Məhkəmə qərarları › İş №2-1(114)-173/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-173/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-173/2021 09.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X28 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilin özəlləşdirilməsi, həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası X28 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Göygöl rayonu, Fizuli küçəsi, mənzil 7-də yaşayır. Həmin mənzil 1970-ci ildə mərhum X1na verilmiş və atası 1970-ci ildən həmin mənzildə yaşamışdır. Sözügedən mənzil əvvəlcə Gəncə RTYM-nin balansında olmuş, 1993-cü ildə Gəncə RTYM 3 saylı R/St-nin balansından alınaraq Göygöl Şəhər İHN-nin balansına verilmişdir. Göygöl şəhər İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx xxxxx 2011-ci il tarixli sərəncamı ilə Göygöl rayon Fizuli qəsəbəsində yerləşən yaşayış sahəsi 46.8 kvm olan mənzilin icarədarlığı mərhum X1nun adına order verilmişdir. X1 xx xxxxxx 2017-ci ildə vəfat etdikdən sonra o, qanunvericiliyə uyğun olaraq 2020-ci ilin fevral ayında mənzilin özəlləşdilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinə cavab olaraq özəlləşdirmənin həyata keçirilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Göygöl rayonu, Fizuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilə dair xx xxxxx 2011-ci il tarixində Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 nömrəli order həmin mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilin özəlləşdirilməsi, həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X21 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Lakin iddiaçı tərəfindən müraciətə əlavə olunmuş order qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmayaraq Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamından çıxarış, xx.xx.2011-ci il tarixli 15 nömrəli orderin surəti, **********725, **********923, **********027 və **********613 nömrəli razılıq ərizələri, xx.xx.1973-cü il tarixli 63 nömrəli evlənmək haqqında şəhadətnamənin surəti, xx.xx.2017-ci il tarixli AZ-İ 886055 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.1983-cü il tarixli İX-ЖГ 332764 nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.2005-ci il tarixli akt, cavabdehin xx.xx.2020ci il tarixli **********88 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********28 nömrəli etirazı və Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli 1519 (forma-2) nömrəli arayışı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İşin faktiki hallarından görünür ki, X6 və X13 xx.xx.1973-cü il tarixdə nikahlarını bağlamış, bu barədə Xanlar rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 63 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Ağakişiyev» arvada isə «Ağakişiyeva» soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 886055 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1983-cü il tarixli İX-ЖГ 332764 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Xanlar rayonunda doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında-X1, ana qrafasında-anası X2 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş Göygöl rayonu, Füzuli qəsəbəsində qeydiyyatda olan X18 (**********725), X19 (**********923), X7 (**********027) və ünvan 1 ünvanında qeydiyyatda olan X9 (**********613) tərəfindən verilmiş ərizələrdən görünür ki, hər biri ayrı-ayrılıqda Göygöl rayonu, ünvan 2 ünvanında yerləşən 3 (üç) otaqlı, yaşayış sahəsi 46.8 kv.m olan 15 nömrəli orderin əsasında yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər, razıdırlar. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamından çıxarışdan görünür ki, Göygöl rayon Fizuli qəsəbəsində yerləşən, yaşayış sahəsi 46.8 kv.m olan 3 (üç) otaqlı mənzilin icarədarlığının X3 adına keçirilməsinə və yeni orderin verilməsinə sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 15 nömrəli orderin surətindən görünür ki, X3 və 7 (yeddi) nəfər ailə üzvlərinin adına Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən order verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli aktdan görünür ki, xx.xx.1994-cü ildə 3 nömrəli radiostansiyadaki, indiki Fizuli qəsəbəsindəki, yaşayış binaları Mənzil- İstismar İdarəsinin balansına verilərkən, təhvil-təslim aparan komissiya Fizuli qəsəbəsindəki bina 7, mənzil 4-ün Ağakişiyev Aydına məxsus olduğunu müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli 2206 (forma-2) nömrəli arayışından görünür ki, X7 həqiqətən Göygöl şəhəri, Fizuli qəsəbəsi, 2-ci küçədə yerləşən, 3 otaqlı, 46.8 kv.m yaşayış sahəsindən ibarət ev 7, mənzil 4 ünvanında yaşayır. Evin mülkiyyət forması Dövlət evidir, evin sahibi mərhum X5r və evdə qeydiyyatda olanlar X7 – arvadı, İddiaçı – oğlu, X19 – qızı, X18 – nəvəsi, X15 – nəvəsi, X8 – gəlini, X10 – nəvəsi, X11 – nəsəindən ibarətdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********88 nömrəli məktubunda bildirmişdir ki, Göygöl rayonu, Fizuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilə dair xx.xx.2011-ci il tarixində Göygöl şəhər İnzibati Ərazi Dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 nömrəli order həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Odur ki, qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş sənədləri 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı qanuni əsaslarla mübahisəli mənzilə istifadə və sahiblik edir və o, 1983-cü il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi x xxxxxxx 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən mərhum X1na verilməsi barədə Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamından çıxarışı və xx.xx.2011-ci il tarixli 15 nömrəli orderin surətini məhkəməyə təqdim etmişdir. Həmin sərəncamdan görünür ki, A.Ağakişiyev öz ailə üzvləri ilə birlikdə Göygöl rayon Fizuli qəsəbəsində yaşayır. A.Ağakişiyev 1968-ci ildən 2009-cu ilə kimi Gəncə RTYM-də işləmiş, 1970-ci ildə ona müəssisənin rəhbərliyi və H/K-tərəfindən 3 nömrəli R/ST-da bina 7 mənzil 4, 3 otaqlı (46.8kv.m) ev verilmiş, 1993-cü ildə 3 nömrəli R/ST-nın balansında olan yaşayış binaları Göygöl şəhər İHN-nin balansına keçirilmiş, lakin mənzilin icarədarına order yazılmamışdır. 1993-cü ildə 3 nömrəli R/ST-nın balansında olan yaşayış binalarının Göygöl şəhər İHN-nin balansına keçirildiyini nəzərə alaraq onun yaşadığı mənzilə order yazılması məqsədə müvafiq sayılmışdır. A.Ağakişiyevin 3 (üç) otaqlı, yaşayış sahəsi 46.8 kv.m olan mənzilin icarədarlığının onun adına keçirilməsinə dair xahişini Azərbaycan Respublikasının Mənzil Məcələsini, vətəndaş A.Ağakişiyevin ərizəsini və toplanmış materialları nəzərə alınaraq Göygöl rayon Fizuli qəsəbəsində yerləşən, yaşayış sahəsi 46.8 kv.m olan 3 (üç) otaqlı mənzilin icarədarlığının X3 adına keçirilməsi və A.Ağakişiyevin adına yeni orderin verilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, Göygöl rayon Fizuli qəsəbəsində yerləşən, yaşayış sahəsi 46.8 kv.m olan 3 (üç) otaqlı mənzil Aydın Ağakişiyevə 1970-ci ildə verilmiş və onun arvadı Xalidə Ağakişiyeva 1971-ci ildən, digər ailə üzvləri isə doğulduqları vaxtdan etibarən həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar (Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2021-ci il tarixli 1519 (forma 2) nömrəli arayışı). Cavabdeh etirazında iddiaçı tərəfindən müraciətə əlavə olunmuş orderin qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun olmayaraq Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilməsinə istinad etsə də, bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının həmin mənzillə bağlı hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (xx.xx.2009-cu il) əvvəl yaranmış, lakin bu faktın rəsmiləşdirilməsi Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamı ilə həyata keçirilmişdir. Belə olan halda, iddiaçının mübahisəli mənzilə dair kirayə hüquqları Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (xx.xx.2009-cu il) əvvəl yarandığından həmin münasibətlər “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikasında mənzil münasibətləri tənzimləyən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərində rayon, qəsəbə kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh tərəfindən formal əsaslarla mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina olunmuşdur. “X27 Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqana “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq mənzilə dair mənzilin icarədarı olması barədə müvafiq sərəncamı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçilər ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq olunmuş ərizələrini, həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya çıxarışın verilməsindən əsassız olaraq imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X28 Xidmətinin Əsasnaməsinin 2.0.5-ci bəndində görə dövlət əmlakın, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin əsas fəaliyyət istiqamətlərindəndir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Göygöl rayonu, ünvan 2-ün özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinəəsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinəəsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu Füzuli qəsəbəsində yerləşən 07/04 nömrəli mənzilin özəlləşdirilməsi, həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar