Məhkəmə qərarları › İş №2-1(114)-1713/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1713/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1713/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək xx.xx.1992-ci il tarixdən xx.xx.1993-ci il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, cəmi 13 il 5 ay 8 gün aqronom və baş aqronom vəzifələrində işlədiyi illəri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı dövr kimi nəzərə almaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)12683/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Kiçik Qaramurad kəndində yaşayır. xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək "Sovet Ukraynası" sovxozunda fəhlə, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin sovxozun kadr müfəttişi, xx.xx.1984-cu il tarixdən xx.xx.1991-ci il tarixədək həmin sovxozun baş aqronomu vəzifəsində işləmişdir. "Sovet Ukraynası" sovxozu ləğv olunaraq kolxoza çevrilməsi ilə əlaqədar xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "Sovet Ukraynası" kolxozunda baş aqronom vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "M.F.Axundov" adına kolxozda aqronom vəzifəsində işləmişdir. Ondan sonra 2019-cu ilin oktyabr ayınadək müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək Gədəbəy rayon X2 aqronom, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin mərkəzdə baş aqronom, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzində baş aqronom vəzifələrində işləmişdir. Beləliklə, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla cəmi 13 il 5 ay 8 gün aqronom və baş aqronom vəzifələrində işləmişdir. Ümumi iş stajı isə 44 il 4 ay 20 gün olmaqla tələb olunan minimium sığorta stajından (25) ildən çoxdur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Aqronom və baş aqronom vəzifələrində işlədiyi işlər əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmuşdur. Belə ki, aqronom peşəsinə uyğun bitkilərin mühafizəsi üçün daimi olaraq kimyəvi dərmanların sərf olunmasında yaxından iştirak etmişdir. Həmin kimyəvi dərmanlardan insan sağlamlığına və uzun ömürlüyə təsir edən Sink-fosfid və digər zəhərli maddələrlə işin tələblərinə uyğun daimi təmasda olmuşdur. Ona görə də, sonuncu iş yeri olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlə Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Agentliyin Respublika X2 (yeni adla Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi) baş aqronom vəzifəsində çalışdığı müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2014-cü il tarixli, 550 nömrəli Qərarı ilə təsdiqlənmiş "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"na əsasən süd məhsulları ilə təmin edilmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq üçün sənədlərini toplayıb Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim təqdim etmişdir. Ərizəsinə və sənədlərinə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, cəmi 13 il 5 ay 8 gün aqronom və baş aqronom vəzifələrində işlədiyi illəri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı dövr kimi nəzərə almaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməlidir. Həmçinin, 2022-ci ilin yanvar ayından 2023-cü ilin dekabr aylarında növbəlilik prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikası Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi "Qırmızı Körpü" gömrük postunda mütəxəssis kimi ölkəyə daxil olan yük maşınlarının təlimata uyğun dezinseksiya edilməsində yaxından iştirak etmişdir. Həmin gömrük postunda yük maşınlarının dezinseksiya edilməsi üçün müvafiq aktlar tərtib edilmişdir. Lakin cavabdeh təşkilatın əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı dövrə dair işəgötürən tərəfindən arayışın verilməməsini əsas gətirərək bundan imtina etməsi üçün heç bir qanuni əsası yoxdur. Belə ki, həmin arayışı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun işlədiyi dövlət orqanına (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinə) sorğu verərək ala bilərdi. İddiaçı tərəfindən belə bir arayışın təqdim edilməməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə imtinaya səbəb ola bilməz və bu qanunsuzdur. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2023-cu il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdır. Daha sonra iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. M. İmamquliyevin müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq iddiaçıya güzəştli iş stajının olmadığı üçün xx.xx.2024-cü il tarixli, 3-17-1/2-1-166725/2024 imtina məktubu ünvanlanmışdır. Həmin imtina məktubunda iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s) iş yerinin arayışında dəqiq göstərilməli olduğu halda Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajının olmadığı bildirilmiş, bu səbəbdən ona qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Mərkəzi Filial hesab edir ki, cavabdehin imtinası qanunidir və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin M.X1 təqdim etdiyi sənədlər sırasında onun iddia ərizəsində güzəştli iş stajı olaraq nəzərə alınmalı olduğunu qeyd etdiyi xx.xx.1984-xx.xx.1991-ci, xx.xx.1991-xx.xx.1992-ci, xx.xx.1992-xx.xx.1993-cü, xx.xx.2019-xx.xx.2020-ci və xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki əmək fəaliyyəti dövrlərinin güzəştli iş stajı olmasını təsdiq edəcək hər hansı bir sənəd mövcud deyil. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən bir daha aydın olur ki, iddiaçının xx.xx.1984xx.xx.1991-ci, xx.xx.1991-xx.xx.1992-ci, xx.xx.1992-xx.xx.1993-cü, xx.xx.2019-xx.xx.2020ci və xx.xx.2021-xx.xx.2023-cü illərdə olan əmək fəaliyyəti dövrünün əmək şəraiti zərərli və ağır olan işlərə aid olmasına dair hər hansı sübut mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən aqronom vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli, 101/k nömrəli “İddiaçı sınaq müddəti ilə vəzifəyə təyin olunması haqqında” əmrinə əsasən, İddiaçı 07 oktyabr 2019-cu il tarixdən 3 (üç) ay sınaq müddətinə Respublika Bitki Mühafizəsi Mərkəzinin Gədəbəy rayon X2 vakant olan aqronom vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin xx.xx.2020-ci il tarixli, 195/k nömrəli “İddiaçı baş aqronom vəzifəsinə keçirilməsi haqqında” əmrinə əsasən, İddiaçı RBMM-nin Gədəbəy Rayon Bitki Mühafizəsi Mərkəzinin aqronomu 2020-ci il 14 dekabr tarixdən 3 (üç) ay müddətinə həmin mərkəzdə vakant olan baş aqronom vəzifəsinə keçirilmişdir. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 487/3 nömrəli arxiv arayışına əsasən, Kiçik Qaramurad kənd X5 Təsərrüfatbaşına kitablarından görünür ki, İddiaçı 1980-1982-ci illərdə “Sovet Ukraynası” sovxozunda fəhlə, 1983-1985-ci illlərdə “Sovet Ukraynası” sovxozunda fəhlə, kadr müfəttişi, baş aqronom, 1986-1990-cı illərdə “Sovet Ukraynası” sovxozunda aqronom, 1991-1995-ci illərdə “Sovet Ukraynası” sovxozunda aqronom vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2023-cü il tarixli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən, X3 və Fumiqasiya (zərəsizləşdirmə) Mərkəzinin (Bakı şəhəri, Nəcəf Nərimanov 7A) Gədəbəy rayon Mərkəzinin baş aqronomu İddiaçı 28 dekabr 2023-cü il tarixdən dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın son yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, 2019-cu il 07 oktyabr tarixdən Agentliyinin Respublika X2 (yeni adla Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi) baş aqronom vəzifəsində çalışdığı müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarı ilə təsdiqlənmiş "İşçilərə pulsuz müalicəprofilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"na əsasən süd məhsulları ilə təmin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət emişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanmasından imtina haqqında” məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla ona ödənilən yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı vaxtilə Mərkəzin Gədəbəy rayon Mərkəzində çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil deyildir. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanun Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №‐li Siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun aqronom və baş aqronom vəzifələrində çalışdığı dövrlərin güzəştli iş stajına hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 5.2-ci bəndində əsasən, 1 iyul 2023 - 30 iyun 2024 il tarixlərində kişilərin pensiya yaş həddi 65 ildir. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1979-cu il tarixdən xx.xx.2023cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən aqronom vəzifəsində çalışmışdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuş, ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 60 yaşına çatmalı, 25 il ümumi iş stajına, 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Belə ki, iddiaçı tərəfindən güzəştli iş stajının olması barədə işəgötürənin arayışı təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi aqronom və baş aqronom vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid edilmir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzin Gədəbəy rayon Mərkəzində çalışdığı aqronom vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil deyildir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1, 2 №‐li Siyahısı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında aqronom və ya baş aqronom vəzifəsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar