Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1722/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Daşkəsən rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Daşkəsən rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kiktabçasında qeydiyyatı aparılmış və işlədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2007ci il tarixədək olan dövr üçün əmək stajının təsdiq edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1991-ci ilədək Daşkəsən rayon «S.Vurğun» adına sovxozda fasiləsiz olaraq malabaxan, traktorçu, naxırçı işləmiş, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə qədər Daşkəsən rayon «M.Hüseynzadə» adına kolxozda traktorçu işləmiş, «M.Hüseynzadə» adına kolxozda aparılan islahat nəticəsində o digər iş yoldaşları ilə birlikdə xx.xx.1993-cü il tarixdən Daşkəsən rayon MTS (X2) traktorçu kimi işə qəbul olunmuş və həmin müəssisədə xx.xx.2007-ci ilədək işləmiş və öz ərizəsinə əsasən həmin tarixdən işdən azad olunmuşdur. Pensiya yaşına çatdığı üçün zəruri olan sənədləri təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu ilə xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə qədər olan dövrü və xx.xx.1994cü il tarixdən xx.xx.2007-ci ilədək olan dövrdəki əmək stajını qəbul etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına ATX müəsissəsində traktorçu və xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Daşkəsən rayon Aqrar Servis ATSC-də traktorçu işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edən zaman təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu və xx.xx.2007-ci ilədək Daşkəsən MTS-də traktorçu işləməsi qeyd edilmiş, lakin həmin dövrlərdə işləməsinin qarşılıqlı yoxlaması mümkün olmadığından iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus olan xx.xx.1991-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası, cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu və yazılı etirazı təşkil etmişlər.Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyasının bu norması, hazırkı işin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1991-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli 60 nömrəli əmrlə Daşkəsən rayonu M.Hüseyinzadə adına kolxoza traktorçu qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 13 nömrəli əmrlə həmin kolxoz ləğv olduğuna görə işdən azad edilmş, xx.xx.1992-ci il tarixli 7 nömrəli əmrlə Daşkəsən rayon M.Hüseynzadə adına ATX müəssisəsinə traktorçu qəbul edilmiş, xx.xx.1993-cü il tarixli 1 nömrəli əmrlə müəssisə ləğv olunduğu üçün işdən azad olunmuş, xx.xx.1993-cü il tarixli 08Ş5 nömrəli əmrlə Daşkəsən rayon MTS-ə traktorçu təyin edilmiş, xx.xx.2007-ci il tarixli 44Ş3 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Daşkəsən rayon filialı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Daşkəsən rayon M.Hüseynzadə adına ATX müəssisəsində traktorçu və xx.xx.1993-cü ildən xx.xx.2007-ci il tarixə kimi Daşkəsən rayon MTS (X3)-da traktorçu işləməsi qeyd edilmiş, lakin əmək kitabçasında qeyd edilən iş stajı Daşkəsən rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarına əsasən yoxlanılmış və xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək qeyd olunan iş stajının yoxlanılması zamanı müəssisənin əmr kitabları arxivdə mühafizə olunmadığı üçün həmin illərdə işləməsinin doğruluğunu müəyyən etmək mümkün olmamış, xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə qeyd olunmuş iş stajının yoxlanılması zamanı məlum olmuşdur ki, müəssisənin şöbəyə təqdim etdiyi hesabatlarda iddiaçının sonuncu məcburi dövlət sosial sığorta haqqı xx.xx.1998-ci il tarixədək ödənilmişdir. Ona görədə qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajı olmadığına görə onun əmək pensiyası almaq hüququ yaranmır. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.1977-xx.xx.1991-ci illərə dair (13 il 8 ay 29 gün) iş stajını və iddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərə dair (2 il 1 ay 11 gün) hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edildiyini, lakin əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1992-cü il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına ATX müəsissəsində traktorçu və xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi Daşkəsən rayon MTS (X2) traktorçu işlədiyi illərə dair iş stajı barədə əmr kitabları arxivə təqdim edilmədiyi üçün həmin illəri nəzərə ala bilmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasnı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi tələbi qismən əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələbinə görə tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı (13 il 8 ay 29 gün qəbul edilən illər) + (2 il 1 ay 11 gün hərbi xidmət dövrü) + (1 il 1 ay 7 gün Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu işlədiyi illər) + (1 il 7 ay Daşkəsən rayon MTS (X2) traktorçu işlədiyi illər) + (12 il 17 gün Daşkəsən rayon Aqrar Servis ATSC-də traktorçu işlədiyi illər) = 30 il 7 ay 4 gün təşkil edir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi Daşkəsən rayon MTS (X2) traktorçu işlədiyi illərin sığorta stajı kimi qəbul olunması mümkün deyildir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan Əmək Pensiyaları haqqında Qanuna əsasən yaşa görə pensiya sığortaolunanın fərdi hesabının sığorta hissəsində əmək pensiyasının təyin oldunduğu tarixə qeydə alınmış pensiya kapitalına uyğun aparılır. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi iddiaçının həmin vaxt işlədiyi müəssisə məcburi dövlət sosial sığorta haqqını xx.xx.1998-ci il tarixdək ödəmişdir. Odur ki, iddia həmin hissədə rədd olunmalıdır. Beləliklə iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiatəmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Daşkəsən rayon filialının üzərinə İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına kolxozda traktorçu, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Daşkəsən rayon M.Hüseyinzadə adına ATX müəsissəsində traktorçu və xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Daşkəsən rayon MTS (X2) traktorçu işlədiyi illəri sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1722/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1722/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver