Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1714/2021 02.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1977-1985-ci illərdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “Sovet Ukraynası" sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01.09.2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 1977-1985-ci illərdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “Sovet Ukraynası" sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 01.09.2021-ci il tarixli, 2-1(114)-1714/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu ilin iyun ayının 08-də anadan olmuşdur. Əmək kitabçasında olan qeydə görə 01.01.2006-cı ilə kimi 19 il 1 ay sığorta stajı, həmin tarixdən sonra fərdi hesabımın sığorta hissəsində toplanmış 3 il 4 ay sığorta stajı (3313.21 manat) pensiya kapitalı var. İddiaçı tələb olunan 25 ildən artıq staj yəni 32 il staj toplamışdır. İddiaçı ona pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02.11.2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, 1977-1985-ci illərdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “Sovet Ukraynası" sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 14874021 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 02.07.2021-ci il tarixli imtina məktubunun əsli; - İddiaçıya məxsus 24.03.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli və 07.01.1995-ci il tarixli, AZE ******* nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətlərii; - 24.05.1990-cı il tarixli nikah haqqında şəhadətnaməsinin təsdiq edilmiş surəti; - Gədəbəy rayon Dövlət Arxivinin 17.06.2021-ci il tarixli, 160 nömrəli arayışın surəti; - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X3 Xidmətinin Gədəbəy rayon X3 Hissəsi; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 08.10.2021-ci il tarixli etiraz məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Gədəbəy rayon Dövlət Arxivinin 20.08.2021-ci il tarixli, 69 nömrəli və 10.09.2021-ci il tarixli, 82 nömrəli cavab məktubları. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Verilmiş iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona pensiyanın təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi 02.07.2021-ci il tarixli məktubunda inzibati orqan tərəfindən aparılan araşdırmada iddiaçının 01.01.2006-cı ilədək 19-il 1 ay sığorta stajı, 2006-cı il tarixdən sonra isə 3 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 3313.21 manat pensiya kapitalı olduğu əsas gətirilərək iddiaçının Əmək pensiyaları haqqında qanuna əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajı olmadığından cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını qanunauyğun hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarında olan AZE seriyalı 04344180 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı 08.06.1959-cu ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur. İddiaçı pensiya yaşı 08.06.2021-ci ildə yaranmışdır. Məhkəmənin sorğusu əsasında alınmış Gədəbəy rayon Dövlət Arxivinin 10.09.2021-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Sovet Ukraynası” sovxozunun şəxsi hesab kitablarında 08.06.1959-cu il təvəllüdlü vətəndaş Qasımova (Abbasova) Cəmilə İsrəfil qızının adı aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Kiçik Qaramurad kənd X5 İcraiyyə Komitəsinin Parakənd kəndi üzrə Təsərrüfatbaşına kitabında vətəndaş Qasımova (Abbasova) Cəmilə İsrəfil qızının qeydiyyatda olduğu təsərrüfatın “İşlədiyi yer” və “Vəzifəsi” qrafasında aparılan qeydlərə əsasən onun məşğuliyyəti “Sovet Ukraynası” sovxozunda fəhlə olmuşdur. İddiaçı Gədəbəy rayon X3 hissəsi tərəfindən verilmiş 18 iyun 2021 -ci il tarixli arayışda isə 03 mart 1993-cü ildə sabiq Sovet Ukraynası sovxozunun idarə binasında yanğın baş vermiş, yanğın zamanı bina, binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur. Eyni məzmunlu cavab Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına göndərilmiş 01 sentyabr 2021-ci il tarixli **********4 nömrəli sorğuya verilmiş 13 sentyabr 2021ci il tarixli məktubda da öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tətqiq edilmiş əmək kitabçasından müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi əmək stajı, yəni 1977-1985-ci illərdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “Sovet Ukraynası" sovxozunda işləməsi öz əksini tapmamışdır. Sığortaolunanın alt hesabında İddiaçı 01.01.2006-cı il tarixdən 2019-cu ilin dekabr ayınadək 3 il 4 ay məcburi dövlət sosial sığorta haqqı ödənmişdir. Bu hissəyə münasibət olaraq bildirmək istəyirik ki, Əmək pensiyaları haqqında qaunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət dövrləri tənzimlənmişdir. Qanunun 21.1-ci maddəsində qeyd olunur ki: Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixdən 2019-cu ilin dekabr ayınadək 3 il 4 ay məcburi dövlət sosial sığorta haqları ödənildiyi dövrü sosial sığorta stajına daxil edilə bilər, lakin məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi dövr sığorta stajının hesablanmasında nəzərə alına bilməz. İş materiallarında olan axriv arayışlarında olan ziddiyyətlər iddiaçının 1977-ci ildən 1985-ci ilədək “Sovet Ukraynası” sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilməsini mümkünsüz edir. Yuxarıda qeyd olunanalar nəzərə saldıqda görünür ki, iddiaçının işlədiyini iddia etdiyi sovxozda işləməsi yalnız Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş Təsərrüfatbaşına kitablarına əsasən yazılıb. Sovxozun şəxsi hesab kitablarında isə İddiaçınm adının aşkarlanmadığı bildirilmişdir. Sovxozda əmək fəaliyyəti ilə məşğul olan şəxsin həmin sovxozun şəxsi hesab kitablarında adının olmaması şəxsin qeyd olunan verdə əmək fəaliyyəti ilə məşğul olmamasını deməyə əsas verir. Təsərrüfatbaşına kitablardakı qeydlər isə İddiaçı əmək fəaliyyətini göstərən əsas sənəd kimi qəbul edilməsini məhkəmə qanunauyğun hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 -ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İş materiallarından da göründüyü kimi iddiaçı əmək pensiyası təyinatı aparılması üçün “Sovet Ukraynası” sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilməsi üçün arxiv arayışı təqdim etmişdir. Lakin həmin arayış iddiaçının işlədiyi sovxozun şəxsi hesab kitablarına deyil, kənd icra nümayəndəliyinin Təsərrüfatbaşına kitablarındakı qeydlərə əsasən yazılmışdır. Sovxozun şəxsi hesab kitablarında isə iddiaçının adı qeyd olunmamışdır. Məlum məhkəmə praktikasına əsasən vətəndaşın sovxozda işləməsi ilə yanaşı, kolxozdan fərqli olaraq adam günü normasının yerinə yetirilib-yetirilməməsi deyil, işlədiyi dövrlərdə əməkhaqqı alıbalmaması qeyd olunan illərin sığorta stajına daxil edilməsində əhəmiyyət kəsb edir. İddiaçınm “Sovet Ukraynası” sovxozunda işlədiyini iddia etdiyi illərdə əməkhaqqı alması ilə bağlı hər hansı qeydlər müəyyən edilməmişdir. Beləliklə İddiaçı yuxarıda “Sovet Ukraynası” sovxozunda əmək fəaliyyəti ilə məşğul olmasının öz təsdiqini tapmaması, tələb olunan minumum sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minumum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı olmaması ona yasa görə əmək pensiyası təyinatı aparılmasını istisna edir. Göründüyü kimi iddiaçının iddia etdiyi “Sovet Ukraynası” sovxozunda 1977-1985-ci illərdə işləməsi hər hansı sübutla sübut olunmur. Məhkəmə xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qərar isə əsaslı hesab edilə bilməz. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 1977-1985-ci illərdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “Sovet Ukraynası" sovxozunda işlədiyi illər cavabdeh tərəfindən mübahisələndirilmiş və iş stajının qarışılıqlı yoxlanması mümkün olmadığından əmək stajına daxil edilməyərək pensiya təyinatı aparılmasından imtina edilmişdir. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialına qarşı işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1714/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1714/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver