Məhkəmə qərarları › İş №2-1(114)-1715/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1715/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1715/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1975-ci ildə başlamışdır. 1977-ci ilin avqust ayında Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsinə qəbul olunduğu üçün öz xahişinə əsasən işdən azad olunmuş, xx.xx.1982-ci ildə institutu bitirib yenə əmək fəaliyyətinə başlamış, bir çox təşkilatda işləmiş, son işlədiyi müəssisə isə xxxxxxxxxxxxxxxx ASC olmuşdur. İddiaçı hesab edir ki, əmək kitabçasına əsasən onun xx.xx.1975-ci il tarixdən 2005-ci ilin axırınadək 26 il 10 ay əmək stajı var. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun hazırda da “xxxxxxxxxxxxxxxx” ASC-də adı gedir, lakin faktiki işləmir və əmək haqqı almır, 2009-cu ilin dekabr ayınadək işləmiş və əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən alınan məlumata görə iddiaçının işlədiyi X4 Birliyi məcburi dövlət sosial sığorta haqlarını ödəməmişdir, ona görə də həmin dövr iddiaçıya münasibətdə sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixədək, xx.xx.2003-xx.xx.2005-ci il tarixədək və əyani təhsil müddətinin sosial sığorta stajına hesablanaraq xx.xx.2006-cı il tarixə 16 il 7 ay 21 gün sığorta stajı yaranmışdır, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında vəsait toplanmadığı üçün qüvvədə olan qanunvericiliyə əsasən onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1976-cı il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1993-cü il tarixdə 01 nömrəli əmrlə İstehsalat Təmir- Tikinti Birliyinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə 11 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə 02 nömrəli əmrlə “xxxxxxxxxxxxxxxx” ASC-də işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə 22 nömrəli əmrlə baş mühasib vəzifəsinə təyin edilmişdir. -xx.xx.2003-cü il tarixli 02 nömrəli, xx.xx.2004-cü il tarixli 02 nömrəli, xx.xx.2004-cü il tarixli 03 nömrəli, xx.xx.2004-cü il tarixli 10 nömrəli, xx.xx.2004-cü il tarixli 19 nömrəli, xx.xx.2004-cü il tarixli 21 nömrəli, xx.xx.2004-cü il tarixli 24 nömrəli, xx.xx.2005-ci il tarixli 01 nömrəli ödəniş tapşırıqlarından və xx.xx.2005-ci il tarixli 411464 nömrəli mədaxil qəbzindən görünür ki, “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən həmin illərdə Sosial müdafiə fondunun hesabına təyinatı üzrə müvafiq ödənişlər edilmişdir. -Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 1/213 nömrəli məktubundan görünür ki, İstehsalat Təmir-Tikinti Birliyi 1999-2003-cü illərdə fəaliyyət göstərmiş, 1993- 1998-ci illərdə isə fəaliyyət göstərməsi ilə bağlı hər hansı rəsmi məlumat təqdim edilməsi müəyyən edilməmişdir. -“xxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 12 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxxxxxxxxxxxxxx” ASC-də işləmiş, həmin işlədiyi illər üzrə ona əmək haqqı, eləcə də DSMF-yə ayırmalar hesablanmışdır. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 nömrəli bildirişindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi İstehsalat Təmir-Tikinti Birliyi və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2003-2005-ci illər üzrə DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövr onun sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi İstehsalat Təmir-Tikinti Birliyi və xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2003-2005-ci illər üzrə DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövr onun sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin cavabdeh orqan xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək iddiaçının işlədiyi İstehsalat Təmir-Tikinti Birliyi və 2003-2005-ci illərdə “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən DSMF-nin hesabına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə həmin dövrləri onun sığorta stajına daxil edilməsindən imtina etmişdir. Halbuki işəgötürənin iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqını müvafiq hesaba ödəməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, “Sosial sığorta haqqında” Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələri kimi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları ilə “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən Sosial müdafiə fondunun hesabına 2003-2005-ci illərdə təyinatı üzrə müvafiq ödənişlər edildiyi müəyyən edilmişdir. Deməli cavabdeh orqanın “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2003-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlı arqumentləri əsassızdır. Beləliklə iddiaçının iş stajını təsdiq edən əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 1 il 8 ay 12 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 4 il 10 ay 6 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 9 ay 17 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 1 il 3 ay 29 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 2 il 3 ay 12 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək 4 il 5 ay, xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 10 il 2 ay 2 gün, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək 1 il 4 ay 27 gün olmaqla ümumilikdə 26 11 ay 15 gün sığorta stajı mövcuddur. Məhkəmə qeyd olunan əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar