Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1726/2020 06.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Könüllü bələdiyyəsinə qarşı (üçüncü şəxs X4) qərarın qismən ləğv edilməsitələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayon Könüllü bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Könüllü bələdiyyəsinin üçüncü şəxs X3 Könüllü kəndinin ərazisində torpaq sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli qərarının qismən, yəni onun istifadəsində olan 0.06 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, həmin kənddə böyümüş, sonra ailə şəratilə əlaqədar qonşu kəndə köçmüş, lakin mütəmadi olaraq kəndə gedib gəlmişdir. Mübahisə predmeti olan torpaq sahəsi 2005-ci ildən onun faktiki istifadəsində olmuşdur. Belə ki, əri X1 müharibəsində şəhid olmuş və onun vəfatından sonra Könüllü bələdiyyəsi ata evinin yaxınlığında yerləşən 0.06 ha torpaq sahəsini ona şəhid ailəsi olaraq ayırmışdır. Həmin vaxtdan torpaq sahəsindən istifadə etmiş və torpaq sahəsində ağaclar əkmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, həmin torpaq sahəsi üçüncü şəxsə satılmış və sonuncu həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. İddiaçı hesab edir ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı qismən, yəni onun istifadəsində olan 0.06 ha torpaq sahəsinə münasibətdə qanunsuz olduğuna görə ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o həmin sahədən heç vaxt istifadə etməmiş, ətrafına çəpər və yaxud hasar çəkməmişdir. Üçüncü şəxs X4 iddianı qəbul etməyərək bildirmişdir ki, o həmin sahəni 1988-ci ildən istifadə edir və orada ev tikmişdir, 2020-ci ilin iyul ayında isə çıxarış almışdır, iddiaçı isə həmin sahədən heç vaxt istifadə etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasının 05 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin ehtiyat fondunda olan 0.12 ha alqı-satqı və icarə predmeti olan torpaq sahəsinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması və icarəyə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. -AA 517003 nömrəli, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.12 ha torpaq sahəsi X2 adına plan və ölçünün tərtib edilməsinə əsasxx.xx.2020-ci il tarixli, 4Ə-1138 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. -********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasının 35 nömrəli məktubundan görünür ki, Könüllü kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi halhazırda kənd sakini X2 tam mülkiyyətindədir, əvvəllər isə 0.06 ha hissəsi boş istifadəsiz həyətyanı torpaq sahəsi olmuş, sonuncunun 2018-ci ildə bələdiyyəyə müraciəti əsasında 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin prosedur qaydalarına başlanılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Şəmkir rayon Könüllü bələdiyyəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə bələdiyyənin ehtiyat fondunda olan 0.12 ha alqı-satqı və icarə predmeti olan torpaq sahəsinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması qərara alınmış və X2 2018-ci ildə bələdiyyəyə müraciəti əsasında 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin prosedur qaydalarına başlanılmış, xx.xx.2020-ci il tarixli, 4Ə-1138 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə torpaq sahəsi alqı-satqı qaydasında əldə edilmiş və xx.xx.2020-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.06 ha hissəsinin ona şəhid ailəsi olaraq ayrıldığını iddia etsə də, həmin sahənin ona rəsmi qaydada ayrılmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, həmçinin məhkəmə iclasında iddia ərizəsi ilə ziddiyyət təşkil edən izahat verərək həmin sahədən ümumiyyətlə istifadə etmədiyini bildirmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: -6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -6.5-ci maddəsində isə qeyd edilir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinin birinci bəndinə görə, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Oxşar norma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci bəndində də nəzərdə tutulmuşdur. Qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin fiziki şəxslərin mülkiyyətinə verilməsi üçün müvafiq prosedur qaydaları müəyyən edilmişdir. Mübahisələndirilən bələdiyyə qərarı ilə bələdiyyənin ehtiyat fondunda olan 0.12 ha alqı-satqı və icarə predmeti olan torpaq sahəsinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması və icarəyə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış, daha sonra qanunvericiliklə müəyyən edilmiş qaydada həmin torpaq sahəsi üçüncü şəxsə satılmışdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsinin ona ayrılması faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, mübahisələndirilən bələdiyyə qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Şəmkir rayon Könüllü bələdiyyəsinə qarşı qərarın qismən ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1726/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1726/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver