Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1720/2020 01.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli imtina aktının ləğv edilməsi və 190 manatın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sərt karantin dövründə aylıq ödənilməli olan birdəfəlik 190 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı işsiz kimi 190 manat birdəfəlik müavinətin alınması üçün xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçıya imtina gələrək 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmiş, səbəb kimi isə ərinin əmək pensiyaçısı olduğu göstərilmişdir. İddiaçı hesab edir ki, ona verilmiş imtina qanunsuzdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli imtina aktının ləğv edilməsi və 190 manatın ödənilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, heç yerdə işləmir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, MAS tərəfindən iddiaçının məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunmuşdur və əri X1 pensiya aldığından iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İİ-ЖГ 339767 nömrəli, xx.xx.2001-ci il tarixli “Boşanma haqqında” şəhadətnamədən görünür ki, X1 ilə X3 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2001-ci ilin mart ayının 27-ci günündə 42 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra qadına “Abbasova” soyadı verilmişdir. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 244 nömrəli məktubundan görünür ki, vətəndaş Abbasova (Bağırova) Elmira Cabbar qızı xx.xx.1993-cü ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olmuş, qeyd edilən nikah xx.xx.2001-ci il tarixdə Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuşdur. -İddiaçı məxsus xx.xx.2014-cü il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncunun ailə vəziyyəti “subay” olaraq qeyd olunmuşdur. -E-SOSİAL.AZ portalından göndərilmiş xx.xx.2020-ci il tarixli mesajın məzmunundan görünür ki, İddiaçı əri əmək pensiyaçısı olduğu üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 saylı qərarına əsasən ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Belə ki, iddianın məzmunundan görünür ki, iddiaçı “cavabdehin xx.xx.2020-ci il tarixli imtina aktının ləğv edilməsi və 190 manatın ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Plenum qərarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu inzibati akt hesab edilməli və hazırki iddiaya da mübahisələndirmə haqqında iddia növü kimi qiymət verilməlidir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın:- -1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. -1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. -2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. -2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. -2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. Cavabdeh orqanın imtinasının, eləcə də etirazının məzmunundan görünür ki, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina edilməsinin əsası kimi həmin Qaydanın 2.3.10-cu bəndi qeyd olunmuşdur. Başqa sözlə iddiaçının Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində evli kimi qeyd olunduğuna və əri X1 pensiya aldığına görə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, iş materialları ilə, eləcə də müvafiq sorğular nəticəsində əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olsa da, qeyd edilən nikah xx.xx.2001-ci il tarixdə Kəpəz rayon Qeydiyyat şöbəsində pozulmuş və hazırki tarixədək subaydır. Beləliklə müəyyən olunur ki, cavabdeh orqan iddiaçıya dair məlumatların təhlili zamanı səhvə yol verərək xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ona aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtina etmiş və nəticə etibarilə onun hüquqlarını məhdudlaşdırmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iddiaçıya aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsindən imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin xx.xx.2020-ci il tarixli imtina aktı ləğv edilməli və iddiaçıya aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina aktı ləğv edilsin. İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə verilməli olan aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1720/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1720/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver