Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1720/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Gəncə «Asan Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı adın, soyadın və ata adının dəyişdirilərək X1 qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə «Asan Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, adın, soyadın və ata adının dəyişdirilərək X1 qeyd edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişlər. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. İdiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddə). Məhkəmə araşdırmasının predmetini 20.07.2018-ci il tarixdə Gəncə «Asan Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 024036 nömrəli “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” şəhadətnamə, 31.07.2018-ci il tarixdə verilmiş AZ-İV 133929 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti və cavabdehin 16.07.2021-ci il tarixli, 05/Q-2216/15 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının (bundan sonra mətndə «Qaydalar») 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilən Gəncə «Asan Xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 024036 nömrəli “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” şəhadətnamədən müəyyən olunur ki, iddiaçı ilk dəfə «Əhmədova» soyadını hazırki «Məmmədova» soyadına və «Mətanət» adını hazırki «Xədicə» adına, “ Səhrab” ata adını hazırki “İbrahim” adına dəyişdirmiş və ona bu barədə 31.07.2018-ci il tarixdə AZ-İV 133929 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, yenidən X2 adına keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən adının, ata adının və soyadının dəyişdirilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə «Asan Xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı adın, soyadın və ata adının dəyişdirilərək X1 qeyd edilməsi edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1720/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1720/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver