Məhkəmə qərarları › İş №2-1(114)-1739/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1739/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1739/2022 24.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 25 il işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan illərin sosial sığorta stajına daxil edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1972-ci ildən etibarən əmək fəaliyyətinə başlamışdır. Hazırda yaşla əlaqədar əmək pensiyasına çıxmaq niyyətindədir. Bununla bağlı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdikdə ona bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək haqqı kitablarında adına rast gəlinməyib, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər möhürlə təsdiq edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün olmaması, həmçinin 12 saylı Mənzil İstismar sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasında göstərilən bu dövrlər əmək stajı kimi təsdiqlənmir. O, cavabdehin bu hərəkətini və cavabını qanunsuz və əsassız hesab edir. Hesab edir ki, onun 25 il müddətdə sosial sığorta stajının müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 24 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1988-ci il tarixli, İT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr) 5 il 1 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 il 2 ay sığorta stajına uyğun olaraq 1.565.45 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021 il tarixədək 1.966.85 manat olmaqla, ümumilikdə 3.532.30 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 23.040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.1988-ci il tarixdə iddiaçının adına tərtib olunmuş İT-İ № ******* saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlər möhürlə təsdiq edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. X6 rayon filialının xx.xx.2022-ci il tarixli, № 29 saylı məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək haqqı kitablarında iddiaçının adına rast gəlinməyib. X7 rayon filialının xx.xx.2022-ci il tarixli, № 230(56)/3 saylı məktubuna əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan »əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməyib. İddiaçının adına aktiv əmək müqaviləsi (Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi) olduğu üçün məşğul şəxs hesab edildiyindən yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşla xx.xx.2019-cu il tarixdə yaranır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İş materiallarına xx.xx.2022-ci il tarixli, 113 nömrəli və 114 nömrəli arxiv arayışları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubu, xx.xx.2021-ci il tarixli, 216 nömrəli arxiv arayışı və xx.xx.2021-ci il tarixli, 1663 nömrəli arayış, XX.05.1974-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, iddiaşıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.1988-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surəti, Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 151 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli, 668(163)/3 nömrəli məktubu, pensiya işinin təsdiqlənmiş surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək və xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda olan dövrlər möhürlə təsdiq edilmədiyindən, Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək haqqı kitablarında iddiaçının adına rast gəlinmədiyindən və Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsinin xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan »əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Halbuki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyi dövr iddiaçıya məxsus xx.xx.1988-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında və Samux rayon Dövlət Arxivinin arxiv arayışında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının və arxiv arayışının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan xx.xx.1988-ci il tarixli, İT-İ ******* nömrəli nömrəli əmək kitabçasından və Samux rayon Dövlət Arxivinin arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, iddiaçı X1 iddia ərizəsində hüququ yarandığı tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı X1 xx.xx.1955-ci il təvəllüdlüdür və xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyi dövr də daxil edilməklə, cəmi 26 il 5 ay 23 gün sığorta stajı vardır və bu cavabdeh orqanının imtina və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Samux rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Samux rayon “Azərbaycan” üzüm istehsalı və emalı müəssisəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Gəncə şəhəri 12 saylı Mənzil İstismar sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar