Məhkəmə qərarları › İş №2-1(114)-174/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-174/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-174/2021 10.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğvi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və yenidən ikinci dərəcəli əlillik təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Naxçıvan şəhəri N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət zamanı ağciyərinin yuxarı payının infitrativ vərəmi aşkar edilmişdir. Ondan sonra onu xidmətdən yararsız olduğu üçün tərxis etmişlər. Ondan sonra ona Dövlət Sosial sığorta Şirkətindən 6600 manat sığorta verilmiş və xx.xx.2009-cu ildən xəstəliyi barəsində sosial pensiya verilmiş, xx xxxx 2015-ci il sosial pensiyası kəsilmişdir. Yəni ki, 5 il müddətində pensiya almış, Tovuz rayonu vərəm xəstəxanasının baş həkimi tərəfindən VTEK-dən keçə bilməmişdir. Hər dəfə müraciət etdikcə deyilmişdir ki, VTEK gələndə ona bildiriləcək, ondan sonra o, pensiya ala biləcəkdir. Daha sonra bir dəfə Gəncə şəhəri Vərəm xəstəxanasında, sonra 3 dəfə Tovuz rayonu vərəm xəstəxanasında yatmışdır. Buna baxmayaraq forma 88 vurulmuş Tovuz rayonundan rədd cavabı gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələb qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən göndəriş verilməsi üçün əsas kimi şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması nəzərdə tutulub. Səhiyyə müəssisəsinin 0321003AALNR saylı göndərişi xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş, müalicə günlərinin sayı yetərli olmadığından, xəstənin əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı olduğundan əlilliyin təyinindən imtina edilmişdir. Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyindən, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmadığından İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə prosesinə gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia mübahisələndirmə haqında iddia tələbidir və iddia üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1-ci maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0321003AALNR saylı göndəriş əsasında Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, müalicə günlərinin sayı yetərli olmadığından, xəstə İddiaçı əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı olduğundan əlilliyin təyinindən imtina edilmiş, xəstəyə “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq. TÇ İİ dərəcə. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktuv xəstəliyi. Xroniki bronxitin kəskinləşməsi bronxoobs truktuv sindromla” diaqnozu qoyulmuşdur. Göründüyü kimi hazırkı inzibati iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsi əsasında müalicə günlərinin sayı yetərli olmadığı göstərilmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı etirazında bildirmişdir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən göndəriş verilməsi üçün əsas kimi şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması nəzərdə tutulub. İş materiallarında olan X2 üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin X1 Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 899 saylı göndərişində qeyd olunur ki, İddiaçı Rza oğlu 1990-cı il təvəllüdlü Tovuz rayon Düz Cırdaxan kənd sakini ambulator müayinə üçün (Spiroqramma ilə) Diaqnoz: Sağ ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi. 0321003AAK19 saylı göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, əlavə müalicəyə ehtiyacın olması, xəstə İddiaçı əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı olduğundan əlilliyin təyinindən imtina edilmiş, xəstəyə “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq. TÇ İİ dərəcə. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktuv xəstəliyi. Xroniki bronxitin kəskinləşməsi bronxoobs truktuv sindromla” diaqnozu qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının 393249 nömrəli müayinə aktından çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ikinci qrup əlik kimi qiymətləndirilmiş TSEK diaqnozu ağciyərlərin infiltrativ vərəminin infiltrasiyası mərhələsidir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, xəstə İddiaçı xəstəliyi ikinci dərəcə əlillik kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci yarım bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci yarım bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci yarım bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü yarım bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü yarım bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci yarım bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.5.1-ci yarım bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsaslardan biridir. - 1.5.2-ci yarım bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) göndəriş verilməsi üçün digər əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Belə ki, şəxsin əlilliyinin qiymətləndirilməsi halı inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh orqan tərəfindən İddiaçı xəstəyə “Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla. Sağ ağciyərin infiltrativ vərəmi dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq. TÇ İİ dərəcə. Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktuv xəstəliyi. Xroniki bronxitin kəskinləşməsi bronxoobs truktuv sindromla” diaqnozu qoyulmasına baxmayaraq müalicə günlərinin sayı yetərli olmadığını əsas gətirərək əlilliyin təyinindən imtina edilmişdir. Halbuki inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul edilən zaman (xx.xx.2020-ci il tarixdə) qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.2-ci yarım bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) göndəriş verilməsi üçün digər əsasdır. Belə ki, iddiaçıya vərəm xəstəliyi ilə əlaqədar diaqnoz qoyulmasına baxmayaraq onun barəsində qeyd edilən “Qayda”nın 1.5.2-ci yarım bəndi tətbiq olunmalı olduğu halda 1.5.1-ci yarım bəndi tətbiq olunmuşdur. Yəni mübahisələndirilən inzibati aktda imtinanın səbəbi kimi yalnız müalicə günlərinin yetərli olmaması qeyd edilsə də, qiymtələndirilmə aparılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydada dərmanlara davamlı vərəm formalarında göndərişin verilməsi zamanı göstərilən müddətlərin gözlənilməməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı əlilliyinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi məsələsi zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi məsələsi zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar