Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1724/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) Qazax rayon X1 qərarının ləğv edilməsi tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X2) Qazax rayon X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı «buraxılmış müddətin bərpa edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin qaldırılması üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçıya, iddiaçının nümayəndəsinə, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə hazırki iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı Qazax rayon X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarını mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu növ iddia onunla xarakterizə olunur ki, hüquq əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İnzibati Məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən keçir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qayda da qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyati və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35.1-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar iddia İPM-in qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin İİ yarım bölməsinin müddəalarına görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). İddiaçı müddəti ötürməsini Qazax rayon X1 qərarından xəbərsiz olmas ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu barədə göstərdiklərini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-018A (KOD 50100058) nömrəli şəhadətnamədən görünür ki, o hüququnun pozulmasından şəhadətnamənin verildiyi xx.xx.2005-ci il tarixdən məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçı Qazax rayon X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarının ona münasibətdə ləğv edilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da həmin inzibati aktın mübahisələndirmə müddətini heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının mənasından göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 1 ay müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” xx.xx.2018-ci il tarixli 2-411 saylı icmal məktubunda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquqi münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi hallarda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) Qazax rayon X1 xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1724/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1724/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver