Məhkəmə qərarları › İş №2-1(114)-1727/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1727/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1727/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı İsgəndərova (Uzurluyeva) Sədaqət Cümalı qızının iştirakı ilə, İddiaçı İsgəndərova (Uzurluyeva) Sədaqət Cümalı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16rşı Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evin üzərinə qoyulmuş həbsin götürülməsi və hüquqlarının dövlət qeydiyyatına alınması üçün çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İsgəndərova (Uzurluyeva) Sədaqət Cümalı qızı (bundan sonar mətndə iddiaçı)cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 (bundan sonar mətndə cavabdeh) qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evin üzərinə qoyulmuş həbsin götürülməsi və hüquqlarının dövlət qeydiyyatına alınması üçün çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evi xx.xx.1983-cü ildə X3 almış, alqı-satqı müqaviləsi bağlandıqdan sonra ailə üzvləri ilə birlikdə ona məxsus olan evə köçmüş və hazırda həmin evdə yaşayır. Sözügedən mənzilin qeydiyyat vəsiqəsinin və hüquq müəyyənedici sənədlərin ona təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubunda fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyini və Kirovobad şəhəri Gəncə rayon X14 Komitəsinin xx.xx.1984-cü il tarixli 93-Q saylı məktubunda bu mülkin üzərinə həbs qoyulduğunu bildirərək bundan imtina etmişdir. Kirovabad şəhər Gəncə rayon Xalq Məhkəməsinin 2-317 nömrəli xx.xx.1983-cü il tarixli qətnaməsinə əsasən (məhkum) X2 7.178 m. 38 qəp. məbləğində pulun alınıb Kirovabad şəhər Sənaye malları ticarət idarəsinin hesabına köçürülməsinin qət edildiyi müəyyən edilmişdir. X1 rayon Xalq Məhkəməsinin 1-403 nömrəli xx.xx.1981-ci il tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş, məhkəmə tərəfindən 7.178 man. 38 qəp məbləğin ödənilməsi məqsədi ilə onun adına heç bir siyahıya alınası əmlak aşkar edilmədiyindən, Azərbaycan SSR-nin nikah və ailə Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq yaşadığı Sülh küçəsi, 23 ünvanında yerləşən ev siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. X5 xx.xx.1999-cu ildə vəfat etdiyindən əmlakın üzərinə qoyulmuş həbs müvəqqəti xarakter daşımaqla öz əhəmiyyətini itirmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi evin üzərinə Kirovobad şəhəri Gəncə rayon X10 İcrayyə Komitəsinin xx.xx.1984-cü il tarixli 93-Q saylı məktubunda bu mülkün üzərinə həbs qoyulduğunu bildirmişdir. Lakin həbsin götürülməsinə dair hər hansı sənəd Ərazi İdarəsinə daxil olmadığından cavabdeh tərəfindən həbsin götürülməsi mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1983-cü il tarixli alqı-satqı müqaviləsi, xx.xx.1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamə, xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnamə, Kirovobad şəhəri Gəncə rayon X10 İcrayyə Komitəsinin xx.xx.1984-cü il tarixli 93-Q saylı məktubu və cavabdehin xx.xx.2020-ci il tarixli **********30 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi iki hissədən, həbsin götürülməsi və çıxarışın verilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, X5 və X7 xx.xx.1979-cu il tarixdə nikahlarını bağlamış, bu barədə Kirovabad qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1461 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «İsgəndərov» arvada isə «İsgəndərova» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş V-ЖГ 316923 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli **********30 nömrəli məktubunda Kirovobad şəhəri Gəncə rayon X14 Komitəsinin xx.xx.1984-cü il tarixli 93-Q saylı məktubunda mülkün üzərinə həbs qoyulduğunu, lakin həbsin götürülməsinə dair hər hansı sənədin Ərazi İdarəsinə daxil olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.1983-cü il tarixli alqı-satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, iddiaçı İsgəndərova (Uzurluyeva) Sədaqət Cümalı qızı X4 Kirovabad şəhəri, Sülh küçəsi 23 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin vaxtdan onun həmin ev üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı xx.xx.1983-cü il tarixli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən sözügedən evi əldə etdiyindən yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə görə o həmin evə hüquqlarının qeydiyyata alınıb, çıxarış verilməsi tələbinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. - 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Tələbin sözügedən əmlakın üzərindən həbsin götürülməsi hissəsinə gəlincə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarının 1-ci bəndinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR-nin Mülki Məcəllənin 101-ci maddəsinə əsasən vətəndaşın şəxsi mülkiyyətində bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilərdi. Həmçinin həmin maddənin 2-ci bəndinə görə bir yerdə yaşayan ər-arvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya onun bir hissəsi) ola bilərdi. Məhkəmə həmçinin qeyd edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsində məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il keçdikdən sonra qüvvəsini itirdiyi göstərilmişdir. Hazırki işdə olan icra məktubundan görünür ki, icra sənədindən 36 il 8 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə bildirir ki, qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İsgəndərova (Uzurluyeva) X11 şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evin üzərinə qoyulmuş həbsin götürülməsi və hüquqlarının dövlət qeydiyyatına alınması üçün çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə tələbində haqlıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin.

1. Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evin üzərinə qoyulmuş həbs götürülsün. 2.Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, 23 ünvanında yerləşən evin üzərində İsgəndərova (Uzurluyeva) Sədaqət Cümalı qızının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və sonuncuya bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar