Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-174/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə götürdüyü öhdəliklərin icra edilməyən hissəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 1 ünvan hesabına enləndirilən yola görə cavabdehin üzərinə götürdüyü öhdəliklərin icra etmədiyi hissəsinə görə 60.000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhərinin baş planına uyğun olaraq, Nizami prospektində yolun genişlənməsi zamanı iddiaçının mülkiyyətində olan ünvan 1 evin bir hissəsi həmin genişləndirmənin təsiri altına düşmüş və Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bunun üçün iddiaçı və digər mülkiyyətçi X6 ilə razılaşma imzalanmış və Gəncə Şəhəri İcra Hakimiyyəti öz üzərinə onun üçün Gəncə şəhəri, Kimyaçılar küçəsində 3 otaqlı təmirli mənzilin verilməsi, Avtozavod yolu ərazisindən 4 sot torpaq sahəsinin ayrılmasını, ayrılmış torpaq sahəsində iki yaşayış otağı, mətbəx, hamam-tualet tikilməsi, zirzəmi və hovuzun tikilməsini öz üzərinə götürmüşdür. Qeyd edilən razılaşma ilə əlaqədər akt tərtib edilmiş və həmin akta Cavabdeh Başçısı Aparatının Memarlıq və tikinti bölməsinin müdiri baş memar Əli Rüstəmli, Nizami rayon bələdiyyəsinin sədri Xanlar Hacıyev, Memarlıq və Şəhərsalma İdarəsinin Şəhərsal- Memarlıq nəzarəti müfəttişliyinin baş müfəttişi G.Rzayev, Memarlıq və Şəhərsalma İdarəsinin mühəndisi – A.Həsənzadə imza etmişdir. Qeyd edilən aktın icrası ilə əlaqədar bir sıra hərəkətlər edilmişdir. Belə ki, 25 may 2012-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 224 saylı sərəncamı verilmişdir. Lakin cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti üzərinə götürüdüyü öhdəliyi sona qədər yerinə yetirməmiş, üzərinə götürdüyü tikintilərin heç birini həyata keçirməmişdir. Yalnız iddiaçıya Kimyaçılar küçəsində 3 otaqlı ev vermişdir. İddiaçı hesab edir ki, Gəncə Şəhəri İcra Hakimiyyətinin hərəkəti qanunsuz hesab edilməli, onun mülkiyyətində olan torpaq sahəsi hesabına genişləndirilən yola görə cavabdehin üzərinə götürdüyü öhdəliyin tam icra edilməsi üçün ona 60000 manat kompensasiya ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri, Kimyaçılar küçəsində verilmiş evi 30.000 manata satmışdır, ona İcra Hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsi boşdur, tikinti aparılmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2/6 hissədə X4, 1/6 hissədə X5 və 3/6 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, ümumi birgə mülkiyyətçilərdən X7 xx.xx.2003-cü il tarixdə, X10 isə xx.xx.1992-ci il tarixdə ölmüşlər. -xx.xx.2021-ci il tarxli, A-31/2-152/21/1 nömrəli Cavabdeh başçısının aparatının məktubundan görünür ki, İddiaçı məxsus evin sökülməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı qərar verilməmiş, eyni zamanda ona yeni yaşayış evinin tikilməsi ilə bağlı öhdəlik götürülməmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 224 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2012ci il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Nizami prospekti 177 nömrəli evin sökülməsi ilə əlaqədar olaraq mənzil sahibi İddiaçı Gəncə şəhəri, Kimyaçılar küçəsi 11 nömrəli evin 8 nömrəli mənzilinin yaşayış sahəsi 38,0 kv.m-dən ibarət üç otağında yerləşdirilməsi və onun adına şəxsi hesab açılması qərara alınmışdır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubundan görünür ki, Gəncə « ASAN xidmət » mərkəzində fəaliyyət göstərən notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2322 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 8 saylı mənzil İddiaçı tərəfindən 30.000 manat müqabilində X1, qeyd edilən müqaviləyə əsasən X2 adına xx.xx.2016-cı il tarixli, **********48-05101-093009 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-077/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 177 saylı fərdi yaşayış evinin 2012-ci ildəki bazar qiyməti 67000 manat, həmin evin texniki pasportunda göstərilmiş qanunsuz tikililərin 2012ci il tarixə hər kv.m sahəsi üçün 150 manat, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin 2012-ci il tarixə olan bazar qiyməti 6000 manat təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhərinin baş planına uyğun olaraq, Nizami prospektində yolun genişlənməsi zamanı iddiaçının mülkiyyətində olan ünvan 1 evin bir hissəsi həmin genişləndirmənin təsiri altına düşmüş və Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bunun üçün iddiaçı və digər mülkiyyətçi X6 ilə razılaşma imzalanmış və Gəncə Şəhəri İcra Hakimiyyəti öz üzərinə müəyyən öhdəliklər götürmüş, lakin qeyd olunan öhdəlikləri tam icra etməmişdir. İddiaçı Gəncə Şəhəri İcra Hakimiyyətinin üzərinə götürdüyü öhdəliyin tam icra etmədiyinə görə ümumilikdə ona 60000 manat kompensasiya ödəməsini tələb etmiş, cavabdeh orqan isə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Cavabdeh orqanın imtina məktubundan göründüyü kimi, sonuncu iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyi, həmçinin iddiaçıya yeni yaşayış evinin tikilməsi ilə bağlı öhdəlik götürülmədiyi bildirilmişdir. Məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, şəhərin baş planına uyğun olaraq yolun genişləndirilməsi də şəhərsalma fəaliyyətinə aiddir, bu baxımdan müvafiq ərazidə həyata keçirilən yolun genişləndirilməsi birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilə bilərdi. Deməli iddiaçıya vurulmuş ziyanın yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmışdır. Həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş aktdan da göründüyü kimi, iddiaçının mülkiyyətində olan ünvan 1 evin bir hissəsi həmin genişləndirmənin təsiri altına düşmüş və Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bunun üçün iddiaçı və digər mülkiyyətçi X6 ilə razılaşma imzalanmış və Gəncə Şəhəri İcra Hakimiyyəti öz üzərinə onun üçün Gəncə şəhəri, Kimyaçılar küçəsində 3 otaqlı təmirli mənzilin verilməsi, Avtozavod yolu ərazisindən 4 sot torpaq sahəsinin ayrılmasını, ayrılmış torpaq sahəsində iki yaşayış otağı, mətbəx, hamam-tualet tikilməsi, zirzəmi və hovuzun tikilməsini öz üzərinə götürmüşdür. Qeyd edilən aktın icrası ilə əlaqədar 25 may 2012-ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsindəki 400.0 kv.m torpaq sahəsinin ayrılmasına dair Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 224 nömrəli sərəncamı, eyni zamanda Gəncə şəhəri, Kimyaçılar küçəsində 3 otaqlı yaşayış evi verilmişdir. Beləliklə, müəyyən olunur ki, iddiaçıya məxsus olmuş yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün sökülmüşdür, bunun müqabilində cavabdeh orqan üzərinə müəyyən öhdəliklər götürmüş, lakin öhdəliklərini tam icra etməmişdir. Sözügedən mübahisə ilə bağlı məhkəmə bir sıra qanunvericilik aktlarını vurğulamağı məqsədəmüvafıq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən sökülmüş həmin yaşayış sahəsi və digər tikililərə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililər üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin tikililərdən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin iddiaçının mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasmın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafıq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Həmin maddədə göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir.Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir.Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfındən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X8rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmin qərarda həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Daha sonra, Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafıq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir. «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə göstərilmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. «Akverdiyev Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə vurğulanmışdır ki, əmlaka sahib olmaq "mövcud əmlakın sahibliyi" ilə məhdudlaşmır. O, həmçinin aktivləri, və ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə biləcəyinə dair ağlabatan və "legitim gözləntinin" olmasını iddia edə biləcək tələbləri də ahatə edir. Gözlənti o zaman legitimdir ki, o, qanunvericiliyin müddəası və ya sözü gedən əmlak maraqlarına toxunan hüquqi akt əsasında yaranmış olsun. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanuni mülkiyyətində olmuş torpaq sahəsi və yaşayış evi dövlət ehtiyacları üçün alınsa da, eləcə də sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı müvafiq tikililər (örtülü eyvan, zirzəmi, hamam və.s) dövlət ehtiyacları üçün sökülsə də, cavabdeh tərəfindən iddiaçıya müvafiq həcmdə kompensasiya ödənilməmişdir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndirmə işi üzrə mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 177 saylı fərdi yaşayış evinin 2012-ci ildəki bazar qiyməti 67000 manat, həmin evin texniki pasportunda göstərilmiş qanunsuz tikililərin 2012ci il tarixə hər kv.m sahəsi üçün 150 manat, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin 2012-ci il tarixə olan bazar qiyməti 6000 manat təşkil edir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklərdən yalnız 2-si icra edilmiş, yəni razılaşmaya əsasən iddiaçıya Gəncə şəhəri, Kimyaçılar küçəsində 3 otaqlı ev verilmiş, eyni zamanda Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsi ayrılmışdır. Beləliklə, müvafiq mütəxəssis rəyinə əsasən iddiaçıya dəymiş zərərin məbləği Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 177 saylı fərdi yaşayış evinə görə 67000 (altmış yeddi min) manat, eləcə də həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 104.3 kv.m olan qanunsuz tikililərə görə isə 15645 (on beş min altı yüz qırx beş) manat olmaqla ümumilikdə 82645 (səksən iki min altı yüz qırx beş) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin icrası məqsədilə iddiaçıya verilmiş Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinin bazar qiyməti isə mütəxəssis rəyinə əsasən 6000 (altı min) manat dəyərində müəyyənləşdirilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona kompensasiya şəklində verilmiş mənzili xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 (otuz min) manata başqa şəxsə satmışdır. Deməli iddiaçıya verilmiş evin və torpaq sahəsinin ümumi dəyəri 36000 (otuz altı min) manat olmuşdur. İddiaçı ümumilikdə cavabdehdən 60000 manat kompensasiya alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan məbləğdə kompensasiya tələb etsə də, həmin məbləği hansı meyar əsasında hesabladığını əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə iddiaçıya dəymiş zərəri müvafiq mütəxəssis rəyinə əsasən hesablanmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği ilə ona verilmiş ev və torpaq sahəsinin dəyəri arasında olan fərq məbləği qədər kompensasiya ödənilməlidir. Başqa sözlə, iddiaçıya ümumilikdə 82.645 manat ziyan dəymiş, həmin məbləğin bir hissəsi (36000) ona kompensaiya şəklində ödənilmiş, 46645 (qırx altı min altı yüz qırx beş) manat hissəsi isə ödənilmədiyindən həmin məbləğ cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli, LP-077/2022 nömrəli mütəxəssis rəyinin verilməsinə görə 300 (üç yüz) manat məhkəmə xərci də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 46645 (qırx altı min altı yüz qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 300 (üç yüz) manat ekspertiza xərci tutularaq -"xxxx" MMC-nin, VÖEN **********, "xxxx" ASC Yasamal filialı, kod: 512565, VÖEN ********** (bankın VÖENi), H/h:AZ30AZRT********************, M/h:AZ02NABZ******************** SWİFT AZRT AZ 22 saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-174/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-174/2022
09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver