Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1732/2020 30.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmiş, bu barədə “Məşğulluq” altsistemi (bundan sonra mətndə MAS) tərəfindən iddiaçıya mobil telefon vasitəsilə SMS göndərilməmişdir. Bununla razılaşmayan iddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Nazirliyin 142 çağrı mərkəzi ilə əlaqə saxlamış, lakin onun müraciətlərinə rəsmi olaraq SMS vasitəsi ilə cavab verilmədiyindən xx.xx.2020-ci il tarixdə “4 (dörd) dəfə verilmiş birdəfəlik ödənişlərin ona ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianın rədd edilməsi barədə etiraz verərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra mətndə Qərar) ilə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minumumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra mətndə Qanun) əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin Qaydanın 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və xx.xx.2020-ci il tarixədək MASda işsiz kimi qeydiyyatı olan şəxslərə ödənilir. Bununla yanaşı həmin Qaydaların 2.3.9-cü (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildiriş" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara) və 2.3.10-cu (əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə) yarımbəndində göstərilən kateqoriyadan olan şəxslərə ödənilmir. Habelə sözügedən Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir və birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün həmin Qaydanın 3.8-ci bəndində göstərildiyi kimi işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbayca Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. İddiaçı yuxarıda qeyd olunan müddətdə MAS-da işsiz kimi qeydiyyatdan keçməmiş (işsiz kimi qeydiyyat tarixi xx.xx.2020-ci il) və iddiaçı e- Sosialdan məlumatlarını daxil edərək arvadı barədə məlumatı daxil etməmişdir. Sözügedən məlumatların daxil edilməməsi həmin Qaydanın 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya tətbiqini mümkünsüz etmişdir. Göstərilən səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir(Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Alt Sistemindən çıxarışlar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin arayışları, elektron poçt göndərişlərindən çıxarışlar, SMS məlumatlar və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan hərəkətsizlik göstərdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci tarixli 127 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir (bənd 1.2). Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir (bənd 1.3). Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, işsiz şəxslərə - 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (bənd 2.2.1), pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə (bənd 2.2.2) bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir (bənd 2.2): İş materiallarındakı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışlarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz statusu verilmişdir. Bundan əlavə iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 423 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Məmmədov X3 Gülnarə Natiq qızı ilə nikaha daxil olmuş, ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın:- - 2.3-cü bəndinə görə Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: - 2.3.1-ci bəndinə görə ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; - 2.3.2-ci bəndinə görə əmək pensiyaçılarına; - 2.3.3-cü bəndinə görə aylıq müavinət alanlara; - 2.3.4-cü bəndinə görə aylıq təqaüd alanlara; - 2.3.5-ci bəndinə görə özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; - 2.3.6-cı bəndinə görə işsizlikdən sığorta ödənişi alanlara; - 2.3.9-cu bəndinə görə əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; - 2.3.10-cu bəndinə görə əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. - 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. -3.4-cü bəndinə əsasən MAS tərəfindən bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsi ilə sms göndərilir və onun eletron kabinetinə əsəlandırılmış bildiriş yerləşdirilir. - 3.8-ci bəndinə görə bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. İş materiallarında olan iddiaçının arvadı X2 pasportundan görünür ki, iddiaçının arvadı Rusiya vətəndaşıdır.İddiaçı e-sosialda məlumatları daxil edərkən arvadı barədə məlumatı daxil etməmişdir. Onun arvadı Rusiya Federasiyasında qeydiyyatda olduğundan “Qayda”-nın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində yoxlanılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Qaydanın yuxarıda qeyd edilən tələblərinə əsasən, cavabdeh tərəfindən iddiaçının aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtinası qanuni olmuşdur. Belə ki, iddiaçı yuxarıda qeyd olunan Qaydanın tələblərinə əsasən ailə üzvləri (arvadı) barədə məlumatları yerləşdirmədiyindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlikedən: UsaməddinOsmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1732/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1732/2020
30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver