Məhkəmə qərarları › İş №2-1(114)-174/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-174/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-174/2023 28.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-0070( KOD ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıya və ailə üzvlərinə verilən 2.05 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN-0070 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair “ dövlət aktına əsasən verilmiş Samux rayonu, Zazalı kəndi ərazisində yerləşən 1.02 ha torpaq sahəsi üzərində X4 və X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2465/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1970-ci il tarixdə Samux Rayon Zazalı kəndində doğulmuşdur və hal-hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən xx.xx.1998-ci il tarixli 20 nömrəli ( JN- 0070, KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona ailə üzvləri ilə birlikdə cizgidə göstərilən sərhəd daxilində 2.05 ha( kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün) torpaq sahəsi verilmişdir, lakin Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən xx.xx.1998-ci il tarixli 70 nömrəli (JN-0070, KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən ailə üzvlərindən arvadı- X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin elektron bazasında yanlışlıqla qardaşı X6 qızları X11 və X12 isə yanlışlıqla digər qardaşı X8 Dövlət Aktında ailə üzvləri kimi qeyd edilmişdir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini bildirmişdir. Həmçinin 06 dekabr 2022-ci il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, müraciətə əlavə edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0070 saylı ( KOD ********) dövlət aktında mülkiyyətçi İddiaçı Həbin oğluna məxsus 0.51 ha torpaq sahəsi qeyd olunmuşdur, lakin İddiaçı tərəfindən təqdim olunmuş sənəddə “Torpağa mülkiyyət hüququna dair “ JN-0070 saylı ( KOD 50706018 ) dövlət aktında mülkiyyətçi İddiaçı məxsus 2.05 ha torpaq sahəsi kimi qeyd olunmuşdur. Torpağa müayinə baxışı keçirilmiş və həmin müayinə baxışı zamanı İddiaçı faktiki istifadə etdiyi ərazi Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Vətəndaş tərəfindən faktiki istifadə edilən ərazi X16 və onun ailə üzvlərinə məxsus Samux rayonu, Zazalı kəndində yerləşən 2.05 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair “ xx.xx.1998-ci il tarixli , JN-062 saylı ( KOD ********) saylı dövlət aktının 62 C və X14 və onun ailə üzvlərinə məxsus Samux rayonu, Zazalı kəndində yerləşən 2.57 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1998-ci il tarixli , JN-60 saylı ( KOD ********) saylı dövlət aktının 62 D konturları ilə üst-üstə düşmə müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısınn Zazalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilən 02 mart 2022-ci il tarixli, 83 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı Samux rayonu Zazalı kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2022-cı il tarixli, JN-0070 KOD 50706018 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 1998-ci il tarixli, 70 nömrəli qərarı ilə İddiaçı Samux rayonu, Zazalı kəndində yerləşən 0.51 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********37 nömrəli məktubunda iddiaçıya məxsus müraciətə əlavə edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0070 saylı dövlət aktında mülkiyyətçi İddiaçı Həbin oğluna məxsus 0.50 ha torpaq sahəsinin Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə ayrıldığı və bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda JN-0070 saylı dövlət aktında torpaq sahəsi 2,05 ha olmaqla, iddiaçının X1 , X4 və X5 adına olmasına baxmayaraq 3 saylı Gəncə Ərazi İdarəsinin arxivində saxlanılan JN-0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nda torpaq sahəsi 0,51 ha olmaqla yalnız iddiaçının adına olması müəyyən edilmişdir. Samux Rayonu, Zazalı kəndində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 0,51 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən xx.xx.1998-ci il tarixli 20 nömrəli ( JN-0070, KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona ailə üzvləri ilə birlikdə cizgidə göstərilən sərhəd daxilində 2.05 ha( kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün) torpaq sahəsi verildiyini iddia etsə də “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1998-ci il tarixli, JN-0070 KOD-50706018 saylı Dövlət Aktında yalnız İddiaçı Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli, 01 nömrəli qərarı ilə 0.51 ha torpaq sahəsi mülkiyyətinə verilib. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən daxil olmuş 3-21-3-33/2- 1721/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki,arxiv sənədlərinin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə ərazi İdarəsinə müraciəti zamanı təqdim etdiyi, özü və ailə üzvlərinin adına tərtib olunmuş JN-0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair “ dövlət aktı 2,05 ha torpaq sahəsinə dair tərtib olunmuşdur. Torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqların öz əksini tapdığı, ərazinin kompleks yerquruluşu layihəsi və adlı siyahıda, 70 nömrəli sahə 0.51 ha olmaqla yalnız İddiaçı adına qeyd olunmuş və arxiv sənədlərində də, mövcud olan JN-0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı, 0.51 ha torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuşdur. JN-0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktın əsasən 2.05 ha torpaq sahəsi xüsusi mülkiyyətə aiddir. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün nəzərdə tutulmuşdur. Mülkiyyətçilər həmin torpaq sahəsindən faktiki istifadə etmirlər. Sözügedən torpaq sahəsi ilə iddiaçının həyətyanı torpaq sahəsi üat-üstə düşmür.JN-0070 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2.05 ha torpaq sahəsinin iki hissədən ( 70 C-10261.56 kv.m və 70 D-10261.01 kv.m) ibarət olduğu, 70 C-10261.56 kv.m hissənin bütünlüklə X15 və X2 ümumi mülkiyyətlərində olan torpaq sahəsi ilə, 70 D- 10261.01 kv.m hissənin 5124.81 kv.m hissənin isə X7, X13 və X5 ümumi mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, iddiaçı JN-0070 nömrəli, 50706018 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ailə üzvlərinin qeyd olunmadığını bildirsədə, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı yalnız İddiaçı verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı JN-0070 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair “ dövlət aktına əsasən verilmiş Samux rayonu, Zazalı kəndi ərazisində yerləşən 1.02 ha torpaq sahəsi üzərində X4 və X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar