Məhkəmə qərarları › İş №2-1(114)-1716/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1716/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1716/2021 17.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə aidiyyətlə bağlı məsələyə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16.10.2012-ci il tarixdən etibarən 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 16.10.2012-ci ildə iki böyrəyindən birini əməliyyat nəticəsində itirmiş, tək böyrəkdir və ikinci böyrəyinin daşlı pulonefriti (böyrək çatışmamazlığı, sol böyrəyin nefroektomiya əməliyyatından sonrakı vəziyyət XBÇ-l-2-ci dərəcə) xəstəliyindən əziyyət çəkir. Həmin vaxtdan indiyədək müxtəlif vaxtlarda stasionar qaydada müalicə almış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Abbassəhət Xəstəxanasında əməliyyat olunaraq sol böyrəyi çıxarılmış, sağ böyrəyi və sidik kisəsində isə daimi olaraq daş əmələ gəldiyindən hazırda sağ böyrəyinidə itirmək təhlükəsi var. Bununla bağlı 2012-ci il tarixdə cavabdeh tərəfindən 2-ci qurup əlillik təyin edilmiş və 2021-ci il tarixədək əlillik dərəcəsi davam etmişdir. Hər il daimi olaraq müayinə nəticəsində xəstəliyi üzrə cavabdeh tərəfindən bütün tibbi sənədləri yoxlanılmış və müayinə edilərək xəstəliyi üzrə davamlı olaraq əllillik qurupu olması təmin edilmişdir. 08.06.2021-ci ildə o, əlilliyinin təkrar verilməsi və müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin 02.07.2021-ci ildə ona tibbi sənədlər əsasında stasinar müalicənin xəstəxana tərəfindən təmin edilməməsi ilə bağlı imtina edilmişdir. O, xəstəliyi ilə bağlı 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi xəstəxanasında stasianar müalicə almış, 2021ci ilin aprel ayında təkrar müayinə edilmiş və sənədləri cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Ona görə də cavabdehin imtinasını əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına qarşı cavabdehin üzərinə 16.10.2012-ci il tarixdən etibarən 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasının hüquqi ünvanı ünvan 1 rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar