Məhkəmə qərarları › İş №2-1(114)-1711/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1711/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1711/2022 23.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz sökülmüş tikilinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin cavabdeh hesabına tikilərək bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X5 ona və ailə üzvlərinə məxsus Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə iddiaçının və həmin iş üzrə digər cavabdeh X3 tərəfindən zəbt edilmiş 9 metr enində gediş gəliş yolunun cavabdehlər tərəfindən açılmasına və onların qanunsuz müdaxiləsinə son qoyulmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, daha sonra qətnamənin icrası üçün Tovuz İcra və Probasiya Şöbəsinə xx.xx.2018-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Bundan sonra Tovuz İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə həyətdə yerləşən darvaza sökülərək gediş-gəliş yolu açılmış, lakin Cavabdeh qətnamənin icrasından kənara çıxmışdır. Belə ki, məhkəmə qətnaməsində zəbt olunmuş ərazinin boşaldılması qeyd olunmuşdur. Eləcə də onun evinə dair verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan və xx.xx.2019-cu il tarixli Texniki pasportdan da görünür ki, qətnamənin icrası məqsədi ilə sökülmüş tikili onun əmlakı ilə bağlı verilmiş çıxarış və texniki pasportda göstərilən yerdə tikilmişdir. O, cavabdehə qanunsuz olaraq sökülmüş tikilinin bərpası barədə müraciət etsə də sonuncu bu müraciəti cavablandırmamışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, icra məmuru onların darvazasını və hasarını sökmüşdür. Darvaza halhazırda onlarda olsa da, tikintidə istifadə olunmuş daşlar yararsız hala düşdüyündən tullanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolu cavabdehlər X3 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. -surəti işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci ildə verilmiş icra vərəqəsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh 18 oktyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. -surəti işə əlavə edilmiş 08 oktyabr 2020-ci il tarixli, 161002/2020 nömrəli “Tələbin könüllü icrası haqında” bildirişin surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra edilməsi üçün X2 və İddiaçı 10 (on) gün müddətinə vaxt verilmişdir. -xx.xx.2021-ci il tarixli Aktın surətindən də görünür ki, 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində nəzərdə tutulan icra işi icra olunmuşdur. -Cavabdeh « icra sənədi üzrə icraata xitam verilməsi barədə » xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh 18 oktyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış, “Tələbin könüllü icrası haqında” bildirişlə icra sənədində göstərilən tələbin könüllü şəkildə icra edilməsi üçün X2 və İddiaçı vaxt verilmişdir. Daha sonra keçirilmiş icra tədbiri nəticəsində Tovuz rayonu Əlibəyli kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər (hazırki iş üzrə iddiaçı və nümayəndəsi) tərəfindən zəbt edilmiş gediş-gəliş yolunda yerləşən darvaza sökülmüş və iş üzrə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuşdur. Bu barədə Cavabdeh icra məmurlarının, Əlibəyli kənd bələdiyyə sədrinin, Tovuz Rayon Polis şöbəsinin əməkdaşının, borcluların, tələbkarın və hal şahidinin iştirakı ilə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun:- -2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. -İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. -Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir -10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İddiaçı cavabdeh orqanın əməkdaşları tərəfindən ona məxsus sökülmüş tikiliyə özbaşına müdaxilə olunmasını iddia etsə də, cavabdeh orqanın əməkdaşları icra qanunvericiliyinin tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başladıqdan sonra tələbin könüllü şəkildə icrası üçün borcluya müvafiq bildiriş göndərmiş, lakin borclu tərəfindən tələb könüllü şəkildə icra edilmədiyindən icra tədbirlərinin həyata keçirilməsi üçün icra məmuru tərəfindən müvafiq vaxt təyin edilmiş, lakin könüllü icra baş tutmadığından icra məmuru qətnamənin icrasını özü həyata keçirmişdir. Göründüyü kimi icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə qanuni icra hərəkətlərini yerinə yetirmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən qanunsuz sökülmüş tikilinin cavabdehin hesabına bərpa edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar