi İddiaçı tərəfindən 01.01.2020-ci il tarixdən 24.11.2020-ci il tarixədək nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciət edilməmişdir. İddaçının topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olması barədə iddiası ilə bağlı bildiririlmişdir ki, un məhsulunun son istehlakçısı tərəfindən 451.96 manat dəyərində 753 kiloqram (15 kisə) un məhsulunun son istehlak məqsədilə alınması mümkün olmadığı üçün fəaliyyətinin topdansatış kimi qiymətləndirilməsi Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin tələblərinə uyğundur. Topdansatış yaxud pərakəndə satış fəaliyyəti olmasını fərqləndirən əsas cəhət pərakəndə satış zamanı malın istehlak məqsədilə son istehlakçıya satılması, topdansatış zamanı isə malın sonradan təkrar təqdim etmək və yaxud istehsal prosesində istifadə etmək üçün digər vergi ödəyicilərinə təqdim edilməsi baş verir. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Yəni, vergi ödəyicisinin topdansatış, yaxud pərakəndə satış fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq əgər təqdim etdiyi malların dəyərini nağd qaydada alırsa, onda bu zaman nəzarət-kassa aparatı vasitəsilə hesablaşmalar həyata keçirilir. Ona görədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 25.11.2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla (VÖEN **********), Mingəçevir şəhəri, Nizami 21 ünvanında yerləşən İddiaçı məxsus mağazada 26.11.2020-ci il tarixdən 15.12.2020-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və həmin qərar 25.11.2020-ci il tarixli KY201544252 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmışdır. - 15.12.2020-ci il tarixli DVX 000028 seriyalı aktdan görünür ki, cavabdehin 25.11.2020-ci il tarixli **********2806 nömrəli qərarına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mağazada 13.11.2020-ci il tarixdən 18.11.2020-ci il tarixədək aparılmış xronometraj müşahidə zamanı 190 ədəd NKA çeki ilə 2947.7 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 15.51 manat etmişdir (1947.7:190=15.51). Vergi ödəyicisində 01.01.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək 1097 ədəd NKA çeki ilə 495803.6 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 451.96 manat olmuş, bu da malların elektron qaimə-faktura tərtib edilmədən təqdim edilməsi kimi müəyyən edilmişidir. 22.01.2021-ci il tarixli **********7541 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, cavabdeh tərəfindən İddiaçı 49580.36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - İş materialların əlavə edilmiş 15.03.2021-ci il tarixli **********709100 nömrəli qərardan görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 06.01.2021-ci il tarixli şikayətləri təmin edilməmiş, 15.12.2020-ci il tarixli DVX seriyalı 000028 nömrəli «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» akt əsasında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 22.01.2021-ci il tarixli **********7541 nömrəli Qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. - İş materialların əlavə edilmiş 25.06.2021-ci il tarixli 45 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 15 mart 2021-ci il tarixli **********709100 nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. - iş materiallarına əlavə edilmiş Servis Texniki Xidmət X4 Aparatına Texniki – Xidmət Kitabından görünür ki, İddiaçı 291219 qeydiyyat nömrəli kitab verilmiş, həmin kitabda X5 22.02.2020, 26.02.2020, 25.03.2020, 29.03.2020, 18.04.2020, 23.04.2020-ci il və 26.04.2020-ci il tarixlərdə nasazlığın səbəbi kimi internet blok göstərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı mübahisələndirilən qərarla Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 49580.36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqına» **********7541 nömrəli, 22.01.2021-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun:- - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti göstərərək, həmin obyektdə un və kəpəyin satışı ilə məşğuldur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır (Vergi Məcəlləsinin 50.1-ci maddəsi). - 50.2-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5-ci maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir (Vergi Məcəlləsinin 50.3-cü maddəsi). Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir (Vergi Məcəlləsinin 50.4-cü maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır (Vergi Məcəlləsinin 62.1-ci maddəsi). Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir (Vergi Məcəlləsinin 62.2-ci maddəsi). Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır (Vergi Məcəlləsinin 64-cü maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması» Qaydası: 1.1 Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2 Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3 Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1 pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;

4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1 Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POSterminaldan çıxarış verilir. 4.2 Vergiödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3 Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi «Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası» ilə sənədləşdirilir. İddiaçının dəlillərinə görə o, pərakəndə satışla məşğul olur, mağazada aparılan mal satışı kassaya vurulur, lakin vergi orqanı əvvəlki tarixdə toplam mal satışını ehtimal edərək elektron qaimə faktura vasitəsilə satılmalı olduğunu tələb edir, bu isə qanunsuzdur. Pərakəndə şəkildə vətəndaşlara satılan mallara görə elektron-qaimə faktura yazılmır, sadəcə kassaya vurulur. Buna baxmayaraq cavabdeh mal satışının elektron-qaimə faktura əsasında aparılmadığını bildirib ona satılan malların dəyərinə uyğun olaraq qanunsuz maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçıya məxsus mağazada “Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilən zaman malların elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar edilmiş, yoxlamanın nəticəsində iddiaçıya satılan malların məbləğinə uyğun maliyyə sanksiyası tətbiq edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı istifadəsində olan mağazada cəmi 495803.6 manat məbləğində malları elektron qaimə-faktura əsasında təqdim etməli olduğu, halda həmin sənəd əsasında təqdim etməmişdir. Həyata keçirilmiş əməliyyatlar onu deməyə əsas verir ki, iddiaçı elektron qaimə faktura təqdim edilməli olan ticarət əməliyyatı aparmışdır. İddiaçı mağazada aparılan operativ vergi nəzarəti tədbirlərində elektron qaimə faktura tərtib etməməklə malları təqdim etməsinin səbəbini X5 işləməməsi ilə əlaqələndirmişdir. Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabında hər bir malın adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı, miqdarı, dəyəri ayrı ayrılıqda yazılmalıdır. Həmin normanın mənasından, həm də işin faktiki hallarından da göründüyü kimi iddiaçı nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməklə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olduğu halda həmin sənəd əsasında təqdim etməmişdir. Cavabdehin etirazının dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin etirazının dəlilinə görə ümumilikdə 495803.6 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satışı həyata keçirilmişdir. İddiaçı tərəfindən böyük həcmdə və dəyərdə un məmulatı kassa çeki təqdim edilməklə alıcıya təqdim edilmişdir. Bir şəxs istehlak məqsədilə bu qədər böyük həcmdə və dəyərdə un məmulatı ala bilməz. Belə satış malların topdansatışı kimi qiymətləndirildiyindən malların satışı elektron qaimə-faktura əsasında həyata keçirilməli idi. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 13.2-ci maddəsinin tələbinə görə pərakəndə satış-malların alıcıya satışının son istehlak məqsədi ilə qəbz və ya nəzarətkassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilir. Topdansatış-malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. İddiaçıya aid obyektdə fəaliyyət növü parakəndə satışın həyata keçirilməsi olmuşdur. Belə fəaliyyətlə bağlı malların alıcıya satışı istehlak məqsədi ilə nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilmişdir. Bu fəaliyyət zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciət daxil olması barədə məlumat olmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirmiş, lakin etirazının əsasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan vergi ödəyicisinin bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazında Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə istinad edərək bildirmişdir ki, istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi olsa da, iddiaçı onlara məlumat verməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əməl olunmaması vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinin tələbi pozulduğu təsdiq olunduqa Vegi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq oluna bilər. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qəbul etdiyi 22.01.2021-ci il tarixli **********7541 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar