Məhkəmə qərarları › İş №2-1(114)-1739/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1739/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1739/2023 15.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə müvafiq quruma məlumat verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X5 barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2008-ci il tarixli 36 saylı ölüm akt qeydinin aparılması əsası olaraq verilən ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsinə rəsmi məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində tərəfindən Ağdam Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydinin ləğv edilməsi vəzifəsinin Ağdam Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmə icraatı gedişatında iddia ərziəsinin geri götürülməsi səbəbindən məhkəmə qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Ötən müddət ərzində həyat yoldaşı X2 adına Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2008-ci il tarixli 36 saylı ölüm akt qeydinin və müvafiq olaraq eyni tarixli AZ-İ 297550 nömrəli “ölüm haqqında” şəhadətnamənin qüvvədə qalmış olması məcburi köçkün ailəsi üzvü kimi onun və digər ailə üzvlərinin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olmaqdadır. Belə ki, xx.xx.1981-ci ildə həyat yoldaşı X5 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və bu nikahdan iki övladıları anadan olmuşdur. xx.xx.1993-cü il tarixinədək Ağdam şəhəri Q.Əliyev küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşamışlar. Həyat yoldaşı İ qrup əlil olmuşdur. Ağdamın ermənilər tərəfindən işğalından 10 gün öncədən oğlu Bəhmənin Ağcabədi rayon Mərkəzi Xəstəxanasında sarılıq xəstəliyindən müalicəsi ilə əlaqədar digər oğlu ilə birlikdə Ağcabədi rayonunda olmuşdur. Həyat yoldaşı Ağdam işğal olunan gün evlərində olmuşdur və Ağdamın işğalından sonra bügünədək onun itkin düşməsi və ya ölməsi barədə heç bir məhumat ala bilməmişlər. xx.xx.2005-ci il tarixdə həyat yoldaşı X5 barəsində X6 Komitəsində axtarış sorğusu açılmış və həmin sorğu hələ də bağlanmamışdır. BQXK-nin bununla bağlı xx.xx.2021-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edilir. Həyat yoldaşının ölmüş və ya itkin düşmüş elan edilməsi ilə əlaqədar nə o, nə də ki, övladları tərəfindən məhkəməyə müraciət edilməmiş və bu barədə heç bir məhkəmə aktı və digər rəsmi sənəd mövcud deyildir. Buna baxmayaraq onlarda olan məlumata əsasən tarixi və digər zəruri rekvizitləri barədə məlumatlarının olmadığı Ağdam Rayon Mərkəzi Xəstəxanasının verdiyi ölüm haqqında tibbi arayış əsasən Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən yuxarıda qeyd olunan ölüm haqqında şəhadətnamə verilmiş və həyat yoldaşının ölüm səbəbi hər hansı əsas olmadan qanunsuz şəkildə “diabetli koma” olaraq müəyyən olunmuşdur. Ağdam Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2008-ci il tarixli ölüm akt qeydinin və müvafiq olaraq eyni tarixli AZ-İ 297550 nömrəli ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olan ölüm faktına dair tibbi şəhadətnamənin surətinin təqdim edilməsinə dair tərəfindən müraciət edilsə də, qeydiyyat şöbəsi tərəfindən cavab verilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş və sonuncu məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X10 Komitəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X5 barəsində xx.xx.2005-ci il tarixdə BQXK-da axtarış sorğusu açılmış və hələ də bağlanmamışdır. -surəti işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli, AA seriyalı 028902 nömrəli vəsiqədən görünür ki, iddiaçı məcburi köçkün statusuna malikdir. -surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 297550 nömrəli «ölüm haqqında» şəhadətnamədən görünür ki, X5 xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda diabetli koma səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008 ilin 04 ayının 01 günündə 36 nömrə ilə qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1981-ci il tarixli, İİ-ЖГ 391550 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X5 ilə X4 arasında xx.xx.1981-ci il tarixdə nikah bağanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1981-ci ilin mart ayının 4 günündə 6 nömrə ilə qeyd edilmişdir. - Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-21/2-102/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma nəticəsində “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin arxivində XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına müalicə alıb-almaması, xəstəxanada qeydiyyata alınıb-almaması ilə bağlı hər hansı bir tibbi sənəd (ambulator tibbi karta və s. sənədlər) aşkar edilməmişdir. “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinkası 2006-ci il üzrə ölüm aktlarını qeyd etmə jurnalında qeyd olunan siyahıda sıra nömrəsi 149, verilmə tarixi xx.xx.2006-nın qarşısında X2 adı qeyd olunmuşdur. Mərhum XX.XX.1921-ci il təvəllüdlü Ağdam rayonu, Gülablı kəndində anadan olmuş X2 adına “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin arxivində ölüm haqqında şəhadətnamənin verilməsini təsdiq edən tibbi sənədin əsli və ya surəti aşkarlanmamışdır. -surəti işə əlavə edilmiş Ağdam Rayon Mərkəzi Xəstəxanasının Poliklinkası 2006-ci il üzrə “ölüm aktlarını qeyd etmə” jurnalından çıxarışdan görünür ki, X5 barəsində xx.xx.2006-cı il tarixdə ölüm haqqında tibbi şəhadətnamə tərtib edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli, 36 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1993-cü il tarixdə Ağdam şəhərində “diabetli koma” səbəbindən ölmüş və bu barədə Həsənova (Nəbiyeva) Suraya Bəhmən qızı tərəfindən xəbər verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyyət baxımından da əsaslı deyil. Belə ki, iddiaçı həyat yoldaşı X2 Ağdam şəhərinin erməni qəsbkarları tərəfindən işğalı zamanı evlərində olduğunu, hal-hazıradək sonuncunun ölməsi, yaxud itkin düşməsi barədə məlumatın olmadığını bildirmiş və bu barədə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsassız olduğunu qeyd edərək, sözügedən tibbi şəhadətnamənin ləğv edilməsini tələb edir. İddiaçı bu halı məcburi köçkün ailəsi kimi özünün və ailə üzvlərinin hüquqlarının pozulması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 barəsində tərtib edilmiş ölüm haqqında akt qeydi Ağdam şəhər Poliklinikasının tərtib etdiyi sənədlər əsasında aparılmış, yəni ölüm haqqında tibbi şəhadətnamə cavabeh qurum tərəfindən tərtib edilmişdir. Lakin həmin şəhadətnamənin əsli və surəti arxivdə aşkarlanmamış, yalnız bu barədə qeydiyyat jurnalında aparılmış qeyd müəyyən edimişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməməsinin qanuni maraqlarını pozmasını qeyd etsə də bunun hansı “maraqları” olmasını əsaslandırmamış və bu barədə, həmçinin X5 barəsində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsassız olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunanlarla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”-nın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2-ci bəndinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3-cü bəndinə əsasən ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.5-1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə müvafiq quruma məlumat verilməsi barədə iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi və bu barədə müvafiq quruma məlumat verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar