Məhkəmə qərarları › İş №2-1(114)-1716/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1716/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1716/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra məntdə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci il tarixdən xx.xx.1996-cı ilədək Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Şəmkir rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.1995-ci il yaxınlığında mərmi patlaması ilə əlaqədar olaraq sağ gözü zədələndiyi üçün 230 saylı hərbi hospitala göndərilmiş, orada 1 ay müalicə olmuşdur. 1992-ci ildən xx.xx.1996-cı ilədək Ağdam, Fizuli, Kəlbəcər, Hərami düzü istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteran adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona rədd cavabı verilmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nazirliyin Mərkəzi Arxivindən verilən xx.xx.2020-ci il tarixli 9/2-22 nömrəli məktuba əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 30 №2 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hospital müalicəyə göndərilmişdir. xx.xx.1993-cü il tarixdən hərbi hospitaldan müalicədən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 43 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən yemək normasına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 89 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni dəfələrlə tərk etmiş sıravi İddiaçı Güman oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 152Q nömrəli əmrilə ərzaq daşıma tağıma keçirilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 73 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil eidlərək “snayper” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 11 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən pulemyotçu vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq sərəncamına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 36 nömrəli əmrilə şəxsi heyətin sırasından çıxarılaraq hərbi sənədləri rayon hərbi Komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissədən fərarilik etmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 108 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.Tibbi xidməti rəisinin göndərişinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 155 nömrəli əmrilə müalicə üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq Direktivinə əsasən hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 47a nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması ilə bağlı məlumat vardır. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tatixli, 383-İ QR Qərarının 9-cu bəndinə əsasən “…Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı qüvvətlərində xidmət müddətində hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ….törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteran, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteran” adı verilə bilməz. Odur ki, iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, NZ6176606 nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/C-3837 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-22 nömrəli arayışı, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 11/5220 nömrəli etirazı və N nömrəli hərbi hissənin stasionar kitabından çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçıya məxsus NZ6176606 nömrəli hərbi biletdə onun xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağrılması, xx.xx.1993-cü il tarixli 89 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.1993-cü il tarixədək xidmət etməsi, sonuncu olaraq xx.xx.1994-cü il tarixədək hərbi xidmətdə olması barədə qeydlər aparılsa da, iş materiallarında olan Müdafiə Nazirliyinin İşlər X1 xx.xx.2020-ci il tarixli 9/2-22 nömrəli Arxiv arayışının beşinci abzasında İddiaçı Güman oğlunun xx.xx.1993-cü il tarixli 73 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olması, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 36 nömrəli əmrlə Rayon Hərbi Komissarlığına göndərilməsi, xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.1994-cü il tarixdə müalicə üçün N nömrəli hərbi hissəyə göndərilməsi və xx.xx.1996cı il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətindən çıxarılması barədə məlumatlar əks olunmuşdur. Göründüyü kimi, iddiaçı sonuncu olaraq N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə arxiv arayışında qeydlər olsa da, işdəki arxiv arayışından görünür ki: -iddiaçı dəfələrlə hərbi hissəni tərk etmiş (dördüncü və yedinci abzasda). -fərarilik etmişdir (səkkizci abzasda). Bununla yanaşı, hərbi biletin 23-cü səhifəsində iddiaçıya Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti nəzərə alınmaması qeyd edilmişdir. Odur ki, iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilmir. xx xxxxxx 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3- cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3- cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə görə müharibə veteranı adının verilməsi döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması aidiyyəti dövlət orqanının arayışı (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında verildiyindən və belə arayış və əmrlər olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar