Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1727/2024 31.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə qarşı qərarın və sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə qarşı Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı qərarının və Cavabdeh başçısının 11 yanvar 2012-ci il tarixli 04 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.2954 ha və 0.5939 ha torpaq sahələri üzərində İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı protokolundan çıxarışa əsasən Diaqnostika Mərkəzi tikintisi altına Dondar Quşçu bələdiyyəsi ərazisindən, Bakı-Qazax avtomobil yolunun sol hissəsindən ölçüləri 150x120 metr olmaqla 1,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 04 saylı sərəncamı ilə Dondar Quşçu kəndi ərazisində X2 qərarı ilə ayrılmış 1,8 ha torpaq sahəsi daxilində rayonun baş memarı ilə razılaşdırılmış layihə əsasında Hemodializ Mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 3-59/M- 23961 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzinin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən inşa edilərək Səhiyyə Nazirliyinin balansına verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin: - xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı1 Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü aldığı vaxtlar torpaq sahəsi ona təlimata müvafiq tanıdılmışdır. 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi həmin ərazidə olmuş, sahənin döngə nöqtələrinin koordinatlarını bir daha ona göstərmişdir. Məlum olmuşdur ki, sahənin 0.1554 ha hissəsi başqa təşkilatın istifadəsindədir. - xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubunda bildirilmişdir ki, 15 saylı Tovuz Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri elektron baza məlumatlarına əsasən araşdırma apardıqda məlum olmuşdur ki, reyestr nömrəsi **********56 olan 0.5939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tamamilə hamısı reyestr nömrəsi **********55 olan 0.2954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi zəbt edilmiş başqa təşkilatın istifadəsindədir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-958/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə (üçüncü şəxs Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzi) qarşı Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı qərarının və Cavabdeh başçısının 11 yanvar 2012-ci il tarixli 04 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiaları mümkün sayılmamışdır. II. Məhkəmədə icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzi) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı qərarının və Cavabdeh başçısının 11 yanvar 2012-ci il tarixli 04 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı1 sahibkarlıq məqsədi ilə məxsus olan kənd təsərrüfatı təyinatlı 0,25 ha torpaq sahəsinin 0,1554 ha hissəsi və qızı digər İddiaçı2 MH seriyalı ******* saylı və MH seriyalı ******* saylı çıxarışlara əsasən məxsus olan 0,5939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hamısı, MH seriyalı ******* saylı çıxarışla isə 0,2954 ha torpaq sahəsinin bir hissəsi Tovur rayon X1 tərəfindən zəbt edilmiş və hal-hazırda da onun qanunsuz istifadəsindədir. Yuxarıda göstərilənlər 15 saylı Tovuz Ərazi İdarəsinin 23.06.22-ci il tarixli **********14 saylı, xx.xx.2022-ci il tarixli **********0 saylı məktubları ilə də öz təsdiqini tapmışdır. İddiaçı1 məxsus olan və sahibkarlıq məqsədi ilə verilmiş kənd təsərrüfatı təyinatlı 25 sot (0.25 ha) torpaq sahəsinin 0,1554 ha hissəsi 2-ci cavabdeh tərəfindən metal məhəccərə alınmış, qalan 0,0946 ha hissəsi isə Tovuz rayon Diaqnostika Mərkəzi tərəfindən həyətyanı sahə kimi istifadə edilir. Bununla bərabər digər qızı Bağırova (Səfərova) Lalə Telman qızına məxsus olan xx.xx.2001-ci il 9A saylı texniki pasporta əsasən, yuxarıda göstərilən 0,25 ha torpaq sahəsində mövcud olmuş iki mərtəbəli maqazin də cavabdehlər tərəfindən sökülərək məhv edilmişdir. Artıq uzun müddətdir ki, yuxarıda qeyd olunan cavabdehlər ilə rəsmi yazışmalar aparsa da, hər dəfə müxtəlif bəhanələr gətirmiş və Cavabdeh və X2 səlahiyyətli nümayəndələri tərəfindən alternativ eyni keyfiyyətli və ölçüdən digər torpaq sahəsinin verilməsini məlum etsələr də, bütün vədlər sonunda boşa çıxmışdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
13. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
15. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı protokolundan çıxarışa əsasən Diaqnostika Mərkəzi tikintisi altına Dondar Quşçu bələdiyyəsi ərazisindən, Bakı-Qazax avtomobil yolunun sol hissəsindən ölçüləri 150x120 metr olmaqla 1,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 04 saylı sərəncamı ilə Dondar Quşçu kəndi ərazisində X2 qərarı ilə ayrılmış 1,8 ha torpaq sahəsi daxilində rayonun baş memarı ilə razılaşdırılmış layihə əsasında Hemodializ Mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır.
16. Hazırda iddiaçılar həmin torpaq sahəsinin onlara məxsus olduğunu və üçüncü şəxs tərəfindən zəbt edildiyini əsas gətirməklə, sözügedən qərarı və sərəncamın etibarsız sayılmasını xahiş edirlər.
17. Həmin iddia inzibati aktların etibarsızlığının tanınması ilə bağlıdır və müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olubolmamasının aydınlaşdırılmasından ibarətdir.
18. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 2.22. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
19. İnzibati-Prosessual Məcəlləsində müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir.
20. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır.
21. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir.
22. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.
23. Göründüyü kimi qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük – 1) iddiaçının kifayət qədər marağının olması; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması şərtini müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər.
24. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır.
25. Məhkəmə qeyd edir ki, hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur.
26. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl (Tovuz rayonu X2 10 saylı qərarı xx.xx.2007-ci il tarixdə, Cavabdeh başçısının 04 saylı sərəncamı 11 yanvar 2012-ci il tarixdə) qəbul edilmişdir.
27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir.
28. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
29. Bununla da, iddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
30. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
31. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
32. İddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 17 il, sərəncamın qəbulundan 12 ildən çox müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə iddia qaldırmaqla, iddia müddətini ötürmüşlər.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
34. Bu əsasla hazırkı iddia üzrə şifahi məhkəmə baxışı keçirilməsindən imtina olunaraq, müddətin bərpasına dair ərizə vermələri üçün iddiaçılara hüquqi yardım göstərilməsinə məhkəmə zərurət görməmişdir.
35. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
37. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
38. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.
39. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva