Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1718/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı Tovuz Regional Ərazi Filialı) qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu, Alakol kəndində yaşayır. O, 02 iyul 1980-ci il tarixdə 1 nömrəli toxumçuluq sovxozunda işə qəbul edilmiş və 05 sentyabr 1980-ci il tarixdə həmin işdən azad edilmişdir. Sonradan yəni, 01 sentyabr 1980-ci il tarixdən 1986-cı ilin 26 oktyabrınadək 155 nömrəli peşə məktəbində müxtəlif vəzifələrdə işləmişdir. 01 noyabr 1986-cı il tarixdən Tovuz rayonu 1 nömrəli toxumçuluq sovxozuna işə qəbul olunmuş və 01 aprel 2009-cu il tarixədək orada da müxtəlif vəzifələrdə çalışmışdır. Ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Tovuz rayon üzrə 20 saylı Regional Ərazi Filialına müraciət etsə də, bildirilmişdir ki, təqdim etdiyi sənədlərin araşdırılması zərurəti vardır. Bir müddət sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********3 saylı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edilmişdir ki, Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında onun adı qeyd edilməmişdir. Lakin onun təqdim etdiyi Tovuz rayon Dövlət Arxivinin 04 aprel 2022-ci il tarixli, 48 saylı arxiv arayışında onun aylıq əmək haqqı almağı öz əksini tapmışdır. Həmin arxiv arayışının qeyd hissəsində göstərilmişdir ki, 1987-ci ilin şəxsi hesab kitabında “İsmayılov” qeyd edilib, kitabda ad cırılıb qarşısında toxum anbarı sözü qeyd edilib. Hesab edir ki, bu da onun günahı ucbatından baş vermədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********3 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında imtinası əsassızdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1980-ci il tarixli, İT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən 05.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1981, xx.xx.1981-xx.xx.1986-cı il tarixlərdə işlədiyi dövrlər) 8 il 3 ay 12 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. xx.xx.1980-ci il tarixdə tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. 1 saylı Qazax- Tovuz regional filialının sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (19 il 2 ay) Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında İddiaçı adı qeyd olunmadığı üçün mübahisələndirilir. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2021- ci il tarixədək əlilliyə görə pensiya təyin edilmişdir. Həmçinin, iddiaçının adına aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından, ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 48 nömrəli arxiv arayışının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktublarının surətləri, xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2022-ci il tarixli, 218 nömrəli və xx.xx.2022-ci il tarixli, 388 nömrəli arayışlar, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 91 nömrəli arxiv arayışı, xx.xx.2022-ci il tarixli müraciət vərəqəsinin surəti, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 131 nömrəli arxiv arayışının surəti və 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********963600 nömrəli məktubunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun əmək haqqına dair şəxsi hesab kitablarında İddiaçı adı qeyd olunmadığından, həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi dövr iddiaçıya məxsus əmək kitabçasında və Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun xx.xx.2022-ci il tarixli, 91 nömrəli arayışında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının və arayışın mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan əmək kitabçasının surətindən və Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun xx.xx.2022-ci il tarixli, 91 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1986-cı il tarixli, 195 nömrəli əmrlə Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunun 5 saylı briqadasına fəhlə qəbul edilmiş və xx.xx.2009-cu il tarixli, 04 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iddiaçının Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Cavabdeh inzibati orqanın etirazında imtinanın digər əsası kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalının qeydə alınmadığı göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb Qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. İddiaçı isə həmin tarixədək ona yaşa görə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Belə ki, qanun dəyişilənədək iddiaçı artıq 25 il sığorta stajı qazanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadında “Qazanılmış hüquq” anlayışına belə tərif verilmişdir ki, yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitirməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Bundan başqa, İddiaçı iddia ərizəsində ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (19 il 3 ay) Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda fəhlə işlədiyi dövr də daxil edilməklə, cəmi 27 il 06 ay 12 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Tovuz rayon 1 nömrəli toxumçuluq sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov