Məhkəmə qərarları › İş №2-1(114)-1713/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1713/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1713/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarının ləğv edilməsi və həmin qərar ilə müəyyən edilmiş maliyyə sanksiyasının silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 02.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarının ləğv edilməsi və həmin qərar ilə müəyyən edilmiş 100 manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya ünvanladığı “Vergi ödəyicisinin aktivləri barədə məlumat” verilməsinə dair müvafiq məktub 11.06.2021-ci il tarixdə Ağstafa rayon Mərkəzi poçtuna daxil olsa da, bələdiyyə həmin məktubu 15.06.2021-ci il tarixdə rəsmən almışdır. İddiaçı həmin məktubu alandan dərhal sonra müvafiq araşdırma və təhlil apararaq cavab məktubu hazırlamış və 23.06.2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmişdir. İddiaçı qanunla müəyyən edilmiş 10 gün müddətini ötürmədən cavabdehin tələb etdiyi cavabı hazırlayaraq vaxtında icra etmiş və cavabdehə göndərilməsini təmin etmişdir. Bu əsaslarla iddiaçı cavabdehin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarını əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Təyin edilmiş məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, iddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və məhkəməyə 17.09.2021-ci il tarixli məktub göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktubun surəti; - Cavabdehin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarının surəti; - Məhkəmənin sorğusu əsasında alınmış SS720453335AZ nömrəli Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surəti; - 331146702 nömrəli Poçt göndərişinin göndərilməsi haqqında qəbzin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi iddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsinə “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktub göndərərək, iddiaçıdan məktuba müvafiq cavabın 10 gün ərzində hazırlanıb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi tələb olunmuşdur. Məlumatların təyin edilmiş müddət ərizində təqdim edilməmədiyi təqdirdə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən iddiaçıya 100 manat məbləğində maliyyə sanksiyasının tədbiq ediləcəyi izah edilmişdir. Bundan sonra cavabdeh orqan 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərar qəbul edərək, Ağstafa rayon Həsənsu bələdiyyəsi tərəfindən “Vergi ödəyicisinin aktivləri barədə məlumat” əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Cavabdeh orqan tərəfindən 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərar qəbul edildikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və iddia ərizəsində bildirmişdir ki, “Vergi ödəyicisinin aktivləri barədə məlumat” haqqında məktub 11.06.2021-ci il tarixdə Ağstafa rayon Mərkəzi poçtuna daxil olsa da, məktub rəsmi olaraq 15.06.2021-ci il tarixdə təqdim edilmişdir. İddiaçı həmin məktubu alandan dərhal sonra müvafiq araşdırma və təhlil apararaq cavab məktubu hazırlamış və həmin məktubu 23.06.2021-ci il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmişdir. Bununla da, qanunvericilikdə nəzərdə tutulmuş 10 gün keçirilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd edilmişdir ki, Ağstafa rayon Həsənsu bələdiyyəsinə Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsi barədə 26.05.2021-ci il tarixli, **********941200 nömrəli məktub göndərilmişdir. Vergi orqanı tərəfindən göndərilmiş aktivləri barədə məlumat formasını vergi ödəyicisi Ağstafa rayon Həsənsu bələdiyyəsi 14.06.2021 -ci il tarixədək təqdim etməli olduğu halda 23.06.2021ci il tarixdə poçt vastəsi ilə vergi orqanına təqdim etmişdir. Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən bu məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Ağstafa rayon Həsənsu bələdiyyəsinə vergi orqanının 21.06.2021-ci il tarixli, **********23700 nömrəli Qərarı ilə 100 manat mayiyyə sanksiyası tətbiq edilmişdir. “Poçt haqqında” Azərbaycan Respublikası qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Məhkəmə qeyd edilən halı araşdrımaq üçün müvafiq sorğular vermiş və məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən müəyyən edilmişdir ki, cavabdeh orqanın iddiaçıya göndərdiyi “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktub iddiaçıya 16.06.2021-ci il tarixdə təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş Poçt göndərişinin göndərilməsi haqqında qəbzdən müəyyən olunur ki, iddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsi cavabdehin “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktuba cavab hazırlanaraq, 23.06.2021-ci il tarixdə cavabdeh orqana göndərilməsi üçün Ağstafa rayon Mərkəzi poçtuna verilmişdir. Yuxarıda qeyd edilən sənədlərə əsaslanan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh orqanın “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktubunu müəyyən edilmiş müddət (10 gün) ərzində cavablandırmışdır. Belə olna halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərilən halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı Ağstafa rayon Həsənsu bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı cavabdehin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarının ləğv edilməsi və həmin qərar ilə müəyyən edilmiş 100 manat məbləğində maliyyə sanksiyasının silinməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 69.4, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 21.06.2021-ci il tarixli, **********237000 nömrəli qərarı ləğv edilsin və həmin qərar ilə müəyyən edilmiş 100 manat məbləğində maliyyə sanksiyası silinsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar