Məhkəmə qərarları › İş №2-1(114)-1714/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1714/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1714/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı3, İddiaçı1 Teymur oğlu və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş və Torpağın mülkiyyətə verilməsinə dair JN-296A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-995/2012 qətnaməsinə əsasən İddiaçı2 10 fevral 2012-ci il tarixdən başlayaraq 11 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 8(006)-829/2014 nömrəli qərardadı ilə İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.

4. Tovuz rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli 1671/14 nömrəli məktubunda bildirilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-995 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı2 xx.xx.2012-ci il tarixdən başlayaraq, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat alimentin alınıb X3 verilməsi qət edilmişdir. Borclu İddiaçı2 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.21 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən 2100 (iki min bir yüz) manat və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi 3600 (üç min altı yüz) manat dəyərində qiymətləndirilmişdir. Odur ki, həmin əmlakın hərrac yolu ilə satılması üçün sərəncam verilməsi xahiş edilmişdir.

5. Tovuz rayon İcra və probasiya şöbəsinin № 1671/2014 saylı xx.xx.2018-ci il tarixli məktubuna əsasən İddiaçı2 məxsus olan torpaq sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, lakin əmlak hərracda satılmadığından icra sənədi geri qaytarılmışdır.

6. Bundan sonra Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.2018-ci il tarixində tələbkar X3 təklif edilmiş və sonuncu ərizəsində təklifin onun tərəfindən qəbul edildiyini bildirdikdən sonra Tovuz rayon İcra və probasiya şöbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixində №1671/2014 nömrəli məktub ünvanlayaraq, sözügedən torpaq sahəsinə aid olan hüquqmüəyyənedici sənədlərin X2 adına rəsmiləşdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı1 Teymur oğlu və X2 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. İddiaçı2 **********64 reyestr nömrəli daşınmaz əmlaka dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-Q-02xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin (bütün hüquq sahiblərinin) razılığı ilə həyata keçirilir. Bu Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənləri nəzərə alaraq bildirilir ki, başqa şəxslərin mülkiyyətində olan əmlakın hüquqmüəyyənedici sənədinin ləğv edilməsi mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2- 1541/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan arxiv məlumatlarına əsasən X2 digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olmaqla adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X5, Tovuz Rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon İcra Şöbəsi tərəfindən X3 xx.xx.2018-ci il tarixli, 1671/2024 nömrəli “Borclunun üzərinə həbs qoyulmuş əmlakının tələbkara təklif olunması haqqında” təklifin etibarsız hesab edilməsi, 0,21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı” müraciətin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il, tarixli nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

11. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsi onlara məxsusdur. Həmin torpaq sahəsinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarı ilə JN-296A, KOD 50301004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2012-ci il tarixində iddiaçılardan biri - İddiaçı2 məhkəmə qaydasında nikahı pozulmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli 2(006)-995/2012 saylı qətnaməsinə əsasən İddiaçı2 10 fevral 2012-ci il tarixdən başlayaraq 11 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Müəyyən səbəblərdən İddiaçı2 tərəfindən aliment ödənilməmişdir. İddiaçı2 aliment borcu 2150 manat olmuşdur. Bu səbəbdən Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Səbuhi Məmmədov tərəfindən təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(006)-829/2014 saylı qərardadına əsasən təqdimat təmin edilərək, İddiaçı2 mülkiyyətində olany Tovuz rayonu, Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Sonradan 2150 manat olan aliment borcu İddiaçı2 tərəfindən tam olaraq ödənilmişdir (qoşma olaraq arayış əlavə olunur). Bu səbəblə İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə borcunu tam ödədiyini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 8(006)- 829/2014 saylı qərardadı ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-829/2014 saylı qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 8(006)-829/2014 saylı qərardadı ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Bu yaxınlarda sözügedən torpaq sahəsini notarial qaydasında satmaq istəyərkən satılması mümkün olmadığı və X2 razılığının verilməsi bildirilmişdir. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli qərarı ilə JN-296A KOD 50301004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən payçılardan biri - İddiaçı2 məxsus olan torpaq sahəsi X2 adına rəsmiləşdirilmiş və X2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Həmin çıxarış barədə onların məlumatları olmamışdır. Bu barədə onlara məlumatı bu yaxınlarda Tovuz rayon İcra şöbəsi tərəfindən verilmişdir. Əldə edilən sənədlərdən görünür ki, onlara məxsus olan torpaq sahəsi onların xəbərləri olmadan qiymətləndirilmişdir. Belə ki, "xxxx" MMC-nin Tovuz rayon İcra Şöbəsinə göndərdiyi xx.xx.2017-ci il tarixli məktubda qeyd olunur ki, onun 1671 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilən 0102-A1-28 saylı xx.xx.2002-ci il tarixli şəhadətnaməyə uyğun olaraq mütəxəssisləri tərəfindən İddiaçı2 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi işi həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixində 402 nömrəli Əmlakın qiymətini müəyyən etmək üçün qiymətləndirmə rəyi hazırlanmışdır. Həmin rəyə əsasən İddiaçı2 məxsus Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 0.08 ha x 450 manat = 3600 manat. Qiymətləndirmə xx.xx.2017-ci il tarixində aparılmışdır. Bundan sonra, Tovuz rayon İcra şöbəsi tərəfindən X3 xx.xx.2018-ci il tarixli 1671/2014 nömrəli "Borclunun üzərinə həbs qoyulmuş əmlakının tələbkara təklif olunması haqqında Təklif ünvanlanmışdır. Təklifdə qeyd olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 8(006)-829/2014 nömrəli icra sənədinə əsasən cavabdeh İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması ilə əlaqədar olaraq borcluya məxsus torpaq sahələrinin hərrac yolu ilə satılması qət edilmişdir. Qeyd olunan əşyaların satılması üçün hərraca göndərilmişdir. Lakin hərrac mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün torpaq sahəsi satılmadığına görə qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək üçün geri qaytarılmışdır. Siyahıda gostərilən əmlaklar "İcra haqqında" AR Qanununun 53.3-cü maddəsinə əsasən borc əvəzinə ona təklif olunur. Bildirir ki, təklifdən imtina edəcəyi halda göstərilən əmlak borcluya, icra sənədi Nəsimi Rayon Məhkəməsinə qaytarılacaqdır. Daha sonra, Tovuz Rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın 15 saylı Tovuz Ərazi İdarəsinə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi və 0.21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Daşınmaz Əmlakın 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli **********29 nömrəli cavab məktubu ünvanlanmışdır. Göründüyü kimi, cavabdeh X1 torpaq sahəsini qeyri-qanuni yolla öz adına rəsmiləşdirmişdir. Belə ki, torpağın qiymətləndirilməsi, eləcə də torpaq sahəsinin Tovuz rayon İcra şöbəsi tərəfindən aliment borcu əvəzinə X3 təklif olunmasından məlumatları olmamışdır. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarışı vərərkən onlara bu barədə məlumat verilməməsi Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Məcbur olub məhkəməyə müraciət edir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdeh qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsini qəbul edilməklə, iddia tələbi “X2 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. İddiaçılar məhkəmə iclasına gəlmiş, üçüncü şəxs gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.2024-cü il tarixli ərizə ilə X3 qeyri-qanuni verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********64 qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin (bütün hüquq sahiblərinin) razılığı ilə həyata keçirilir. Bu qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənləri nəzərə alaraq bildirirlər ki, başqa şəxslərin mülkiyyətində olan əmlakın hüquqmüəyyənedici sənədinin ləğv edilməsi mümkün olmamışdır. Bununla əlaqədər olaraq bildirilir ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kəndi ərazisində İddiaçı3, İddiaçı1 Teymur oğluna və İddiaçı2 Teyyar oğluna JN-296A KOD 50301004 nömrəli şəhadətnamə ilə 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırıldığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüquqi tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyətini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü hissəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020ci il tarixli qərarının 13.17-ci hissəsində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Sözügdən torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və sərhədlər müəyyən edilmişdir. Qeydiyyatın aparılmasına əsas olmuş sənədlər qüvvədə olduğundan və mübahisələndirilmədiyindən onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsas mövcud deyildir. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

24. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağın mülkiyyətə verilməsinə dair JN-296A KOD 50301004 nömrəli şəhadətnamə; - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-995/2012 nömrəli icra vərəqəsi; - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 8(006)-829/2014 nömrəli qərardadı; - Tovuz rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli 1671/14 nömrəli məktub; - Tələbkarın ərizəsi; - Tovuz rayon İcra və Probasiya şöbəsinin № 1671/2014 saylı xx.xx.2018-ci il tarixli məktubu; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-Q-02xx-xx/2024 nömrəli cavab məktubu; - Tovuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1769 R.S nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2- 1541/2025 nömrəli cavab məktubu;

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı3, İddiaçı1 Teymur oğlu və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmiş və Torpağın mülkiyyətə verilməsinə dair JN- 296A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin mülkiyyətçilərdən İddiaçı2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-995/2012 qətnaməsinə əsasən 10 fevral 2012-ci il tarixdən başlayaraq 11 iyul 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Lakin qətnamə könüllü şəkildə icra edilmədiyindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 8(006)-829/2014 nömrəli qərardadı ilə İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Abulbəyli kəndində yerləşən həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, satılması üçün hərraca çıxarılmış, Tovuz rayon İcra və probasiya şöbəsinin № 1671/2014 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən sözügedən torpaq sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, lakin əmlak hərracda satılmadığından icra sənədi geri qaytarılmışdır. Bundan sonra Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.2018-ci il tarixində tələbkar X3 təklif edilmiş və sonuncu təklifi qəbul etmişdir. Bunun davamı olaraq Tovuz rayon İcra və probasiya şöbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixində №1671/2014 nömrəli məktub ünvanlayaraq, sözügedən torpaq sahəsinə aid olan hüquqmüəyyənedici sənədlərin X2 adına rəsmiləşdirilməsi üçün köməklik göstərilməsini xahiş etmiş və nəticədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı1 Teymur oğlu və X2 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

28. Hazırda iddiaçılar sözügedən reyestr qeydini mübahisələndirirlər və onların əvvəlki iclaslarda verdikləri izahatlarında ilə müəyyən olunur ki, tələblərinin faktiki əsasını o hallar təşkil edir ki, sözügedən torpaq sahəsi təkcə İddiaçı2 deyil, hər üç iddiaçının ümumi birgə mülkiyyətində idi və aliment borcuna görə satıldığı halda, digər mülkiyyətçilərin satın almaqda üstünlük hüquqlarının mövcud olmasına baxmayaraq, görülmüş icra tədbirləri, o cümlədən keçirilmiş hərrac barədə onlara heç bir məlumat verilməmişdir. İkincisi isə, İddiaçı2 X3 2150 manat məbləğində aliment borcuna görə torpaq sahəsi Elşənə aid hissədə 2019-cu ildə X2 adına qeydiyyat aparıldığı halda, 2021-ci ildə həmin aliment borcuna, yəni məhkəmə qətnaməsini icra etməməyə görə Elşən 12 gün həbs edilmiş və 2150 manat əvəzinə, 3200 manat ödətdirildikdən sonra həbsdən azad edilmişdir. Eyni borca görə həm torpaq sahəsini əlindən çıxmış, həm də məsuliyyətə cəlb edilmişdir.

29. Məhkəmə iddiamıların istinad etdikləri hallara münasibətdə qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri həmin əsaslar hazırkı reyestr qeydinin əsassızlığına dəlalət etmir. Hansı ki, iddiaçıların dəlilləri məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlıdır, lakin hazırkı məhkəmə mübahisəsinin predmeti DƏDKR 15 saylı Tovuz Ərazi İdarəsinin həyata keçirdiyi qeydiyyatdır.

30. Məhkəmə tərəfindən iddiaçılara istinad etdikləri əsaslar üzrə daha uğurlu iddia növü ilə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilsə də, onlar hazırkı tələbə baxılmasını tələb etmişlər. Hazırkı tələb inzibati mübahisənin predmeti olan tələb olduğundan və iddia mümkün olduğundan məhkəmə iddiaya mahiyyəti üzrə baxmağı haqlı saymışdır.

31. Belə ki, mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassızlığı ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır. Bu halda qeydiyyatın əsaslılığına qiymət verilməlidir.

32. Mübahisənin mahiyyətiniə gəldikdə isə, məhkəmə cavabdeh orqanın apardığı qeydiyyatı əsaslı və qanuni saymaqla, həmin qənaətini aşağıdakılarla əsaslandırır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, mülkiyyət hüququ (habelə daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı) dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Daşınmaz əmlak üzərində hüququnu qeydə aldırmaq istəyən şəxs həmin əsaslardan birini təqdim etməli, səlahiyyətli inzibati orqan tərəfindən isə hüquqların dövlət qeydiyyatını qanunla müəyyən olunmuş müvafiq əsasa uyğun aparılmalı və qeydiyyat haqqında müvafiq dövlət aktı (çıxarış) verilməlidir.

35. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur.

36. Hazırkı mübahisədə də mübahisəli torpaq sahəsi hərracda satılmadığından tələbkara təklif olunmuş və onun təklifi qəbul etməsi nəticəsində icra orqanı tərəfindən qeydiyyat orqanına ünvanlanmış məktub əsasında əmlak üzərində hüququn qeydiyyatı aparılmışdır.

37. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında formalaşdırıldığı hüquqi mövqeyinə görə: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində bir sıra əsaslar müəyyən olunmuşdur. Lakin müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bu əsaslardan ikisini: - qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını (Mülki Məcəllənin 139-1.1.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddələri); - qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolu (Mülki Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddələri) “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsini tənzimləyən maddələri ilə funksional əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir. Nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin təmin edilməsi baxımından qanunverici öz səlahiyyətləri çərçivəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına yönəlmiş müvafiq qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Bu qaydaları özündə əks etdirən “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi müəyyənləşdirilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə müvafiq olaraq, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (“İcra haqqında” Qanunun 50.2-ci maddəsi). Qeyd olunan Qanunun 53-cü maddəsi ilə üzərinə həbs qoyulmuş əmlakın satılması qaydası da müəyyənləşdirilmişdir. Həmin Qanunun 53.1 və 53.3-cü maddələrinin tələblərinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Diqqətə alınmalıdır ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququ dolayısı ilə müvafiq məhkəmə qərarının icrasına yönəlmiş təmin tədbirinin nəticəsində yaranmış olsa da, həmin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi məhkəmə qərarı və ya qərardadı deyil, tələbkarın borclunun əmlakını qəbul etməsi faktı və bunu təsdiq edən sənəd çıxış edir. Müraciətdə göstərilən Mülki Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddələri ilə bağlı isə qeyd olunmalıdır ki, əsas müqavilə üzrə kreditorun mənafeyini təminat altına almaq məqsədi daşıyan bir əqd olaraq ipoteka müqaviləsini bağlayarkən ipoteka qoyan qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka saxlayanın gələcəkdə ipoteka predmetinə tutmanın yönəldilməsi səlahiyyətinin olduğunu bilir və şüurlu şəkildə bu müqaviləni bağlamaqla əvvəlcədən belə bir şərti qəbul etmiş olur. Bu halda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və ipoteka saxlayanın ipoteka predmeti üzərində mülkiyyət hüququ müqavilənin mahiyyətindən irəli gəlir. Əsas öhdəlik pozulduğu təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qaydaların təsbit edildiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar və bu protokol müqavilə qüvvəsinə malikdir. Odur ki, yuxarıda göstərilən maddələrdə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol bu münasibətlər nəticəsində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası qismində təsbit edilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun imzalanması müddəti, qaydası, həmin protokolun tərəfləri və hüquqi qüvvəsi ilə bağlı məsələlər qanunvericiliklə açıq şəkildə tənzimlənmişdir. Bundan fərqli olaraq ipoteka müqaviləsindən kənar digər münasibətlər üzrə tələbkar borclunun əmlakını qəbul etdiyi halda, bu faktın rəsmiləşdirilməsi qaydası və hüququn dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə birmənalı və qəti tənzimetməni təsbit edən norma nəzərdə tutulmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müvafiq maddələrdə hüquqların dövlət qeydiyyatı üçün əsas kimi təsbit olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” məhz ipoteka hüquq münasibətləri üzrə nəzərdə tutulduğundan, bu hal “İcra haqqında” Qanunun 53-cü maddəsinə müvafiq olaraq borclunun əmlakını qəbul etmiş tələbkarın həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası kimi çıxış etmir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 14.2.4-cü maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlakın əldə edilməsidir. “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələrinə müvafiq olaraq icra məmurunun təklifi əsasında tələbkarın üzərinə həbs qoyulmuş borclunun əmlakını qəbul etməsi də həmin əmlak üzərində əşya hüquqlarının əmələ gəlməsi üzrə qanunvericiliyin yol verdiyi əsaslardan biridir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərar). Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tələbkarın borclunun əmlakını qəbul etməsinin rəsmiləşdirilməsi qaydasının, eləcə də tələbkarın həmin əmlak üzərində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların qanunvericiliklə birbaşa tənzimlənməməsi boşluğun yaranması ilə nəticələnmişdir. Qanunvericilikdə boşluq isə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasıdır (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.9-cu maddəsi). Hər hansı normativ hüquqi aktın hüquqi cəhətdən tənzimlənməsi zəruri olan ictimai münasibətləri bütövlükdə əhatə etməməsi, təcrübədə yaranan müəyyən hüquqi məsələlərin həllində müvafiq qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur. Tələbin borclunun əmlakına yönəldilməsi və bununla da yaranan nəticələrin rəsmiləşdirilməsi ilə bağlı qaydaları müəyyən edən hüquq normalarının aydın və birmənalı olması, müvafiq prosessual hərəkətləri və onların nəticələrini dəqiq tənzimləməsi əvvəldə də qeyd olunduğu kimi, dövlət adından çıxarılan məhkəmə qərarlarının icrasının məcburiliyini müəyyən edən konstitusion normaların realizəsi baxımından xüsusi önəm kəsb edir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Yuxarıda qeyd olunanları nəzərə alaraq, “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə müəyyən edilmiş hallarda tələbkarın borclunun əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasının, həmçinin həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi zəruri hesab edir ki, Konstitusiyanın 13, 29, 60 və 129-cu maddələrinin tələblərinə müvafiq olaraq, borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının təmin edilməsi zərurəti nəzərə alınmaqla, qanunverici orqan tərəfindən müvafiq tənzimləmə həyata keçirilənədək, tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından, belə qeydiyyat üçün müvafiq əsasın nə Mülki Məcəllədə, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulması əsası ilə imtina edilməsinə yol verilməməlidir.

38. Göründüyü kimi, topaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli ilə qeydiyyat tələbkarın əmlakı qəbul etməsi ilə qeydiyyatı orqanına ünvanlanmış məktub əsasında həyata keçirilmiş olsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarında ifadə edilmiş hüquqi mövqeyinə müvafiq olaraq, qanunvericilikdə tənmziləmə boşluğu olduğundan cavabdeh orqanın həmin hərəkətləri öz inzibati praktikasına uyğun olmuş, eyni zamanda tələbkarın mülkiyyət hüququnun müdafiəsinin təmininə yönəlmişdir.

39. Ona görə də, iddia təmin edilməməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar