Məhkəmə qərarları › İş №2-1(114)-1721/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1721/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1721/2021 08.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 07 iyul 2010-cu il tarixli qərarın ləğv edilməsi və məcburi icra kimi tutulmuş 24583.75 manat icra haqqının qaytarılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin icraçısı X1 07.07.20210-cu il tarixli qərarının ləğv edilməsi və məcburi icra kimi ondan tutulmuş 24583.75 manat icra haqqının ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 28.07.2006-cı il, 09.10.2006-cı il və 17.03.2008-ci tarixli kredit müqavilələri əsasında sonuncudan götürdüyü kreditlər üzrə ödənişləri həyata keçirə bilmədiyi üçün "xxxx" ASC ona qarşı iddia qaldırmış və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.05.2010-cu il tarixli, 2(044)-518/2010 saylı qətnaməsi ilə ondan 28.07.2006-cı il tarixli kredit müqaviləsi üzrə 92246.57 manat, "xxxx" MMC-dən 09.10.2006-cı il tarixli kredit müqaviləsi üzrə 63495.42 ABŞ dolları və 17.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 119747 ABŞ dolları kredit borcunun tutulması, hər üç kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan, Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, 130 nömrəli evə yönəldilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı da nə onun nə də digər cavabdehlərin heç bir etirzımı olmayıb. Qeyd olunan məhkəmə qətnaməsi üzrə ipoteka predmeti olan evin ilkin satış qiyməti 550.000 manat dəyərində qiymətləndirilmiş, həmin qiymətə uyğun olaraq ev hərraca çıxarılmışdır. Birinci hərracda ev satılmadığından 06.07.2011-ci il tarixdə keçirilmiş ikinci hərracda ev 25 faiz aşağı qiymətlə, yəni 350.625 manatla hərraca çıxarılmışdır və "xxxx" ASC evi qeyd olunan qiymətlə almışdır. Qeyd olunan hərrac Bakı şəhərində yerləşən "xxxx" MMC tərəfindən həyata keçirilmiş və bundan sonra "xxxx" ASC onlara qarşı hərracın yekunlarına dair müqavilənin ləğvi, əmlakın yenidən qiymətləndirilməsi və hərracın yenidən keçirilməsinə dair Bakı şəhər Nərimanov rayon məhkəməsində iddia qaldırmış və iddiaçı da pul tələbinə dair "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia qaldırmışdır. Qeyd olunan iddialar üzrə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23.09.2015-ci il tarixli qətnaməsi üzrə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.01.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23.09.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, "xxxx" ASC-nin ilkin iddiası rədd edilmiş və onun qarşılıqlı iddiası təmin edilərək "xxxx" ASC-dən 14793.7 manat məbləğində pulun tutularaq ipoteka predmeti olan ev üzrə paylı mülkiyyətçilər İddiaçı, X5, X6ma və X7ma ödənilməsi qət edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi hesab etmişdir ki, 07.09.2012-ci il tarixdə hərracın yekunları ilə bağlı mübahisəyə son qoyulduğundan 07.09.2012-ci il tarixdən 08.04.2015-ci il tarixədək, 2 il 7 ay ərzində bank ipoteka qoyanlara 114 min 532 manat pulu qaytarmamışdır və həmin puldan yararlanmışdır. Məhkəmə qətnamələrindən, qararlarından və digər sənədlərdən göründüyü kimi 07.09.2012-ci il tarixdə hərracın yekunları ilə bağlı mübahisəyə son qoyulmuş, mübahisəli ev bankın mülkiyyətinə keçmişdir. Bank evi 350 min 625 manata aldığı və ipoteka qoyanlara 114 min 532 manat qaytarmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ipoteka qoyanlara külli miqdarda ziyan vurmuşdur. Buna baxmayaraq Gəncə şəhər Nizami rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraşıları şöbəsinin icraçısı X1 07.07.2010-cu il tarixli qərarı ilə guya iddiaçının və "xxxx" MMC tərəfindən müəyyən edilmiş vaxt ərzində könüllü icranı təmin etməməsi əsas gətirilərək ondan və "xxxx" MMC-dən 7% məbləğində icra haqqı tutulması qərara alınmışdır Qeyd olunan qərar əsasında ondan 24583.75 manat icra haqqı tutulmuşdur. Qeyd olunan qərar qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalı və artıq ödənilmiş 24583.75 manat məcburi icra haqqı tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.05.2010-cu il tarixli, 2(044)-518/2010 saylı qətnaməsi ilə ondan 28.07.2006-cı il tarixli kredit müqaviləsi üzrə 92246.57 manat, "xxxx" MMC-dən 09.10.2006-cı il tarixli kredit müqaviləsi üzrə 63495.42 ABŞ dolları və 17.03.2008-ci il tarixli kredit müqaviləsi üzrə 119747 ABŞ dolları kredit borcunun tutulması, hər üç kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan, Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, 130 nömrəli evə yönəldilməsi qət edilmişdir. Qeyd olunän qətnamə icraya yönəldilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı da nə onun nə də digər cavabdehlərin heç bir etirazı olmayıb. Ona görə də heç bir məcburi icra hərəkətindən söhbət gedə bilməz. İş materiallarına əlavə olunmuş 14 may 2010-cu il tarixli 2(0440518/10 nömrəli Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-i, X9, İddiaçı, X8, X2, X3 və X4 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən(hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi(maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası(maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «icra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir". Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və 10.09.2019-cu il tarixli (İş № 2- 1(102)-2242/2019) nömrəli qərarlarında qeyd edilmişdir ki, «İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. "İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər». Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh olunan mövqelərindən çıxış edərək hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etməmiş, Gəncə İnzibati Məhkəməsində ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir, inzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı 07 iyul 2010-cu il tarixli qərarın ləğv edilməsi və məcburi icra kimi tutulmuş 24583.75 manat icra haqqının qaytarılması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar