Məhkəmə qərarları › İş №2-1(114)-173/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-173/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-173/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı Xanlar rayon XDS Rəyasət Heyətinin 29 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya verilmiş və hazırda ünvan 1 ünvanında yerləşən 0,058 ha (580 kv.m) həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı əsasında X4 fərdi yaşayış evinin tikintisi üçün Heyvandarlıq sovxozunun idarə binasının arxa hissəsində olan örüş sahəsindən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Xanlar rayon Heyvandarlıq sovxozunun üzvlərinin xx.xx.1995-ci il tarixli aktı ilə Xanlar XDS-nin Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarı və heyvandarlıq sovxozunun xx.xx.1994-cü il tarixli 64 nömrəli əmrinə əsasən heyvandarlıq sovxozunun torpaq sahəsindən 0,06 hektar ayrılıb heyvandarlıq sovxozunun işçisi X4 fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi yerində ölçüldü və təhvil verilmişdir.

3. Fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair xx.xx.2002-ci il tarixli akta əsasən Xanlar rayon Torpaq şöbəsi Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarına əsasən vətəndaş X4 yaşayış evi tikintisi məqsədi ilə 2-ci küçədə fasadı 20,0 metr, arxa cəhəti 20,0 metr, sol cəhəti 30,0 metr, sağ cəhəti 30,0 metr olmaqla 0,06 hektar müddətsiz istifadə etmək üçün torpaq sahəsi yerində ölçülüb təhvil verilmişdir.

4. Xanlar rayon Dövlət Arxivinin xx.xx.2007-ci il tarixli 1/827 nömrəli arxiv arayışında göstərilmişdir ki, Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı əsasında X4 fərdi yaşayış evinin tikintisi üçün Heyvandarlıq sovxozunun idarə binasının arxa hissəsində olan örüş sahəsindən 0.06 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Qərara əlavə olunmuş siyahıda vətəndaşın adı 31-ci sıra sayında qeydə alınmışdır.

5. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 242 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda yaşayan X4 məxsus Qarabağ məhəlləsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir.

6. İddiaçı həmin torpaq sahəsi üzərində müıkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə bağlı cavabdeh orqana etdiyi müraciətə, həmin orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3390/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizəyə əlavə edilmədiyi, belə ki, faktiki istifadədə olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-xx/xx- 10731/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxiv sənədlərinə istinadən araşdırma nəticəsində müəyyən olundu ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsi əsasında, torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar, əraziyə keçirilən müayinə baxışının nəticəsi olaraq, sözügedən torpaq sahəsinin, elektron baza materiallarına əsasən, Göygöl (Xanlar) şəhəri (X10) ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində qeyd olunan 3595A nömrəli torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmışdır. Elektron baza materiallarında mövcud olan Torpaq islahatı əsasında mülkiyyətə verilən torpaqlara dair adlı siyahıda 3595 A nömrəli torpaq sahəsi, X7 adına qeyd olunmuşdur. Lakin 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv qovluğunda X7 adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-3595A nömrəli Şəhadətnamə sənədi aşkarlanmamışdır. Əlavə araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC -dən əldə olunmuş məlumata əsasən Mərkəzin arxiv sənədlərində də, JN- 3595A nömrəli Şəhadətnamənin nüsxəsinin mövcud olmadığı bildirilmişdir. "xxxx" MMC tərəfindən, torpaq sahələrinə dair subyektlərin siyahısından X7 adı qeyd edilmiş hissədən çıxarışın surəti 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edilmişdir.

8. Həmin məktuba əlavə edilmiş Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə xəritə nömrəsi 3595 olan 0.06 ha torpaq sahəsi X7 adına qeyd edilmişdir.

9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadığından, iş materiallarında mövcud olan şərti olaraq çəkilmiş planda da koordinatların qeyd olunmaması səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. 2) İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim olunan torpaq sahəsi 580.0 kv.m təşkil edir. Həmin faktiki torpaq sahəsinin 537.0 kv.m hissəsinin, JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7 mülkiyyətində olan torpaq sahəsidir. X15 AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1. Həmin müqavilə əsasında X6 adına qeydə alınmış **********69 reyestr nömrəli çıxarışın AA 528734 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi eynilik təşkil etməməklə, fərqli sahələrdə yerləşir. Naturada təqdim olunan faktiki istifadə sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutula sahədir. Torpaq sahəsi üzərində yarımtikili mövcuddur. Elektron kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan faktiki istifadə sahəsi üzərində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hər-hansı subyektin hüquqları qeydə alınmamışdır. 3) Rəy hazırlanarkən, Xanlar rayonu X12 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsaslanılmışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12403/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxiv sənədlərinin araşdırılması zamanı xx.xx.2012-ci il qeydiyyat tarixli **********69 reyestr nömrəli çıxarışa əsasən Göygöl şəhəri ərazisində X6 mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2012-ci il tarixli AA- 010086 saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, X7 adına tərtib olunmuş JN-3595A (kod-********) “Torpağıln mülkiyyətə verilməsinə dair şəhadətnamə”də və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarında öz əksini tapmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olduğu aşkarlanmışdır. Lakin xx.xx.2012-ci il qeydiyyat tarixli **********69 reyestr nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli AA-528734 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları, xx.xx.2012-ci il tarixli AA-010086 saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Belə ki, arxiv sənədlərinə istinadən, xx.xx.2020-ci il tarixli AA-528734 nömrəli plan və ölçü sənədinin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə əsasən tərtib edildiyi müəyyən olunmuşdur.

11. Həmin məktuba əlavə edilmiş: Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə X14 fərdi yaşayış evi tikintisi məqsədilə 0.06 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli JN-3595A KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. xx.xx.2012-ci il tarixli AN-İ 028526 nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 ona məxsus Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsini X1. Həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli AA 528734 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Göygöl şəhəri Qarabağ məhəlləsində yerləşən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş və koordinatlarında düzəliş edilmiş torpaq sahələrinin naturaya uyğunlaşdırılmış Sxemindən göstərilmişdir ki, Göygöl şəhəri, Qarabağ məhəlləsi əırazisində yerləşən vətəndaşların faktiki torpaq sahəsi ilə hüquqi vəziyyət arasında uyğunsuzluq olduğu üçün ərazidə ölmə işləri aparılmış faktiki torpaq sahələrinin döngı nöqtələrinin koordinat nöqtələri vurulmuşdur. Belə ki, bir küçə boyu DT və XK-si tərəfindən tərtib edilən şəhadətnamələr faktiki torpaq sahələri ilə uyğunsuzluq təşkil edir. Həmin şəhadətnamələr əsasında bəzi torpaq sahələrinə hüquqi vəziyyətə uyğun çıxarışlar verilmişdir. Bu səbəbdən ərazidə uyğunsuzluqlar yarandığından DT və XK-si tərəfindən tərtib edilən şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışları faktiki vəziyyətə uyğunlaşdırmaq məqsədə uyğundur. Sxemdə qeyd edilənlər onların iştirakları ilə hazırlanmışdır və gələcəkdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və onun tabeliyində olan qurumlara qarşı heç bir iddiaları olmayacaq. xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı ilə ona verilmiş və hazırda ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon XDS Rəyasət Heyətinin 29 dekabr 1994-cü il tarixli, 12 saylı qərarına əsasən yaşayış evi tikmək üçün ona Göygöl şəhəri, Qarabağ məhəlləsində 0.06 ha həyətyanı torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi həmin tarixdən onun sahibliyində və istifadəsində olmaqla hazırda ünvan 3 ünvanında yerləşməklə orada yaşayış evi tikmişlər. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir sənəd əlavə edilmədiyi, eyni zamanda da torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilir. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi 1994-cü ildən qanuni və əsaslı olaraq onun mülkiyyətimdədir.

14. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Xanlar rayon XDS Rəyasət Heyətinin 29 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya verilmiş və hazırda ünvan 1 ünvanında yerləşən 0,058 ha (580 kv.m) həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

23. İddiaçının vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

25. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin oluinması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Üçüncü şəxs X13 məhkəmə iclasında iddia tələbinə etirazının olmadığını bildirərək, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

28. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun iddiaçının torpaq sahəsinə hər hansı iddiası yoxdur. Lalə Qamanova tərəfindən torpaq sahəsi satılan zaman da onun hazırda istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin yeri göstərilmiş və ona satılmışdır. O, çıxarış alarkən torpaq sahəsinin kooridnatlarında uyğunsuzluq olduğu bildirilmiş və koordinatları faktiki istifadə etdiyi torpaq sahəsinə düzgün işlənilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı; - Xanlar rayon Heyvandarlıq sovxozunun üzvlərinin xx.xx.1995-ci il tarixli aktı; - Fərdi yaşayış evi tikintisi üçün ayrılan torpaqdan istifadə hüququna dair xx.xx.2002-ci il tarixli akt; - Xanlar rayon Dövlət Arxivinin xx.xx.2007-ci il tarixli 1/827 nömrəli arxiv arayışı; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 242 nömrəli sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3390/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-xx/xx- 10731/2023 nömrəli cavab məktubu və həmin məktuba əlavə edilmiş Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12403/2024 nömrəli cavab məktubu; - xx.xx.2006-cı il tarixli JN-3595A KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə; - xx.xx.2012-ci il tarixli AN-İ 028526 nömrəli alqı-satqı müqaviləsi; - xx.xx.2012-ci il tarixli AA 528734 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi; - Göygöl şəhəri Qarabağ məhəlləsində yerləşən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş və koordinatlarında düzəliş edilmiş torpaq sahələrinin naturaya uyğunlaşdırılmış sxemi; - xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Mütəxəssis rəyi; - Ortofotogörüntü.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı əsasında X4 fərdi yaşayış evinin tikintisi üçün Heyvandarlıq sovxozunun idarə binasının arxa hissəsində olan örüş sahəsindən 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Daha sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 242 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda yaşayan X4 məxsus Qarabağ məhəlləsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir.

32. İddiaçı həmin torpaq sahəsi üzərində müıkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması ilə bağlı cavabdeh orqana etdiyi müraciətə, həmin orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3390/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizəyə əlavə edilmədiyi, belə ki, faktiki istifadədə olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

33. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

34. Belə ki, cavabdeh inzibati orqan imtinasını torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd ərizəyə əlavə edilməməsi, belə ki, faktiki istifadədə olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır.

35. Məhkəmə tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsinin naturada dəqqi yerləşmə koordinatları (X və Y) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materialları və arxiv sənədlərində aşkarlanmadığından, iş materiallarında mövcud olan şərti olaraq çəkilmiş planda da, koordinatların qeyd olunmaması səbəbindən, sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı faktiki istifadə sahəsi olaraq təqdim olunan torpaq sahəsi 580.0 kv.m təşkil edir. Həmin faktiki torpaq sahəsinin 537.0 kv.m hissəsinin, JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7 mülkiyyətində olan torpaq sahəsidir. X15, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1. Həmin müqavilə əsasında X6 adına qeydə alınmış **********69 reyestr nömrəli çıxarışın AA 528734 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə, JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi eynilik təşkil etməməklə, fərqli sahələrdə yerləşir. Naturada təqdim olunan faktiki istifadə sahəsi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutula sahədir. Torpaq sahəsi üzərində yarımtikili mövcuddur. Elektron kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan faktiki istifadə sahəsi üzərində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hər-hansı subyektin hüquqları qeydə alınmamışdır. Rəy hazırlanarkən, Xanlar rayonu X12 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsaslanılmışdır.

36. Həmçinin, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12403/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxiv sənədlərinin araşdırılması zamanı xx.xx.2012-ci il qeydiyyat tarixli **********69 reyestr nömrəli çıxarışa əsasən Göygöl şəhəri ərazisində X6 mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2012-ci il tarixli AA-010086 saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, X7 adına tərtib olunmuş JN-3595A (kod-********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də və torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarında öz əksini tapmış 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olduğu aşkarlanmışdır. Lakin xx.xx.2012-ci il qeydiyyat tarixli **********69 reyestr nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli AA-528734 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları, xx.xx.2012-ci il tarixli AA-010086 saylı plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir. Belə ki, arxiv sənədlərinə istinadən, xx.xx.2020-ci il tarixli AA-528734 nömrəli plan və ölçü sənədinin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə əsasən tərtib edildiyi müəyyən olunmuşdur.

37. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofotogörüntüsü ilə müəyyən olunmuşdur ki, Xanlar rayon XDS Rəyasət Heyətinin xx.xx.1994-cü il tarixli 12 nömrəli qərarı ilə İddiaçı verilmiş torpaq sahəsi faktiki sahəsi 580 kv.m-dən ibarətdir və həmin torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı da tələbində 580 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.

38. Həmin torpaq sahəsinin yerini göstərən hər hansı texniki sənədin vətəndaşda yaxud arxivdə olmaması isə vətəndaşın məsuliyyət sferasına aid olan məsələ deyil. Sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsində olmuşdur. Ortofotogörüntü ilə həmçinin müəyyən edilir ki, həmin torpaq sahəsində iddiaçıya məxsus yarımtikili mövcuddur.

39. Bundan başqa, cavabdeh orqanın imtinasının digər əsası faktiki istifadədə olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza və xəritə materiallarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi halıdır. Belə ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab məktubunda qeyd etmişdir. əraziyə keçirilən müayinə baxışının nəticəsi olaraq, sözügedən torpaq sahəsinin, elektron baza materiallarına əsasən, Göygöl (Xanlar) şəhəri (X10) ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində qeyd olunan 3595A nömrəli torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmışdır.

40. Lakin məhkəmə tərəfindən həmin dəlil araşdırılaraq, müəyyən edilmişdir ki, əslində iddiaçının iddia etdiyi və naturada təqdim etdiyi 580 kv.m torpaq sahəsinin 537.0 kv.m hissəsi kompleks yerquruluşu layihəsində JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7 mülkiyyətinə verilmiş sahəyə düşsə də, X15, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X2 və həmin müqavilə əsasında X6 hüquqları qeydə alınarkən Göygöl rayonu Qarabağ məhəlləsində vətəndaşların faktiki torpaq sahələri ilə hüquqi vəziyyət arasında uyğunsuzluq olduğu üçün ərazidə ölçmə işləri aparılmış və bu uyğunsuzluqları aradan qaldırmaq üçün torpaq sahələrinin, o cümlədən X8 məxsus torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, bu barədə sxem tərtib edilmişdir.

41. Yəni, JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X7 mülkiyyətinə verilmiş sahə hazırda X6 adına qeydə alınmiş sahə deyildir.

42. Mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, X6 adına qeydə alınmış **********69 reyestr nömrəli çıxarışın AA 528734 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə, JN-3595A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi eynilik təşkil etməməklə, fərqli sahələrdə yerləşir.

43. Ona görə də, məhkəmə həmin dəlili əsassız sayaraq, hüququn qeydiyyatından imtina üçün əsas saymır.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

45. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi Xanlar Rayon Xalq X9 Heyətinin xx.xx.1994-cü il tarixli 12 saylı qərarı ilə ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır.

46. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

47. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.

48. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

49. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,058 ha (580 kv.m) həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Xanlar rayon XDS Rəyasət Heyətinin 29 dekabr 1994-cü il tarixli 12 saylı qərarı ilə iddiaçıya verilmiş və hazırda ünvan 1 ünvanında yerləşən 0,058 ha (580 kv.m) həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar