Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1715/2023 14.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X10 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Gəncə şəhərində yerləşən 400 kv.m torpaq sahəsinə dair hüququn X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X13 xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. X8 ilə X13 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 601 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə İsmayılzadə, arvada İsmayılzadə soyadı verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 46 nömrəli sərəncamına əsasən “Farforist” bağçılıq yoldaşlığının xx.xx.1993-cü il tarixli a-42 nömrəli məktubunu və torpaq sahələrinin naməlum şəxslər tərəfindən zəbt edilib tikinti işlərinin aparılmasının qarşısını almaq məqsədilə Avtozavod yolu ərazisində yerləşən 7,1 ha yararsız dərə və çuxur olan torpaq sahələri bağ sahələri üçüb “Farforist” bağçılıq yoldaşlığına verilmişdir. “Farforist” X7 xx.xx.1993-cü il tarixli, 09 nömrəli protokolu əsasında birliyin üzvü X5 bağ evi tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli, PŞ-13-23 nömrəli rəyinə əsasən həmin torpaq sahəsi Nizami rayonu ərazisində olmaqla Z.Q.İsmayılzadənin istifadəsindədir, Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. X5 Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamına və “Farforist” BYB HT-nin xx.xx.1993-cü il tarixli 09 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 2878 nömrə ilə uçota alınmışdır. X8 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə xx.xx.2019-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 736 nömrə ilə qeyd aparılmışdır. İddiaçı Gəncə şəhəri, Avtozavod yolu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək bildirilmişdir ki, aparılan araşdırma zamanı “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahələrinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək “Gəncə şəhərində yerləşən 400 kv.m torpaq sahəsi üzərində X1nun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək Gəncə şəhərində yerləşən 400 kv.m torpaq sahəsinə dair hüququn X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildə X8 ilə evlənərək ailə həyatı qurmuş, birgə nikahlarından iki övladları olmuşdur. X1 xx.xx.2019-cu ildə ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Avtozavod ərazisində (indiki Cavadxan qəsəbəsi) bağ evi tikintisi üçün “Farforist” bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaqların birliyin üzvlərinə verilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti başçısı 1993-cü il tarixdə sərəncam vermişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamına əsasən “Fasforist” X7 Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli 09 saylı protokolu əsasında birliyin üzvü olan mərhum Zakir İsmayılzadəyə bağ evi tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət etsə də, cavab məktubunda bildirilmişdir ki, “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahələrinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır, Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2680/2023 nömrəli etirazını təqdim etmiş, etirazda imtinanın əsasları təkrarlanmış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və Torpaq Məcəlləsinin maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs Gəncə şəhər Nizami rayonu Nizami bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxs Gəncə şəhər Nizami rayonu Nizami bələdiyyəsinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxs X10 oğlu iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, X1 qardaşıdır, “Farforist” bağçılıq birliyi tərəfindən hər ikisinə qonşu torpaq sahələri verilmişdir. Hazırda iddiaçının tələb etdiyi torpaq sahəsinin yanındakı torpağı faktiki olaraq özü istifadə edir. Onun tikdiyi evin bir hissəsi hazırda mübahisələndirilən torpaq sahəsinə düşsə də, iddianın təmin olunmasına etiraz etmir. Həmin mübahisəni daha sonra iddiaçı ilə razılıq yolu həll edəcəklər. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən X10 oğlunun naturada təqdim etdiyi 800.0 kv.m, habelə A seriyalı 418384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələridir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirib-dəyişdirilməməsi barədə, idarəmizin elektron baza materialları və arxiv sənədlərində məlumat aşkarlanmadı. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan 800 kv.m faktiki sahənin, 400 kv.m hissəsi A seriyalı 418384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi ilə, üst-üstə düşür. Torpaq sahəsinin hava məkanında yüksək gərginlikli hava xətti müşahidə olunmadı. Torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sanaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşüb-düşməməsi barədə idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan 800 kv.m faktiki sahənin, 400 kv.m hissəsi X4 adına tərtib olunmuş A seriyalı 418384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi ilə, 400 kv.m hissəsi isə, X10 oğlunun adına tərtib olunmuş A seriyalı 445209 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsilə üst-üstə düşür. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxslərin mülkiyyət, icarə və yaxud istifadə hüquqlarınıı təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki sahəyə, A seriyalı 418384 vəA seriyalı 445209 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunan koordinatlara, yeni kadastr sistemi adlı elektron baza materiallarına və həmin baza materiallarında mövcud olan, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi X2 edənin suallarına cavab olaraq bildirmişdir ki, tədqiqat zamanı iddiaçının qohumu X10 oğlu tərəfindən ona 8 sot torpaq sahəsi təqdim edilmişdir. Həmin 8 sot torpaq sahəsi üzərində ev tikilmişdir ki, onun bir hissəsi iddiaçının təqdim etdiyi torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan torpaq sahəsinə düşür. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6451 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, X5 Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamına və “Farforist” BYB HT-nin xx.xx.1993-cü il tarixli 09 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Gəncə şəhəri, Avtozavod ərazisindəki iddiaçının mərhum ərinə məxsus olması təsdiqini tapır. Belə ki, həmin bağ sahəsi Gəncə Şəhər İcra Hakimiyyəti xx.xx.1993-cü il tarixli 44 №-li sərəncamına və “Farforist” BYB HT-nin xx.xx.1993-cü il tarixli 09 saylı protokol-qərarına əsasən iddiaçının mərhum ərinə verilmişdir. Həmin sərəncam səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin sərəncam iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Digər tərəfdən, qeyd olunan Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir (7.1ci bənd). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir (7.2-ci bənd). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3-cü bənd). Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Başqa sözlə, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. A seriyalı 418384 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş 400 kv.m torpaq sahəsinin X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X6, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1715/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1715/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver